Rusiyadan İrana qarşı şok addım:
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- İran Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığında yenə də Zəngəzur dəhlizinə qarşı çıxdı. Rəisi həmişəki kimi deyir ki, İran üçün regionda geosiyasi dəyişiklik qəbuledilməzdir. Maraqlıdır: İran niyə Zəngəzur dəhlizini özünə qarşı “təhlükə” və “bölgədə geosiyasi dəyişiklik” kimi görür?

- Əvvəla, onların söylədikləri tamamilə əllaməlikdir. Onda gərək hansısa bir dövlət öz ərazisində tikinti işləri aparmaya, çünki İranın “meyar”ına görə bu, “geosiyasi dəyişiklik” olacaq.

İkincisi, İran bölgədə qoluzorluluq etmək eşqinə düşüb. Bu davranışlarının hamısı da heç kimə yox, Azərbaycana qarşı yönəlib. Azərbaycan bölgədə beynəlxalq əhəmiyyətli layihə həyata keçirməyə çalışan kimi, bu, dərhal İranın etirazı və yalnış yozumu ilə qarşılaşır. İndi İran prezidentinə başa salmaq lazımdır ki, bu, sovet dönəmində mövcud olmuş yolun bir hissəsidir. İndi həmin yolun yenidən bərpa edilməsi nəzərdə tutulur.

İran niyə sovet dönəmində ən azı 50 il mövcud olmuş bu dəmir və şose yollarına geosiyasi tarazlığın pozulması kimi baxmadı, itaətkarlıqla bunu qəbul etdi?

Xəzər dənizinin statusu ilə bağlı SSRİ ilə imzalanmış müqaviləyə uyğun olaraq, İran Sovet İttifaqının tələbi ilə bu su hövzəsində bir qayıq belə saxlaya bilməmişdi. İran Xəzərdən çimərlik kimi istifadə etməkdən uzağa gedə bilməmişdi. İndi isə Xəzərdə hərbi donanması var. Bir sözlə, bu bölgədə salınacaq infrastruktur yeni layihə deyil, bu, sadəcə əvvəllər mövcud olmuş proyektin dirçəldilməsi prosesidir. Üstəgəl, buna ən çox ehtiyacı olan Rusiyadır.

Qərblə əlaqələri kəsildikdən və beynəlxalq sanksiyalar iqtisadiyyatını böhranlı hala gətirdikdən sonra Rusiya üzünü cənuba doğru çevirib. Məsələn, Azərbaycan, Türkiyə, İran, BƏƏ və digər ərəb ölkələrindən nəfəslik kimi istifadə etmək niyyətindədir.

Bu nəfəsliyi isə ona Zəngəzur dəhlizi verə bilər. Rusiya son zamanlarda bunun önəmini daha yaxşı anlamağa başlayıb və təkidlə bunu həyata keçirməyə çalışır.

İran bu məsələdə Rusiyaya etiraz edə bilmir. Buna baxmayaraq, özünün və ermənilərin dili ilə sırf Azərbaycanın iqtisadi maraqları olduğuna görə bunu tənqid edir, buna qarşı çıxır.

İran bununla bağlı əvvəllər öz mollalarını və erməni deputatlarını danışdırırdısa, indi Ermənistan rəhbərliyini də əks-təbliğatına cəlb edir. Bu, başqa dövlətin daxili işlərinə qarışmaqdır. İranın SSRİ dönəmində uzun illər region ölkələrindən heç biri ilə əlaqələri olmayıb.

Üstəgəl, o dönəmdə həftədə bir dəfə Moskvadan Tehrana sərnişin qatarı gedirdi. Bu qatar da bu marşrut üzrə hərəkət edirdi. Yəni bu, yeni presedent deyil, əvvəllər mövcud olmuş layihənin yeni dövrün şərtlərinə uyğunlaşdırılması deməkdir. Üstəlik, bunun bir qolu İran ərazisinə ayrılacaq. Rusiya ilə ticarətinin böyük hissəsini bu yol üzərində edə bilər.

Rusiya-Türkiyə ticarət əlaqələrinin böyük hissəsi də bu yol üzərindən həyata keçiriləcək. Rusiya bu yoldan istifadə edərək, İrandan Dubaya qədər çıxış əldə etmək istəyir. Azərbaycan yolun öz üzərinə düşən hissəsinin xərclərini özü çəkəcək, Çin, Rusiya, İran və digər bir sıra ölkələr də bundan bəhrələnəcəklər.

Belə olan halda, bunun ətrafında “şou” yaratmaq, havaya boş təhdidlər sovurmaq, guya bunun hansısa geosiyasi nəticələrinin olacağı barədə xəyallar qurmaq nəyə lazımdır? Bu, bir neçə dövlətin milli maraqlarına uyğun olan iqtisadi layihədir və geosiyasi şərtlərə heç bir əlavə etməyəcək.

Ola bilsin ki, bundan sonra Türkiyənin digər türk ölkələri ilə əlaqələri daha intensivləşsin. Bundan sizə nə? Yaxud siz etiraz edirsiniz deyə, bu qədər dövlət öz layihələrini həyata keçirməkdən imtina etməlidir? Bunlar çox absurd fikirlərdir. İranın etirazından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Bundan sonra İranın hansı üzlə bu dəhlizdən istifadə edəcəyini söyləməkdə çətinlik çəkirəm.

