İlham Əliyev:
Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli kanallara müsahibə verib. Prezidentin daha çox vaxt ayırdığı mövzuda – Qarabağ münaqişəsi və Ermənistan-Azərbaycan münasibətləri barədə onun əsas fikirlərini ayrıca oxuculara çatdırırıq:

Əgər görsək ki, bizim üçün ciddi təhlükə var, dərhal dəf edəcəyik, bu təhlükənin harada yaranmasından asılı olmayaraq.
Biz bilirik ki, hansı ölkələr Ermənistana silah verməyə hazırlaşır.
Xüsusi Təyinatlı Qüvvələrin sayını iki dəfə artırmışıq və bu say artırılacaq
Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır.
Kim bizim vətəndaşımız olmaq istəmirsə, yol bağlı deyil, açıqdır.
Bu il sakinlər Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qaytarılacaq.
Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik.
Laçın yolunda baş verənlərə “blokada” demək insafsızlıqdır… İndiyə qədər sülhməramlıların 400-ə yaxın avtomobili Laçın yolundan keçib.
Məsuliyyəti öz üzərinə götürmək və sülh müqaviləsi imzalamaq tamamilə Ermənistan hakimiyyətinin səlahiyyətindədir.
İndiki vəziyyət Fransa hakimiyyətinin əməlidir.
Avropa İttifaqının Ermənistana növbəti missiyanı göndərməsi xoşagəlməz haldır.
Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik.
Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır.
Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və tam reallaşa bilər.
Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi məsələsinə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur.
Əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli – ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir.
Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir.
Bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər.
Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, ermənilər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb.
Onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar. Onların Moskvada hansısa hadisələr baş verməsinə istinad edərək nazirlərin orada görüşünə etinasızlıq göstərmələri, ümumiyyətlə, yolverilməz hərəkətdir. Bəs onlar oktyabrın 6-da Praqada keçirilən görüşə nə üçün etinasızlıq göstərmədilər? Axı bundan bir aydan az əvvəl də sərhəddə hadisələr baş verirdi. Orada kifayət qədər ciddi hadisələr olmuşdu.
Nədənsə erməni tərəfi Praqaya Makronla görüşə getdi, amma Moskvaya getmədi. Sonra Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin hətta xalis protokol xarakterli davranışı barədə şərhləri də məhz buna dəlalət edir. Yəni, incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir, lakin bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil, xüsusən, indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda.
Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı.
Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik.
Ermənistanın azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamasına yalnız biz kömək edə bilərik. Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm.
Müharibədə qalib olmaq və eyni zamanda qurub yaratmaq, bundan böyük xoşbəxtlik ola bilməz.
 

Dünyapress TV

Xəbər lenti