Azərbaycanda yüksəksəviyyəli futbolçu niyə yetişmir?
Azərbaycanda yüksəksəviyyəli futbolçu yetişmir. Ölkə çempionatında çıxış edən klubların aşağı yaş qruplarından ibarət komandalarında gələcək vəd edən futbolçuları daha sonra böyük klubların heyətində görmək mümkün olmur. İllər boyunca inkişaf yolunda müəyyən addımlar atılsa da, hələ ki ciddi dəyişiklik nəzərə çarpmır.

"Report" problemin səbəblərini aydınlaşdırmaq üçün Misli Premyer Liqasında çıxış edən klubların Futbol Akademiyalarına rəhbərlik edən şəxslərə - koordinatorlara müraciət edib.

Aftandil Hacıyev ("Qarabağ"): "Hələ ki bizdə yüksəksəviyyəli futbolçu yetişdirmək alınmır. Bunun bir çox səbəbləri var. Lakin başlıca səbəblərindən biri ölkəmizdə yetərincə futbol meydançalarının və infrastrukturun olmamasıdır. Aşağı yaşlı oyunçuların çıxış etdiyi liqalarda rəqabətin az olması da bu məsələyə mənfi təsir göstərir. Uşaq futboluna yanaşmamızı dəyişməliyik. Bu sahəyə diqqət çoxalarsa, düşünürəm ki, problemlər də hissə-hissə aradan qalxacaq. Bizdə gələcək vəd edən uşaqlar var. Lazımi işlər görülsə, onları səviyyəsi yüksək olan liqalara göndərmək olar. Ancaq uşaq futboluna yanaşma hər kəs tərəfindən eyni olmalıdır".

Ülfət Mədətov ("Turan Tovuz"): "Bu barədə qısaca nəsə demək mümkün deyil, uzun müzakirə tələb edən sualdır. Səbəb çoxdur. Premyer Liqada komanda sayının azlığı, bölgələrdə infrastrukturun zəif olması, uşaq və gənc komandaların beynəlxalq təcrübələrinin yetərsizlyi, məşqçilərin maariflənməsi və təcrübələrinin artırılması üçün görüləcək tədbirlərin sayının çox olmaması, keçid dövründə istedadlı futbolçuların əsgərlik vaxtının çatması, uşaq futboluna maliyyənin kifayət qədər yatırılmaması və yaxud lazımi istiqamətə yatırılmamasını nümunə göstərmək olar. Artıq AFFA-da yeni rəhbərlik var. Gələcəyə baxmalıyıq. Ümid edirəm ki, qısa müddətdə hazırlanacaq inkişaf strategiyasında geri qalmağımızın bütün səbəbləri araşdırılacaq və bütün bəndlər orada yer alacaq.

Turan Tovuz futbol akademiyası olaraq qısa müddətdə irəliləyişə nail olmuşuq. Müəyyən layihələrə start vermişik. 500-dən çox uşaq və yeniyetmə akademiyamızın üzvüdür. Seleksiya sayəsində ölkəmizin bütün bölgələrindən istedadlı futbolçuları seçib sıralarımıza qatmışıq. Tovuza yaxın rayonlarda - Qazax, Ağstafa, Şəmkirdə bölmələrimiz fəaliyyət göstərir. Kütləviliyə önəm veririk. Bölgədə olan istedadlı uşaqların hamısını diqqət mərkəzində saxlayırıq. Tovuzun ən ucqar kəndlərində də qruplar yaratmağı nəzərdə tutmuşuq və fəaliyyətə başlamışıq. Bundan başqa, məktəbli layihəsinə start veririk. Mütəmadi olaraq məşqçilərimiz məktəblərdə seçimlər edir, istedadlı uşaqları nəzarətə götürür. Milli komandalara 10-a yaxın uşaq veririk. Yaxın gələcəkdə onların arasından həm əsas komandamıza, həm də yığmaya layiqli futbolçuların qoşulacağına inanırıq".

