Qeyd edək ki, Polşa ABŞ-dən Rusiya raketlərinin Ukrayna ərazisində vurulması üçün icazə istəyib. Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, Varşava Kiyevdən gələn və Polşa ərazisinə doğru hərəkət edən Rusiya raketlərinin hələ Ukrayna hava məkanında olarkən vurulması təklifini nəzərdən keçirir. Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitindən əvvəl Varşavaya səfəri edərkən bu təklifi Polşa rəhbərliyi ilə müzakirə edib.
“Biz cəbhəyanı ölkəyik və Rusiya raketləri hava məkanımızı pozur. Hələlik, pozuntuların təsadüfi olduğunu güman edirik. Bununla belə, ehtiyat tədbirləri görməliyik”, - deyə Sikorski qeyd edib.
Polşa XİN rəhbəri 2022-ci ilin dekabrında Belarus sərhədindən təxminən 500 km aralıda Bıdqoşdakı evinin yaxınlığında belə bir halın baş verdiyini vurğulayıb.
Maraqlıdır, əgər ABŞ Polşaya bu istiqamətdə addım atmağa icazə verərsə, bu, hansı nəticələrə gətirib çıxaracaq? Belə bir halın baş verəcəyi təqdirdə Rusiya Polşaya qarşı hansı sərt tədbirləri görəcək?
Məsələ ilə bağlı Rəşad Bayramov “Cümhuriyət” - ə açıqlamasında qeyd edib ki, nə ABŞ, nə də NATO Polşaya bu imkanı verəcək:
“Rusiya ilə Ukrayna arasında bir-birinin ərazisindəki enerji strukturlarına və neft-qaz obyektlərinə zərbə vurmamaqla bağlı danışıqların başladığı bir ərəfədə Moskva ilə Helsinki arasında gərginlik yaşanır, indi isə Polşa belə bir mövqe nümayiş etdirir. Bu, onu deməyə əsas verir ki, Qərbdə bəzi dairələr Rusiya ilə Ukrayna arasında danışıqların başlanılmasında maraqlı deyillər.
Məlumdur ki, Moskva ilə Kiyev arasında hər hansı məsələ ilə bağlı danışıqlar aparılarsa, o cümlədən hər hansı məsələ üzrə birgə razılıq əldə olunarsa, bu, növbəti mərhələdə Rusiya-Ukrayna cəbhəsində vəziyyətin sabitləşməsinə və atəşkəsin əldə olunmasına gətirib çıxaracaq. Lakin Finlandiyanın Rusiyanın daşınmaz əmlakına həbs qoymasını, Polşanın Rusiya raketlərinin Ukraynada vurulması üçün ABŞ-yə müraciətini nəzərə alanda görərik ki, Qərb Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsində maraqlıdır.
O ki qaldı Polşanın Ukrayna ərazisində Rusiya raketlərini sıradan çıxarması məsələsinə, bunun NATO tərəfindən yekdilliklə dəstəklənəcəyini düşünmürəm. Həmçinin, Vaşinqton indiki vəziyyətdə Varşavanın belə bir addım atmasına icazə verməz. Polşa NATO ölkəsidir. Polşanın Rusiya raketlərini hədəfə alması faktiki olaraq onun müharibəyə qoşulması demək olacaq. Polşanın müharibə qoşulması isə NATO-nun müharibəyə qoşulması deməkdir”.
Ekspertin sözlərinə görə, Polşa belə bir addım atacağı təqdirdə Moskva tərəfindən ciddi cavab tədbirləri görüləcək:
“Kreml buna cavab olaraq Polşada hərbi obyektlərə raket zərbələri endirəcək. Bu da müharibənin baş verməsinə şərait yaradacaq. Ona görə də Polşaya bu cür icazənin verilməsi qeyri-mümkün görünür. Vaşinqton çalışır ki, Ukraynaya az həcmdə silah-sursat ötürməklə Rusiyanı uzunmüddətli müharibədə saxlasın.
Bu dövr ərzində Rusiyanın hərbi-texniki imkanları tükənəcək və iqtisadiyyatı zəifləyəcək. ABŞ qarşısına Rusiyanı siyasi, iqtisadi və hərbi cəhətdən çökdürmək məqsədi qoyub. Əgər Polşaya Ukraynada Rusiya raketlərini vurmağa imkan verilsə, bu, çox ağır nəticələrə səbəb olacaq”.