Qarabağ bəhanəsinin, mövzu istismarının sonu.
Azərbaycan Dövləti, Xalqı inanılmaz, tarixi qələbəyə imza atdı, 35 illik “irini”, vətən bədənində olan “yaranı” təmizləyib sağaltdı. Prezident İlham Əliyevin bu günə qədər mənfi-müsbət etdiklərini bir kənara qoysaq Azərbaycan tarixinə düşən liderlik nümunəsi göstərdi.
Qarabağ məsələsinin çözülməsi, Vətənimizin ərazi bötövlüyünün bərpası bu dalğada siyasətə gələn və hələ də özünü siyasətdə görənlərin də paradiqmasını dəyişdi-dəyişir. Onlar ya yeni reallığı qəbul edib 90-ların “modundan” çıxmalı, əsl siyasətlə məşğul olmağı öyrənməli, siyasətin ciddi iş, sənədlərlə, tezislərlə, proqramlarla, platformalarla yarışma yeri olduğunu anlamalıdırlar. Bacarmasalar siyasi səhnədən silinib gedəcəklər, çünki Qarabağ düyününün çözülməsi onların da əhalinin bir qisminin duyğularını istismar etmək üzərinə qurduqları uğursuz siyasi davranış qaydalarını sıfırladı. Obrazlı desək, Ermənistanda “Qarabağ siyasi klanı” necə siyasi səhnədən silindisə, cəmiyyətin gözündən düşdüsə, bizdə də “Qarabağ dalğasının” gətirdiyi siyasi təfəkkür tarixdə qalmalıdır. Əslində o dalğa yaxşı mənada siyasi “kötüklər” gətirsə də, amma daha çox “çör-çöpü” üzə çıxarmışdı.
Amma bundan sonra ən böyük məsuliyyət hakimiyyətin, hökumətin üzərinə düşür. Onların siyasətə baxışları dəyişməsə, bu sahəni “nazirlik” məntiqi ilə moderasiya etmək düşüncəsindən əl çəkməsələr, böyük problemlərlə üzləşəcəyik. Onlar da öz orbitinə yığdıqları 90-ların Qarabağ dalğası ilə üzə çıxan siyasi “meyidlərə”, “balıqhafiztiplərinə” maddi-siyasi dəstək verməkdən vaz keçməlidirlər – onların heç bir xeyri, siyasi səhnəyə verə biləcəkləri tövhə yoxdur.
Bundan başqa hakimiyyət daha istənilən köklü islahatların qarşısını əvvəllər haqlı olan, “Qarabağ boyda dərdimiz, problemimiz var”, cümləsi ilə ertələyə bilməz-bilməyəcək. Bəli, Prezidentin rəhbərliyi, düzgün siyasəti, ən vacibi Xalqın ürəkdən dəstəyi və iştirakı ilə bu problem çözüldü, bitdi, bunu görürük, qiymətləndiririk, sevinirik, tarixi qələbəmizi dərk edub qürur duyuruk. Amma indi daha məsuliyyətli və çətin quruculuq dövrü başlayır, ölkəyə əlavə onmilyardlarla vəsait, investisiyalar, ədalətli idarəetmə, iqtisadi və hüquqi sitem gərəkdir. Çünki, hərbi qələbəni diplomatik, iqtisadi uğura çevirməsək Əsgərimizin əməyinə heyf olar, buna imkan vermək olmaz – artıq köklü islahatlar, yeni siyasi institutlaşma, iqtisadi açılım, hüquqi Dövlət dönəmidir. Qalib xalqı əvvəlki kimi idarə etmək olmaz! Hamımıza bu işdə uğurlar arzu edirəm!
Natig Cəfərli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti