“Göy “tiqrovu” paltarım, bijuteriyalarım, zərli və qara kofta, üstəlik də bir qara paltarım Elza Seyidcahanda qalıb. Bu götürdüyü geyimlərin heç birini gətirməyib. Bir boyunbağım var idi, onu mənə hədiyyə vermişdilər. Həmin boyunbağını da məndən aldı. Onu da gətirmədi, vermədi. Çox gözəl geyimlərim var idi. Sizinlə danışa-danışa yadıma düşür ki, nələrimi aparıb. Hələ çox şeyləri unutmuşam. Qolbaq da var idi. Hər dəfə deyirdim ki, geyimlərimi gətirin, deyirdi ki, maşındadır, maşındadır. Deyirdim ki, maşın qarderobdur? Amma gətirib çıxartmadı. Sonda deməkdən utandım, usandım”
Bunu Moderator.az -a açıqlamasında tanınmış modelyer Şəlalə Maqsudova deyib. O daha sonra əlavə edib:
“Qızının toyundan sonra mən ondan uzaqlaşdım. Dedim ki, nə gəlmə, nə də səni görmək istəmirəm. Qızının toyunda məni aldatdı. Qızının gəlin paltarını mənə tikdirdi. Birini mən tikdim, birini də modelyer Leyla Əhmədova tikdi. Leyla xanım tikən geyimlə qızı nikaha girdi. Amma mənim geyimimi toy boyu geyindi. Toyun ortasında mənim qızı üçün tikdiyim geyimlə bir şəkil çəkdirdik. Bir tərəfdə də bəylə-gəlinin yanına Leyla xanımı çağırdı. Bizim çəkdirdiyimiz fotonu paylaşanda məni kənardan kəsdi. Şəkili sayta və səhifələrə verib, mənim tikdiyim geyimi Leyla Əhmədovanın adına çıxartdı və saytlarda da Leylaya təşəkkür etdi. Sonra əməlli-başlı aramızda dava-qırğın oldu. Halbuki məndən xahiş edib geyimi tikdirmişdi. Mən təmənnasız, sırf reklama tikmişdim o geyimi. Heç reklama işləmirdim də. Mənə demişdi ki, qızının toyuna gəlib oxuyacam. Heç qızımın toyuna da gəlmədi. Bu hadisədən sonra onu özümdən uzaqlaşdırdım. Yoxsakı o vaxta qədər münasibətlərimiz pis deyildi” deyə modelyer bildirib.
Şəlalə Maqsudova deyib ki, bu cür haqsızlıqlara öyrəşib:
“Tək o deyil ki. Əksər müğənnilərdən belə haqsızlıqlar görmüşəm. Hansını deyim? Onların içində xalq artistləri də var, məşhur müğənnilər də. Hətta tikdiyim geyimləri sonradan səhifələrində paylaşıb türk brendi kimi tanıdırlar. Bu onların səviyyəsidir, acizliyidir. Bir onu bilirəm ki, kim hardan qırıbsa, ordan da qırılır” deyə modelyer bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə”-nin aktyorları haqda “geyimlərimi, zinət əşyalarımı götürüb qaytarmırlar” deyə açıqlamasında bildirmişdi.