Sakit Rzayev ("Araz-Naxçıvan"): "Bu, uzun illərdir futbol ictimaiyyətinin bir-birinə verdiyi sualdır. Mən bir məsələni xüsusi vurğulamaq istəyərdim. Verdiyiniz sualda "yetişmək" sözünü "inkişaf"la əvəzləsək, daha məqsədəuyğun olar. Çünki yetişdirməkdən əvvəl inkişaf etməyimiz lazımdır. Problem o qədər çoxdur ki, haradan başlayıb, harada bitirəcəyimi bilmirəm. Deyirlər ki, futbolda təshil olmalıdır. Amma bu nədi, necə olmalıdır? İzah edən yoxdur. Bəs klub, komanda olmaq nədir? Bunu da düzgün meyarlar və əsaslar ilə başa salan yoxdur. Müasir futbol layihələri deyib ortaya düşürlər, amma həyata keçirə bilmirlər. Futbol bir çox elmləri özündə cəmləyən yeganə idman növüdür. Biz səviyyəli futbol təhsili istəyiriksə, akademiya adını verdiyimiz müəssisələrdə bütün detallara elmi tərəfdən yanaşmalıyıq. Avropanın bir çox komponentdə irəlidə olmasının səbəbi budur. Məncə, futbolçu kimyəvi laboratoriyadır. Burada ani səhv partlayışla nəticələnirsə, oyunçunun inkişafında doğru qurulmayan məşq prosesləri və gözəyarı planlar da onun qarşısını alır. Futbolçuları qınaq obyektinə çevirmək əvəzinə, hər birini düzgün və elmi əsaslar üzrə inkişaf etdirməliyik".

Adino Mustedanaqiç ("Sabah"): "Bu suala qısa cavab vermək mümkün deyil, amma ümumiləşdirməyə çalışacağam. Buna təsir edən əsas faktorlardan biri ətraf mühitdir. Düşünürəm ki, Azərbaycanda istedadlı uşaqlar çoxdur. Əslində, biz "Sabah"da da buna şahid olmuşuq. Zaqreb "Dinamo"suna göndərdiyimiz uşaqların çoxu orada olan məşqçilər tərəfindən bəyənilib. Bəzi sənədləşmə məsələləri imkan versəydi, hətta onları orada saxlayardılar da. Təbii ki, bu zaman sual yaranır: bu uşaq Xorvatiya kimi ölkədə yetişsəydi, necə olardı? Fərqli mühitdə olsalar, hansı səviyyədə olardılar?

Uşaqlar da bitkilər kimi, sadəcə, böyüməyə can atırlar. Bitkilər ancaq imkan yaradıldığı qədər böyüyə bilərlər. Siz onu az miqdarda işıq və su ilə təmin etsəniz, o daha az və zəif inkişaf edəcək. Futbolçu olmaq istəyən azərbaycanlı uşaqlar da belədir. Onlar böyüyürlər və bizim onlara yaratdığımız şəraitə uyğunlaşırlar. Burada onlar üçün daha asan olmalı olduğunu demirəm, lakin daha rəqabətli mühitdə daha yüksəkkeyfiyyətli futbola uyğunlaşa bilərlər. Bu şəraiti təmin etmək təkcə klublar və məşqçilərdən asılı deyil. Çünki onlar da əsasən Azərbaycanın mövcud futbol mühitinə uyğunlaşırlar. Bu məsələ Azərbaycanda ümumilikdə uşaqlar üçün futbol mühitini formalaşdıran, yaradan bütün insanlara şamil olunur.

