2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib
“Heydər Əliyev İli” olaraq möhtəşəm nailiyyətlərlə dövlətçilik tariximizə əbədi həkk olunan 2023-cü il ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu.
Prezident İlham Əliyevin 2023-cü il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. İşğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olunmuş, düşmənin ordusu, hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Son 20 ildə həyata keçirilən siyasi kursun prioriteti Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etmək idi. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan Bayrağı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırıldı. Ancaq xalq yaxşı bilirdi ki, işimiz yarımçıq qalıb. Axı, Xankəndidə yuva salmış separatçı qüvvələr tam məhv edilməmişdi.
Hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi.
44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünün tam bərpası - Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi: “2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir”.
Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi. Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.
Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. 2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Aysel Mənsimova - politoloq
 
 
 

Dünyapress TV

Xəbər lenti