Günümüzdə həm boşanmaların çoxluğu, həm də aliment və onu ödəməkdən boyun qaçırma olduqca aktualdır.
Ailə Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulub ki, uşaqların saxlanılması üçün aliment sabit pul məbləğində tutulur. Ailə Məcəlləsinə əsasən, valideyn aliment ödəməzsə, məhkəmənin qərarı ilə hər ay müəyyən miqdarda şəxsdən pul tutulur. Çox zaman valideyn aliment pulunu ödəməkdən boyun qaçırır. Bu kimi halların qarşısını alınması üçün isə Aliment Fondunun yaradılması zəruri hala çevirilib. Fondun yaradılması dəfələrlə müzakirə olunsa da, hələlik addım atılmayıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Cümhuriyət”-ə açıqlamasında deyib ki, fond mütləq yaradılmalıdır:
“Aliment Fondunun yaradılması həm məsuliyyət halı, həm də sosial dəstək sayılır. Boşanmış ailələrdə fiziki, psixoloji zorakılığa məruz qalan, qadınlara, uşaqlara dəstəyin göstərilməsi mütləqdir. Buna görə də fondun yaradılması vacibdir. Tərəflərin məsuliyyətlərini yerinə yetirməsi üçün uşaqların sığortalanması üçün Aliment Fondu yaradılmalıdır. Xüsusilə, uşaqların maraqları üçün Aliment Fondu nəzərdə tutulub. Boşanmış ailələrdə aliment məsələsinə məhkəmələrdə baxılana qədər Aliment Fondunun fəaliyyəti çox vacibdir.
Macarıstan, Fransa, Almaniya və Böyük Britaniyada buna oxşar fondlar yaradılıb, adları fərqlidir. Bu da uşaqların maraqları, onların ehtiyacları üçün nəzərdə tutulub”.
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Cümhuriyət”-ə açıqlamasında deyib ki, mexanizmlərin daha aydın, daha hüquqi aspektlərinin tətbiqinə görə proses ləngiyir:
“Aliment fondu artıq uzun müddətdir ki müzakirə predemetinə çevrilib. Bu mövzu ilə bağlı çoxsaylı təkliflər səsləndirilib. Düşünürəm ki, mexanizmlərin daha aydın, daha hüquqi aspektlərinin tətbiqinə görə ləngimə var. Əslində burada mövzunun ilk meyarı olan pulun haradan ayrılacağıdır. Dövlət büdcəsindənmi? Ehtimal edirəm ki, məsələnin həllində büdcənin müəyyənləşdirilməsi önəmlidir. Digər məsələ alimentin ödənilməsindən yayınanlarla bağlı data bazanın hazırlanmasıdır ki, bu bazadan sonra proqnozlaşdırma aparılır və büdcə müəyyən edilir.
Üçüncü məsələ alimenti ödəməyən şəxsdən məbləğin geri alınması prosedurdur. Məsələn, bir çoxları təklif edirlər ki, həmin şəxslər məcburi əməyə cəlb edilməklə o pulu geri almaq olar. Digər tərəfdən isə qanunvericilik məcburi əməyi qadağan edir. Əsas məqamlar bundan ibarətdir ki, ölkədə bu sahədə məşğul olan şəxslər beynəlxalq təcrübəni öyrənir və Azərbaycan reallığına tətbiq etməyə çalışır. Amma alimentin ödənilməsiylə bağlı hazırda bir sıra tədbirlərin tətbiqi mümkündür. Eləcə də büdcədən ödənilən məbləğin sosial yardım qismində deyil, ödəməyən şəxsdən geri alınması mexanizmi hələ tam aydın deyil”.