Əliyevin qarşılanmasında diqqətçəkən DETAL:
İyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya qısamüddətli işgüzar səfəri nəinki iki qardaş ölkə arasındakı münasibətlər baxımdan, eyni zamanda regional əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu səfər həm də iki qardaş ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərdi. Beynəlxalq praktikaya və protokol qaydalarına uyğun olaraq, adətən, işgüzar səfərlər zamanı səfər edən ölkə liderini səfər edilən ölkənin yüksəkranqlı rəsmiləri qarşılayır. Lakin Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfərində Ankarada Esenboğa hava limanında qarşılama mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan özü də iştirak edib və burada qısa protokol görüşü keçirilib. Hava limanındakı görüşdən sonra Türkiyə Prezidenti Ərdoğan Azərbaycan Prezidentini Beştəpədəki iqamətgahında yenidən rəsmi protokol qaydasına uyğun qəbul edib. Bu, bir daha Azərbaycanla Türkiyə arasındakı münasibətlərin hər hansı protokol qaydalarından daha üstün olduğunu nümayiş etdirir.

Bu, eyni zamanda, son zamanlarda Azərbaycanla Türkiyə arasında münasibətləri pozmağa cəhd edən qüvvələrə bir mesaj idi. Mesajın mahiyyəti ondan ibarət idi ki, heç bir qüvvə nə bu iki qardaş dövlət, nə də xalqlar arasındakı münasibətləri poza bilər. Belə cəhdlər isə hər zaman olduğu kimi, bundan sonra da iflasa uğrayacaq. Bu birlik sarsılmazdır. Hər iki dövlət "Bir millət, iki dövlət" şüarına sadiqdir və sadiq olaraq da qalacaq. Məhz bu fəaliyyətin nəticəsidir ki, Ankara və Bakı müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi və geoiqtisadi dəyişikliklərdə yeni reallıqlar yaradıb, dünyanın yenidən şəkillənməsi prosesində ciddi aktor rolunda iştirak edirlər. Bunun nəticəsi olaraq Türk dünyası Türk Dövlətləri Təşkilatı (TDT) simasında beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzi kimi ortaya çıxmaqdadır. Hazırda isə TDT-nin qlobal güc kimi formalaşması, təşkilatlanması, coğrafiyasının genişlənməsi və beynəlxalq aləmda güc mərkəzi kimi qəbul edilib hesablaşılması istiqamətində davamlı addımlar atılmaqdadır. Bu da təbii olaraq dünya güclərini, o cümlədən antitürk qüvvələri ciddi narahat etməkdədir. Ona görə də həmin güclər davamlı olaraq nəinki TDT-nin güc mərkəzi kimi, həmçinin Ankara və Bakı arasındakı müansibətlərə xələl gətirməyə, bunu pozmağa cəhd edirlər. Bir neçə gün öncə SOCAR-ın Türkiydəki ofisinə basqın bu oyunların tərkib hissəsi idi. Lakin heç kimi bu cür təxribatçı hərəkətlərə uymadı. Əksinə, bu təxribatı törədənlər qınaq obyektinə çevrildi.

İki qardaş ölkənin liderlərinin "Beş təpə"dəki görüşünə gəldikdə isə burada təbii olaraq ikitərəfli münasibətlərin mövcud durumu, strateji müttəqfilik münasibətlərinin daha da dərinləşdirilməsi və qarşıda duran məsələlərlə yanaşı, regional və beynəlxalq aləmdəki vəziyyət müzakirə olunub.

- İkitərəfli münasibətlərdə əsasən hərbi əməkdaşlıq, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, iki ölkənin reallaşdırdığı layihələr, ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdilməsi, COP29 sammitinə hazırlıq və Türkiyənin toplantının yüksək səviyyədə keçməsinə verəcəyi töhfə müzakirə edilib.
- Regional əməkdaşlıq münasibətlərində isə ilk olaraq iyulda Şuşada nəzərdə tutulan TDT-nin sammiti, TDT-nin daha ciddi güc kimi formalaşdırılması istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Digər regional məsələlər kimi, İrəvanla Bakı arasında sülh danışıqları, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh prosesinə hazırlıq işləri;
- Regionda reallaşdırılan nəqliyyat və logistik layihələrin icra vəziyyəti;
- Gürcüstanda və Ermənistandakı son hadisələr;
- İrandakı prezident seçkiləri;
- Orta Dəhliz layihəsinin reallaşdırılması;
- Yaxın Şərqdəki vəziyyət, xüsusən də Fələstin və Suriyada Türkiyə ilə sərhəddə başda ABŞ olmaqla bəzi ölkələrin dəstəyi ilə YPG/PYD terror təşkilatının "seçki" oyunu məsələlərinə toxunulub.
Azərbaycan Prezidenti Fələstinlə bağlı rəsmi Bakının mövqeyini aydın şəkildə ifadə edərək paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını bir daha bəyan edib.
- Görüşdə eyni zamanda Rusiya-Ukrayna müharibəsi və bu müharibə fonunda yaranan geosiyasi reallıqlar və buna uyğun olaraq birgə addımların atılması, beynəlxalq platformalarda iki ölkənin fəaliyyətinin koordinasiya olunması kimi məsələlərə toxunulub.

Təbii ki, bütün bu məsələlər fonunda hər iki ölkənin milli maraqlarına, təhlükəsizliyinə təhdid və təhlükə yaradan məsələlər ətrafında da fikir mübadiləsi aparılaraq, tərəflərin mövqeləri ortaya qoyulub. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin Ankara səfərinin yekunları regional əməkdaşlıq münasibətlərinin inkişafı və sabitliyi baxımdan ciddi əhəmiyyət kəsb edir.

Mürtəza
Ölkə.Az
 

Dünyapress TV

Xəbər lenti