“Pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsini böyük narazılıq yaradan bir hərəkət hesab edirik”. Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli açıqlamasında bildirib. Deputatın sözlərinə görə, artıq 3-cü aydır ki, ölkəmizdə pensiyalarının verilməsi ilə bağlı geçikmələr müşahidə olunur: “Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, ayın 15-i verilirdi. Bayramlarada pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi. Pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı. Çünki pensiyaçıların xeyli hissəsinin evlərinin yaxınlığındakı və ya ərki keçən mağazaya borcu var və mağazanın nisyə dəftərindəki həmin borcun bir hissəsini ödəməlidir ki, bayram üçün nəsə almağa üzü olsun”. Ə.Məsimli bildirib ki, pensiyaçılar bu rejimə uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit götürüblər. Onların pensiya kartları birbaşa həmin kreditlərin ödənilməsinə yönəldilir. Belə bir vəziyyətdə qrafikin dəyişilməsi böyük narazılıq yaradır: “Pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir. Yox,əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə onda təklif edirik ki, pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunsun”-deyə deputat vurğulayıb. Ə.Məsimli deyib ki, banklar pensiyslsrın verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etməlidir: “Banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın. Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyirlər. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur”.