Azərbaycanda çoxlu istedadlı uşaqlar var. Onların güləş kimi digər idman növlərində uğurları var. Azərbaycan xalqı futbolu sevir və getdikcə daha çox insan bu idman növünə maraq göstərir, izləyir. Onlar daha yaxşı futbola layiqdirlər ki, bu da yalnız daha yaxşı yerli oyunçularla mümkündür... Gələcək nəsillər üçün qəhrəmana çevrilmək üçün. Bəlkə də bu sual ölkədə niyə keyfiyyətli oyunçu yetişməməsi ilə bağlı yox, bunun üçün mövcud şəraitin olmaması ilə bağlı olmalı idi".

Zaur Həşimov ("Zirə"): "Biz ölkə olaraq yüksəksəviyyəli futbolçu yetişdirməyə indi hazır deyilik. Buna səbəb kimi infrastrukturun olmamasi və lazımi səviyyədə maariflənmiş uşaq məşqçilərinin sayının azlığını göstərmək olar. Xüsusi istedadı olan uşaqlara qayğı az göstərilir. Bəzən onların yüksək səviyyədə qidalanması təmin edilmir. Onlara psixoloji cəhətdən dəstək göstərilmir və ya sağlamlığına az diqqət ayrılır. Bütün bunlar vacib şərtlərdir. Bir başqa səbəb də odur ki, uşaq yeniyetmə yaşına çatır və futbol dönəminin ən vacib hissəsində hərbi xidmətə yollanır. Təbii ki, bu hal onların karyerasına ciddi təsir edir. Premyer Liqada çıxış edən klublarımız mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparırlar. Belədə gənc oyunçulara, demək olar, şans verilmir. Gənclər əsas çempionatda oynamaq üçün nə qədər tez şans qazansalar, onların Avropaya getmək ehtimalı da bir o qədər çoxalar. Buna hazırda legioner həyatı yaşayan "Zirə" akademiyasının yetirməsi Cəlal Hüseynovu nümunə göstərə bilərik. Dediyim praktikadan daha çox Gürcüstan yararlanır. Hazırda İtaliyanın "Napoli" klubunda çıxış edən Xviça Kvaratsxeliya "Dinamo"da (Tbilisi) debüt edərkən 16 yaşı olub. Bir neçə gün əvvəl də 17 yaşlı Vaxtanq Saliyani İngiltərənin "Nyukasl" komandası ilə müqavilə bağladı. Gürcüstanlı futbolçuların əksəriyyəti gənc yaşlarında Avropa klublarına yollanırlar. Biz də onlar kimi etməliyik.

Hər şeyi bir qırağa qoysaq, bizdə bu günə kimi ən azı 1-2 yüksəksəviyyəli legioner həyatı yaşayan futbolçu olmalı idi, lakin demək olar, yoxdur. Çünki biz bunu mental olaraq da bacarmırıq. Azyaşlı futbolçuların xaricə çıxmağına bəzi vaxtlarda valideynləri icazə vermir. Başqa ölkəyə getmək şansı olan futbolçulara böyükləri tərəfindən icazə verilmir. Yuxarıda sadaladığım amillər Avropa səviyyəli futbolçu yetişdirməyimizə mane olur. Bəzən elə hallar yaşanır ki, gənc oyunçu imkansızlıq səbəbindən karyerasını başa vurmalı olur, yaxud da I və II Liqaya üz tutur. Təbii ki, bu da onun özünü inkişaf etdirməsinə mane olur. Çıxış yolu hər şeyə sıfırdan başlamaqdır. Uşaq futbolçular komandaların akademiyalarında qalmalı, orada qidalanmalı, təhsil almalı və yalnız futbolu düşünməlidirlər".

Vəli Qasımov ("Şamaxı"): "Şamaxı"ya futbol ənənəsi yeni gəlib. Futbola maraq yaranıb, aşağı yaş qruplarına yazılmaq üçün çox tələb var. Aşağı yaş qruplarımızda futbolçular yetişir, hər gün məşqlər keçirilir. Bütün bunların nəticəsini 3-4 il sonra görmək mümkün olacaq. Əminəm ki, milli komandamızda "Şamaxı"nın akademiyasından kimlərsə dəvət alacaq. Futbol Akademiyası yeni açılıb, ona görə də müəyyən vaxt lazımdır".

