Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin dördüncü ildönümünü qeyd edəcək. Düz 4 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər. Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu, ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi. Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonradan Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.Azərbaycan Ordusunun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, qələbələr olub. Onların sırasında Fizulinin azad edilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Ötən il ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər. 17 oktyabr nəinki fizulilərin xatirəsində, yaddaşında əbədi qalacaqdır. İşğaldan azad olunmuş doğma torpaqlarına qayıdan on minlərlə qaçqın və köçkünlər bu ərazilərdə başlanmış geniş miqyaslı tikinti quruculuq işlərində yaxından iştirak edirlər. Artıq fizulilərin doğma yurdlarına qayıdışına başlanılıb. Onlar dövlər tərəfindən inşa edilmiş evlərdə məskunlaşırlar. Məskunlaşma prossesi davam edir.