|
İşğaldan azad edilmiş rayonlarımıza qayıdan keçmiş məcburi köçkünlərin məşğuliyyəti məsələsi dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Xüsusən onların heyvandarlıq və əkinlə məşğul olması nəzərdə tutulur. Ancaq hələlik bu proses başlamayıb. Bununla bağlı iki gün öncə Milli Məclisdə də danışılıb.
“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur. Adam var Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir”. Bunu Milli Məclisin 29 oktyabrda keçirilən iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir: “Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də! Camaat deyir ki, Füzulinin icra başçısı azad olunmuş ərazilərdəki torpaqları satır. Halbuki onu heç o torpağa buraxmırlar, nətər satır? Böyük tikinti quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.
Qeyd edək ki, “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə azad olunmuş ərazilərdə torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi əksini tapıb.
Bəs qanun nə zaman tətbiq ediləcək? Sakinlər nə zaman əkin və maldarlıq üçün torpaq sahələrinə sahiblənə biləcəklər? Yerli əhali içərisində torpaq sahələri götürüb böyük təsərrüfatlar qurmaq istəyənlər yetərincə varmı?
Ceyhun Məmmədov
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisdə qəbul olunan qanun layihəsinin də əsas məramı və məqsədi sakinlərin torpaq icarəyə götürməsi prosesinin tənzimlənməsi və sürətləndirilməsi, prosedurların müəyyən edilməsidir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa müddət sonra torpaqlarımız işğal olundu və işğal səbibi ilə həmin torpaqlarda özəlləşdirmənin həyata keçirilməsi, torpaqların icarəyə verilməsi ilə bağlı hüquqi normativ sənədlər qəbul edilməmişdi. Torpaqlarımz azad edildikdən sonra təbii ki, bu məsələ ilə bağlı hüquqi normativ aktların qəbulu zərurəti meydana gəlib. İndi hüquqi normativ sənədlər hazırlanır. Bu sənədlərə uyğun da prosedurlar həyata keçiriləcək. Yəni söhbət artıq bu torpaqların güzəştli şərtlərlə icarəyə verilməsindən gedir. Yaxın müddətdə bu tətbiq olunacaq. İnsanlara şərait yaradılacaq ki, onlar bu torpaqlara sahiblənsinlər. Eyni zamanda şübhəsiz ki, yerli əhaliyə də torpağın verilməsi və onların bu torpaqlardan istifadə etməsi üçün də lazımi qanuni şərait yaradılacaq. Təəssüf ki, bu gün müxtəlif müzakirələrin şahidi oluruq. Yəni burada həm evinin qarşısında, həm də kənar ərazilərdə torpaqların əhaliyə verilməsi nəzərdə tutulub.
Hazırda fəaliyyət göstərmək, iş qurmaq istəyən şəxslər müraciət edərək torpaqları icarəyə götürə biləcəklər".
Arzuxan Əlizadə
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə bildirdi ki, “Torpaq icarəsi haqqında” Qanuna dəyşikliklər mövzusu və bundan irəli gələn məsələlər cəmiyyətdə öz aktuallığını saxlamaqdadır, cəmiyyətdə bununla bağlı davamlı müzakirələr var: "Xüsusilə də işğaldan azad edilən ərazilərdən o dövrlərdə qovulmuş məcburi köçkünlük həyatı yaşayan insanların tezliklə öz torpaqlarına geri qayıdaraq məskunlaşdırılılmaları arzuları başadüşüləndir. Eyni zamanda məsələyə obyektiv olaraq yanaşsaq görürük ki, həmin ərazilər hələ də minalardan tam olaraq təmizlənməyib, onda məskunlaşmanın heç də qısa müddətdə həyata keçirilməsinin asan olmadığı qənaətinə gəlmək olar. İstənilən halda minalardan təmizlənmiş ərazilərə sakinlərin maksimum sürətli köçürülməsi, onlara torpaq paylarının verilməsi və qanunda da nəzərdə tutulduğu kimi torpaqların icarəyə verilməsi prosesi aparılmalıdır. Mən o fikirlə tamamilə razıyam ki, ilk növbədə torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi məsələsində həmin torpaqlardan zamanında qovulmuş vətəndaşlara ilkin olaraq təklif olunmalıdır. Güzəştli şərtlərlə torpaq icarəyə verilməsi məsələsi ilkin olaraq onlara təklif edilməlidir. Müəyyən addımlar atılmalıdır ki, tezliklə qanunun icra edilməsinə şahidlik eləyə bilək. Qanunvericiliyə lazım olan dəyişikliklər edilib. Ümid edirəm və əminəm ki, prosesi sürətləndirmək imkanı olacaq. Vətəndaşlarımızın haqlı narahatlıqları geridə qalacaq və istəkləri təmin olunacaq".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”