Fəxrəddin Həsənov ("Sumqayıt"): "Əslində, çox yaxşı və geniş mövzuya toxunmusunuz. Bu barədə saatlarla müzakirə aparmaq olar. Gəlin, əvvəlcə dəqiqləşdirək ki, yüksəksəviyyəli oyunçu deyəndə kimi nəzərdə tuturuq? Söhbət dünya səviyyəli oyunçudan gedirsə, belələri Azərbaycanda, ümumiyyətlə, yoxdur. Amma söhbət Azərbaycan səviyyəsində futbolçulardan gedirsə, bu gün Premyer Liqanın bir neçə klubunda, həmçinin "Sumqayıt"ın özündə çıxış edən oyunçular var ki, onlar sırf "Sumqayıt" Futbol Akademiyasının yetirmələridir. Bunlara nümunə olaraq hazırda "Turan Tovuz"da çıxış edən Tural Bayramlı və Xəyal Nəcəfovu, "Araz-Naxçıvan"dan Bəxtiyar Həsənalızadəni, "Səbail"də çıxış edən Süleyman Əhmədov və Rüfət Abdullazadəni, öz komandamızın üzvləri Səbuhi Abdullazadə, Nihat Əhmədzadə, Sənan Muradlı, Xəyal Fərzullayevi misal göstərmək olar.

Ümumiyyətlə, bir uşağın futbolçu kimi yetişməsi üçün onun bütün həyat tərzi, ətrafı, ailəsi, dostları, həyatı bu yöndə inkişaf etməlidir. Sadəcə, gəldim, 2 saat məşq etdim, getdim deməklə futbolçu olmaq mümkün deyil. Fikir verirsinizsə, aşağı yaş qruplarında, məsələn, 16-17 yaşa qədər müəyyən qədər istedadlı oyunçular nəzərə çarpsa da, sonrakı inkişaf prosesində onların çoxu gözdən itirlər. Bunun səbəbi də yuxarıda sadaladığım faktorlardır. Yeməyindən tutmuş yuxusuna, gündəlik həyat ritmindən tutmuş vərdişlərinə, ətrafındakı dostlarından tutmuş ailəsinə qədər bir çox faktorlar bunda həlledici rol oynayır.

Uzun sözün qısası, "Sumqayıt" Futbol Akademiyası olaraq mümkün qədər çalışırıq ki, bizim müxtəlif yaş qruplarında məşq edən uşaqları, yeniyetmələri, gəncləri layiqli oyunçular kimi Azərbaycan futboluna bəxş edək".

Camal Bülbül ("Neftçi"): "Əslində Azərbaycanda bacarıqlı uşaqlar var. Lakin söhbət onların necə yetişdirilməsindən gedir. Yüksəksəviyyəli futbolçuların yetişməsi üçün bütün futbol meydanları eyni vəziyyətdə olmalıdır. Təbii ki, ot örtüyünün səviyyəsinin qənaətbəxş olması şərti ilə. Həmin uşaqlara həmin meydanlarda hansı məşqçilər futbolu öyrədəcək - bu da önəmli faktordur. Bu baxımdan ölkədə savadlı məşqçilərin sayı artırılmalı və həmin mütəxəssislər yeniliklərə açıq olmalıdırlar. Bu gün "Neftçi"nin aşağı yaş qruplarında yetişən bir neçə futbolçu var ki, onlar Premyer Liqada çıxış edirlər. Rza Cəfərov, Ağdadaş Salyanski və Murad Məmmədovun adlarını çəkə bilərəm. Cari mövsümün əvvəlində komandadan ayrılan Rüfət Abbasov, Fərid Yusifli və İsmayıl Zülfiqarlı da "Neftçi"nin yetirmələridir. "Neftçi" Futbol Akademiyası olaraq rəhbərliklə ortaq qərarlarımız var. İrəliyə addımlamaq baxımından planlarımızı həyata keçirməyə çalışırıq ki, gələcəkdə daha yüksəksəviyyəli futbolçular yetişsin".

