Danışmaq və dinləmək mədəniyyəti.
İnternet dövründə, informasiyanın yayılma sürətinin fantastik həddə çatdığı bir zamanda yaddaşımız qısalır, ona görə də “gündəm” deyilən bir anlayış yaranıb. Media, sosial şəbəkələr “gündəm” dalınca qaçır, demirəm ki, bu pisdir, ya yaxşıdır, fakt olaraq belədir. Nəticə etibarı ilə dünən aktual olan mövzu bu gün yaddan çıxır, səhər müzakirə olunanlar axşama dəbdən düşür.
Sözün, fikrin çəkisi, danışmaq və dinləmək mədəniyyəti getdikcə zəifləyir, insanları informasiya “istehlakçısına” çeviriblər, amma bu “istehlak” paralel olaraq da tez “ifraz” olunur, yaddaşlarda qalmır, insanın formalaşmasında ciddi rol oynamır. Fikir yönləndirilməsi o qədər asanlaşıb ki, ciddi mövzuların “alıcısı” azalıb.
Cəmiyyət “dərd danışan” axtarır, özünün deyə bilmədiyini başqası deyəndə ürəyindən tikan çıxır, amma bu “dərd danışmaq” ölkədə heç nəyi dəyişdirmir, “dərd danışmaqdan” kimsə “dərd həll etmək” moduna keçmək istəyəndə ona da 100 “vedrə bağlayıb” ciddi mövzuları belə dəyərdən salırlar.
Siyasət sahəsi məhz “dərd həll edən” sahədir, problemlərin cözüm yollarının müzakirəsi müstəvisidir, amma onillərdir ki, bu sahəni iqtidar da, onların güzgüdəki əksi, sistem qoruyucusu olan klassik müxalifət də siyasəti gözdən-nüfuzdan salaraq bayağı “ağlaşma” platformasına çeviriblər. İqtidar öz səhvlərini görmədən beynəlxalq aləmdən şikayət edir, xarici qara qüvvələrdən danışır, hamının bizi gözü götürmədiyinə görə inkişafımızın ləngiməsindən dəm vurur, klassik müxalifət isə nəticələrdən danışaraq səbəbləri aradan qaldırmaq yollarını ya bilmir, ya da bəsit təqdim edir. İqtidar kadr dəyişikliklərini islahat kimi təqdim edir, klassik müxalifət isə deyir ki, onların kadrları pisdir, bizimki yaxşı olacaq – hər iki tərəf düz demir, yanılır. Problem insanlarda, kadrlarda deyil, sistemdə, “oyun qaydalarındadır”. İllərdir, “iqtidarın rəisi pisdir, icra başçısı pisdir, naziri pisdir, bizimki yaxşı olacaq”, tezisi irəli sürüb bunun üzərində “dərd danışırlar”, iqtidar da, “müxalifətin biliyi-bacarığı, təcrübəsi yoxdur, 92-93-də hər şeyi bərbad etdilər”, tezisinin yüz versiyası üzərində 30 ildir “oynayır”. Klassik müxalifət deyir ki, əhaliyə pul paylamaq lazımdır, populistlik edir, iqtidar da əlində cəmləşdirdiyi maliyyə imkanlarına görə eyni şeyi edir (effektsiz edir, amma edir), hər il pul paylamaq istiqamətlərini artıraraq daha çox vətəndaşı özündən asılı vəziyyətə salaraq verdiyi qəpik-quruşa görə onları susmağa məcbur edir.
Bizim yanaşmamız isə fərqlidir, biz deyirik ki, yaxşı-pis icra başçısı olmur, bu institut kökündən ləğv edilməli, yerli özünüidarə institutları yaradılmalıdır, iddia edirik ki, yaxşı-pis nazir olmur, parlamentdən çıxan hesabatlı hökumət üzvləri olur, yaxşı, ya da pis polis rəisi, məhkəmə sədri olmur, qanunların dəyişdirilməsi yolu ilə hüquqin aliliyini təmin edən sistem olur. Biz təklif edirik ki, vergiləri azaltmaq, gömrük tariflərini aşağı salmaq yolu ilə insanlar özləri pul qazansın, dövlətin sosial yükü azalsın, vətəndaşın iqtisadi fürsətləri artsın ki, dövlətdən-hökumətdən asılılığının azalması onları siyasi aktiv vətəndaşa çevirsin.
Yəni, biz “dərd həll etmək” istəyirik, amma çox zaman cəmiyyətin özü belə bizi “dərd danışmağa” vadar etmək istəyir, hər dəfə “gündəm” deyilən süni və manipulyativ mövzularda danışmağımızı gözləyir.
Əvvəl danışmağı, sonra da dinləməyi öyrənməliyik ki, iqtidarlı-klassik müxalifətli yaratdıqları bu mənasız “siyasi dalandan” çıxmağı bacaraq, sonra yolu-izi tapmaq çətin olmayacaq. Bunu bacarmasaq bu “dalanda”, hətta “qısır döngədə” itib-batacaq, irəliyə gedə bilməyəcəyik...
Natig Cəfərli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti