Ali təhsil müəssisələrinə qəbulda plan yerləri artırılacaq. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında növbəti illərdə qəbul planının artırılacağını deyib. Nazir qeyd edib ki, 2026-cı ilə kimi qəbul planının 75 min olması hədəflənir. Maraqlıdır, qəbul planının artırılması keçid ballarına necə təsir edəcək? Məlum olduğu kimi, hər il keçid balları aşağı salınır, bu da daha çox abituriyentin universitetlərə qəbul olmasına şərait yaradır. Keçid ballarının aşağı düşməsinin tədrisin keyfiyyətinə təsir etdiyini düşünənlər də var.
Təhsil eksperti Adil Vəliyev Demokrat.az-a açıqlamasında ali təhsil müəssisələrinə qəbul planının kifayət qədər artırıldığını deyib:
“Qəbul planı artırıldıqca dövlət sifarişli yerlərin sayı da artır, daha çox tələbə pulsuz təhsil ala bilir. Azərbaycanda bir çox valideyn övladının ali məktəbə qəbul olmasını istəyir. Azərbaycanda tələbə adını qazana bilməyən abituriyentlər attestatla xaricdə təhsil almağa gedirlər. Nəticədə biz həm maddi, həm də mənəvi baxımdan gənclərimizi itirmiş oluruq. Əgər bir gənc Azərbaycanda universitetə daxil ola bilmirsə, onun xarici ölkədə xarici dildə təhsil alması da çətin olur. Kifayət qədər maddi vəsait xaricə axır”.
Ekspert plan yerlərinin hər il artırılmasının müsbət hal olduğunu hesab edir:
“Daha çox gənc ali təhsil ala biləcək. Plan yerlərinin artırılması tədrisin keyfiyyətinə elə də təsir edən amil deyil. Təhsilin keyfiyyətini keçid balları ilə ölçmək doğru deyil, az hallarda bu, təhsilin keyfiyyətinə təsir edə bilər. Universitetlərdə tələbat duyulan müasir ixtisaslar tədris olunmalıdır. Əmək bazarının tələblərinə uyğun kadr yetişdirmək bizim əsas məqsədimiz olmalıdır”.