Mirbağır İsayev ("Səbail"): "Mən bu məsələdə fərqli düşünürəm. Futbolçunun yetişməməsində ən böyük problem məşqçilərdədir. Problemin kökünü ilk növbədə burada axtarmalıyıq. Digər nüanslar haqqında isə çox danışmaq olar. "Səbail"də niyə futbolçu yetişmir? Bu sualla razı deyiləm. Son bir ili götürsək, əksər klublarda "Səbail"in yetirmələri var. Bu mövsüm 5 futbolçumuz "Sabah"a keçib, 7 futbolçumuz isə "Qarabağ"a. Təkcə Sadiq Məmmədzadəni nümunə göstərə bilərəm ki, 7 il akademiyamızın yetirməsi olan qapıçı mövsümün əvvəlində "Qarabağ"a transfer olundu. Hazırda Ağdam klubunun əsas komandasında çıxış edir".

Vasif Vəliyev ("Kəpəz"): "Çox gözəl mövzuya toxunmusunuz. Məsələ geniş olsa da, qısa şəkildə onu deyə bilərəm ki, uşaq futbolunun inkişaf strategiyası yazılıb dövlət proqramına salınmalı, futbol akademiyası tam şəkildə fəaliyyət göstərməlidir. Bundan başqa, məşq meydanlarının sayı artırılmalıdır. Dünyada futbol daim inkişafda olduğu üçün məşqçilərin də bilik və bacarıqlarını artırması mütləqdir. Uşaq komandaları il ərzində keçirilən beynəlxalq turnirlərdə daha çox iştirak etməlidir".
 
 
 

Bölmənin digər xəbərləri

13 Noyabr 2024 Braziliya futbolunun əfsanəsi Bakıya gəldi
13 Noyabr 2024 Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib... VİDEO /FOTO
13 Noyabr 2024 "Barselona" və "Real Madrid"in əfsanələri üz-üzə gələcəklər
12 Noyabr 2024 Türkiyə millisində ciddi itki
11 Noyabr 2024 “Real”ın futbolçularının məvacibi açıqlandı: Ən çox kim alır?
11 Noyabr 2024 A Seriyası: "İnter" və "Napoli" matçında qalib müəyyənləşmədi
10 Noyabr 2024 "Real"da şok itki: 3 ulduz sıradan çıxdı
10 Noyabr 2024 Pep Qvardiola Braziliya millisinin baş məşqçisi ola bilər
10 Noyabr 2024 Zorlamada ittiham olundu, psixoloji problemləri yarandı- Millidən imtina etdi
09 Noyabr 2024 “Real Madrid”dən qovulsam...”- Ançelotti
08 Noyabr 2024 UEFA-nın rəsmi saytı Toral Bayramovun qolunu səsverməyə çıxardı
08 Noyabr 2024 Mbappe Fransa millisinə dəvət almadı
07 Noyabr 2024 Tarixin ən yaxşı UFC döyüşçüsü seçildi - REYTİNQ
07 Noyabr 2024 Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar? – AFFA-nı xilas planı haqda təklif
06 Noyabr 2024 "Barselona" daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir
05 Noyabr 2024 UEFA-dan “Beşiktaş”la bağlı gözlənilməz QƏRAR
05 Noyabr 2024 UEFA Çempionlar Liqası: IV tura doqquz görüşlə start veriləcək
05 Noyabr 2024 "Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olunur
04 Noyabr 2024 Sumqayıt Dövlət Universiteti belə təmir edilir... - Eyni lot üzrə müxtəlif tenderlər...
04 Noyabr 2024 La Liqa: "Atletiko Madrid" "Las Palmas"ı məğlub etdi

Dünyapress TV

Xəbər lenti