Qarabağda İspaniya və Fransa variantı: Moskva görüşündən bir gün sonra...
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Zaur müəllim, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Laçın yolunda Ermənistanın humanitar yardım adı altında təxribat törətdiyi bir ərəfədə bu telefon danışığının mahiyyətini necə şərh etmək olar?

- ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə telefon zəngi vacib idi. Çünki Entoni Blinken Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində biləvasitə iştirak edir. O, birbaşa olaraq Bakı və İrəvan arasında hansı məsələlərin müzakirə edildiyindən xəbərdardır. Bu telefon danışığında da Azərbaycan Prezidenti Ermənistanın danışıqlardan uzaqlaşdığını və təxribat yaratdığı bildirib. Eyni zamanda Cənubi Qafqaz ətrafında baş verən məsələlərin də burada müzakirə edildiyi istisna edilmir.

- Rusiyada baş tutan görüşlərin səhəri humanitar yardım adı altında təxribata əl atmaqla Nikol Paşinyan nəyə nail olmaq istəyirdi?

- Moskva görüşünün səhəri Ermənistanın Azərbaycanı xəbərdar etmədən humanitar yüklər göndərməsinə şahidlik etdik. Bu, əlbəttə ki, açıq təxribat idi. Çünki Nikol Paşinyanın bununla nəyə olacağı bəlli deyil. Ermənistanın Qarabağla bağlı belə bir təklifi vardısa, bunu görüş zamanı Azərbaycan tərəfinə deyə bilərdi. Brüssel və yaxud Moskva görüşlərində bunu etmək olardı. Amma bu olmadı və Ermənistan bilərəkdən təxribata əl atdı. Bununla vaxtı uzatdı. Ona görə də, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasında maraqlı olan tərəflər də bilməlidir ki, erməni tərəfi götürdüyü öhədlikləri üzərindən atmağa çalışır. Bunun üçün qarşı tərəf Azərbaycanı təqsirkar kimi göstərməyə can atır. Bununla da sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyinin olmadığını ortaya qoyur.

- Burada erməni tərəfinin öhdəliyi nədən ibarət idi?

- Ermənistan tərəfi qanunsuz hərbi birləşmələrini Qarabağdan çıxartmalıdır. Bunun ardınca isə sülh sənədinə imza atmalıdır. Məsələnin kökündə əslində bu dayanır. Qərb və digər tərəflər də bilməlidir ki, məsələdən hər hansı başqa bir problem tapmağa ehtiyac yoxdur.

- Sizcə, burada məsələnin kökündə hansı amil dayanır?

- Qarabağın Dağlıq hissəsində hələ də separatçılar var. Onlar açıq-aşkar Azərbaycana inteqrasiya olmayacaqlarını bildirir. Qeyd edirlər ki, biz Ermənistanın baş nazirinin imzalayacağı sülh sənədini tanımayacayıq. Belə olan halda məsələnin kökündə başlıca problem nədirsə, onu həll etmək lazımdır.

- Başlıca problem və əngəl nədir?

- Hazırda bu məsələlərdə ən böyük problem separatizmdir. Beynəlxalq Qızıl Xaç Komitəsindən tutmuş ayrı-ayrı ölkələrin səfirlikləri və təşkilatlar tərəfindən hal-hazırda Laçın yolundakı hümanitar vəziyyətlə bağlı məlumatlar da ciddi deyil. Çünki burada söhbətin kimə hümanitar yardım aparılmasından və nədən getdiyi tam aydınlaşmalıdır. Fakt odur ki, 10 illərlə separatçılıq erməni mülki əhalisinin qorunması adı altında dəstəklənib. Amma bundan sonra onların dəstəklənməsinə göz yumulmayacaq. Separatizm burada məhv ediləcək. Hər dövlət və təşkilat da bilir ki, separatçılıq problem kimi boğulmalıdır. Məhz bundan sonra yerli əhali ilə paytaxt arasında dialoqun baş tutması təmin edilə bilər. Bu İspaniya, Fransa və digər Avropa ölkələrində də belə olub. Ona görə də, həmin məsələlərə bir cür, Azərbaycandakı separatizmə başqa cür yanaşmaq haqsızlıqdır.

- Ağdam-Xankəndi yolundan imtina ilə bağlı israrlı davranışın arxasında nələr dayanır? Bu onların təbirincə desək separatizmin sonunu necə gətirəcək?

- Bu yol ona görə təklif edilib ki, inteqrasiya lazımdır. Nə qədər ki, Laçın yolu birtərəfli şəkildə Ermənistan və Qarabağ arasında işləyəcək o qədər çox biz reinteqrasiyadan danışa bilməyəcəyik. Əgər Qarabağ Azərbaycan ərazisidirsə, ilk olaraq onlar bizim daxili yollarımızdan istifadə etməlidir. Bununla yanaşı Azərbaycanın inteqrasiya təklifini qəbul etməlidirlər. Azərbaycan Laçın yolundan onların keçidi üçün sərbəst şərait yaratdı. Onlar da öz istədikləri kimi buradan istifadə etdi. Amma rəsmi Bakı onlara göstərdi ki, bu belə olmayacaq. Laçın yolundan onların istədikləri kimi istifadəsinə icazə verilməyəcək. Bu yolun fəlsəfəsi var və buna uyğun davranılmalıdır. Azərbaycan üçün Ağdam-Xankəndi yolu prioritetdir. Bu yoldan mütləq şəkildə istifadə edilməlidir. Yerli regionun iqtisadi imkanlarının artırılması üçün bu yol daha əlverişlidir.

Dünyapress TV

Xəbər lenti