Paşinyanın “beynəlxalq mexanizmlər çərçivəsində müzakirə” təklifinin perspektivi yoxdur.
Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib ki, İrəvan sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib.
Bu “təqdimatlar” heç nəyi həll etməyəcək. Çünki Paşinyan bir tərəfdən Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edərkən, digər tərəfdən ərazi bütövlüyünü tanıdığı ölkənin daxili işlərinə qarışır.
Paşinyan həmin iclasda onu da deyib ki, guya Bakı Xankəndi ilə dialoqdan yayınır. “Ermənistan Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizlik məsələlərinin beynəlxalq mexanizmlər çərçivəsində müzakirə edilməsini dəstəkləyir” deyən Paşinyan bununla Bakı ilə Xankəndi arasında birbaşa dialoqun əleyhdarı kimi çıxış edir.
Paşinyan həqiqətən sülh istəyirsə, Qarabağ separatçılarını inandırmalıydı ki, onlar təmsilçilərini Bakıya, Yevlaxa və ya Bərdəyə göndərsinlər, Ağdam yolunun istifadəsi müzakirə edilsin.
Azərbaycan heç müharibədən əvvəl beynəlxalq vasitəçilərin iştirakıyla erməni separatçıları ilə dialoqa getmirdi, müharibədə qələbədən sonra bu heç mümkün deyil.
Ona görə də Paşinyanın “beynəlxalq mexanizmlər çərçivəsində müzakirə” təklifinin perspektivi yoxdur. Paşinyan bu tələbindən əl çəkməzsə Azərbaycanla Ermənistan arasındakı danışıqlarda irəliləyiş olmayacaq.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti