MÜHARİBƏNİ UDUB, İNFORMASİON MÜHARİBƏNİ UDUZMAQ
İnternetdən götürülən, şəkildə gördüyünüz cədvəl sentyabrın 28-də qonşu ölkənin Telegram-kanallarının verdiyi məlumat əsasında tərtib edilib. Cədvələ inansaq, daha əvvəl 70 500 adam Qarabağdan E...nistana keçib gedib. Olsun. Beləliklə, 28 sentyabr, saat 14.00 olan durumda Qarabağdan E...nistana deyilən sayda, sonrakı səkkiz saat ərzində 7 854, - yəni təxminən 8 000, - adamın getdiyini iddia edilir. Hamısı maraqlı və müəmmalı olsa da, asan və əyanilik üçün bircə bu son rəqəm üzərində dayanaq.
Real rəqəmdirmi?
Saatda təxminən min adam. Buradan belə çıxır ki, Laçın yolundakı Nəzarət-Buraxılış Məntəqəsində sərhədçilərimiz bir dəqiqə ərzində 16 nəfərin sənədlərini yoxlayıb düzgün olduqda keçməsinə icazə verirlər. Yoldakı NBM bir dənədir, bir, ən çoxu iki pəncərəsi var. Bir dəqiqə ərzində 16 nəfər, yəni 4 saniyə ərzində bir adam! Belə, bu dərəcədə sürətli yoxlama mümkündürmü?! Təbii ki, yox.
Amma təəccüblü və təəssüflü bu deyil, qonşuların belə fantastik rəqəm və iddialarına çoxdan öyrəşmişik. Təəssüflü odur ki, qarşı tərəf belə yalan iddiaları yayır, marağı var, həm əvvəldən dediyi yalanı - Qarabağda 120 000 adam yaşadığını təsdiq edir, həm dinc əhalisinin qətllərdən, zülmdən qaçma sürətini qərb mediasına ötürür, vay-şivən qoparır, həm başqa siyasi, o cümlədən maddi məqsədlərinə nail olur. Azərbaycan tərəfi isə susur.
Niyə?
Ola bilsin, sonda öz statistikasını ortaya qoyub əks tərəfin rəqəmlərini yalanlayacaq? Ola bilsin.
Amma belə informasion siyasət və mübarizə nə dərəcədə adekvat, səmərəli və düzgündür?
5-6 gün ərzində bizə qarşı hər gün “etnik təmizləmə” ittihamları, qarayaxma kampaniyasını biz sonda, bir dəfə cavablayacağıq? Yenə ola bilsin, BMT-də bu yetərli gələcək, bəs Avropa ya Amerika ictimai rəyində, mediasında necə? Axı gündəlik təbliğat, Azərbaycana qarayaxma kampaniyası nəticəsində hətta əvvəldən neytral düşünsə belə, ötən günlər ərzində qulağı-beyni doldurulan sıravi Avropa ya Amerika vətəndaşında artıq bizə qarşı neqativ rəy formalaşacaq. Bunu bircə çıxışla dağıdıb öz xeyrimizə dəyişə biləcəyikmi? Təbii ki, yox.
Belə olan halda Azərbaycan niyə susur? İnformasion müharibəni konkret bu cəbhədə niyə bilə-bilə zəif, süst aparır, daha doğrusu aparmırıq? Belə mövqe sonucda uduzmağa aparır, elə indidən uduzuruq. Elə o biri informasion sahələr də bu gündə. Sonra da qərbi təqsirləndiririk ki, e....ipərəstdir? "Bizi sevmirlər", "Onsuz da xeyri yoxdur"- zad...
Bəlkə bunun əvəzinə hərəkətə keçək?
Öz problemlərində həmişə kimisə təqsirləndirmək zəif, aciz, ağılsızların xasiyyətidir, ağıllı, tədbirli və güclülər isə işini möhkəm tutub istəyinə nail olur...
Çingiz Sultansoy
Teref.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1696106789_1.jpg
 

Dünyapress TV

Xəbər lenti