- Erməni mətbuatı Rusiyanın Ermənistanın İranla sərhədini gücləndirdiyini, modul tipli hərbi bazalar yaratdığını yazır. Bəs bu nə ilə əlaqəli ola bilər? Məsələn, erməni mənbələri əsas məqsədin İranın Zəngəzur istiqamətində təxribatlarına mane olmaq olduğunu iddia edir.

- Rusiya bilir ki, Azərbaycan İranla sərhədlərini ciddi surətdə qoruyur, narkotik qaçaqmalçılığının qarşısını alır. Buna görə də narkotik axınının üzü İran-Ermənistan sərhədinə yönəlib. İrandan pərvazlanan narkotik şəbəkə öz yükünün böyük hissəsini Rusiya, digər hissəsini isə Avropaya yönəldir.

İran-Ermənistan sərhədi Kolumbiyadan sonra dünyanın ikinci ən böyük narko-biznes məkanına çevrilib. Bir sözlə, Rusiya Əfqanıstan və İrandan gələn narko-trafikin önünü bağlamaq üçün bu addımı ata bilər. Onsuz da Ermənistanın İranla sərhədlərini Rusiyanın sərhəd qoşunları qoruyur. İndi burada bir qədər də gücləndirilmiş iş rejimi yaradır, modul tipli əlavə postlar qurur. Ermənistan öz sərhədlərinin təhlükəsizliyini Rusiyaya həvalə edib.

Hesab edirəm ki, Rusiya Zəngəzur dəhlizinin açılması yönündə Azərbaycanla birlikdə hərəkət edir. Bu dəhlizin İran və Ermənistana iqtisadi faydaları məsələsinin üzərində çox dayanmaq istəmirəm. Amma bu, bütün region ölkələrinə hava-su kimi lazım olan əlaqə yoludur. Zənnimcə, bu məsələdən “geosiyasi nəticələr” çıxarmaq məntiqli deyil. Sizin molla təfəkkürünüzdən irəli gələn zərərli ideologiyanızı Aralıq hövzəsi və bütün Qafqaza yaymaq kimi militarist mövqeyinizə uymadığına görə belə iddialarla çıxış edirsiniz.

Bölgədəki bu gəlişmələr İranın zərərinə yox, xeyrinə ola bilər. Əgər söhbət bütün bölgənin iqtisadi inkişafına təkan verəcək dəmir və şose yollarının açılmasından gedirsə və bu gəlişmə İrandan kənarda baş verirsə, buna belə məntiqsiz, elmi-hüquqi əsaslardan məhrum bir qavrayışla yanaşmaq, özünü gülünc vəziyyətə salmaq deməkdir.

Siz sadəcə ürək bulandırırsınız, bundan uzağa gedə biləcək hərəkətlər etmək iqtidarında deyilsiniz. Bununla təsdiqlənir ki, sizə qarşı tətbiq olunan sanksiyaların məntiqi səbəbləri var imiş. Qərb və bir sıra ölkələr bu səbəblərin aradan qaldırılması istiqamətində hərəkət edirlər.

- Laçın şəhəri və Zabux kəndində qanunsuz yerləşdirilmiş erməni ailələri bu ərazilərdən çıxarılır, prosesin yaxın günlərdə tamamlanacağı deyilir. Bu fonda isə Xankəndi və ətraf ərazilərdəki qanunsuz silahlı birləşmələrin çıxarılacağı da gündəmdədir. Bu gəlişmələrdən gözləntiniz necədir?

- Məncə, Azərbaycan üçün müsbət hadisələr baş verir. Laçın şəhəri, Zabux və Sis kəndlərində yaşayan ermənilər bir neçə il əvvəl Livandan bura köçürülüblər. Yəni onların etiraz etmək hüquqları yoxdur. Onlar 10 noyabr anlaşmasına uyğun olaraq, çoxdan bu əraziləri tərk etməli idilər, yəni iki il artıq qalıblar. İndi ermənilər oranı tərk etməli və Azərbaycan vətəndaşları bu ərazilərə qayıtmalıdır, qayıdacaqlar.

Azərbaycanın qalan ərazilərdə də suverenliyi bərpa olunur. Bu yöndə də kifayət qədər uğurlarımız var. Azərbaycan Ordusu və güc strukturlarının Qarabağın dağlıq hissəsindəki yaşayış məntəqələrinə nəzarət etmək imkanlarına malikdir. Bura Xankəndi və digər ərazilər də aiddir.

Son gəlişmələr Azərbaycan vətəndaşları üçün təhlükə yarada biləcək istənilən nöqtədə antiterror əməliyyatları keçirmək üçün böyük perspektivlər yaradıb. Zənnimcə, proses dayanmadan həyata keçiriləcək və Azərbaycanın bu ərazilərdə tam suverenliyinin bərpa olunması ilə başa çatacaq. Buna da aylar, illər lazım olmayacaq, bu, bu ilin içində mütləq tamamlanacaq. Bu, sülh sazişinin imzalanmasının önünü açacaq.

Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması baş tutacaq. Bu dövrdə də infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən, Zəngəzur dəhlizinin açılması prosesi də başa çatacaq. Bölgə iqtisadi dirçəliş və rifah yoluna qədəm qoyacaq. İllərdir regionda davam edən hərbi qarşıdurma və toqquşmalar gündəmdən çıxacaq və bölgə əmin-amanlığa qovuşacaq.
 
 

Dünyapress TV

Xəbər lenti