Gürcüstanda keçirilən parlament seçkilərində iştirak edən 18 koalisiya və partiyadan yalnız 5-i 5%-lik bariyeri keçə bilib. Bunlar isə hakim "Gürcü Arzusu" partiyası və prezident Salome Zurabişvilinin seçkidən əvvəl ortaq "Gürcü Xartiyası" sazişini imzalayan: "Dəyişiklik Naminə Koalisiya", "Birlik—Milli Hərəkat", "Güclü Gürcüstan","Gürcüstan Üçün Qaxariya" seçki bloklarıdır. Yəni parlament yaınız "Gürcü Arzusu" və "Gürcü Xartiyası" deputatlarından ibarətdir. Bu gün isə "Gürcü Xartiyası"nı imzalayan 4 blok ortaq bəyanat yayaraq, seçkinin nəticələrini tanımadığını, həmçinin deputatların mandatlarından imtina edəcəklərini qeyd edib. 50 nəfərə yaxın deputat mandatı olan "Gürcü Xartiyası"nın parlamentdən imtina etməsi hökuməti çətin duruma salacaq. Belə ki, qısa müddət sonra Gürcüstanda prezident seçkiləri keçirilməlidir. Gürcüstan qanunvericiliyənə görə Gürcüstan prezidenti 300 nəfərlik seçki kollegiyası tərəfindən seçiləcək. Kollegiyaya Gürcüstan parlamentinin bütün üzvləri (150 deputat), Abxaziya Ali Şurasının bütün üzvləri (20 deputat), Acarıstan Ali Şurasının bütün üzvləri (21 deputat) və bələdiyyə şuralarından 109 nəfər daxildir. Əgər azı 45 nəfər deputat istefa verərsə prezident seçkiləri keçirilə bilməz. Üstəlik "Gürcü Arzusu" parlamentdə konstitusion üstünlük üçün tələb olunan 100 deputat mandatını qazana bilmədiyi üçün prezident Salome Zurabişviliyə qarşı impinçment qaldırmaq hüququnuda itirir. İrakli Qarebaşvili isə mövcud vəziyyətdə hökuməti qurmaq üçün ciddi problemlər yaşayacaq. "Gürcü Xartiyası" deputat mandatlarından istefa verəcəyi halda hökumətin qarşısında 3 seçim qalır: 1. Parlament seçkiləri yenidən keçirilir. 2. Parlament seçkiləri əvəzinə, boş qalan yerlərə ara seçkilər keçirilir. 3. Heç bir seçki keçirilmir, parlament 90 nəfərdən ibarət "Gürcü Arzusu" partiyasından ibarət olur. 1-ci halda heç şübhəsiz hakimiyyət məğlubiyyətə uğrayacaq. 2-ci halda isə böyük ehtimalla "Gürcü Xartiyası" seçkini boykot edəcək. 3-cü situasiyada isə "Gürcü Arzusu" öz legitimliyini itirəcək. Çünki bu halda parlamentdə yalnız bir partiya mövcud olacaq və Gürcüstanın yeni prezidentini seçmək üçün yetərsay təmin olunmayacaq. Həsən Türksoy TEREF