Azərbaycan və Macarıstan dost və strateji tərəfdaşdırlar
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və
çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib
istiqamətlərindən biridir. Azərbaycan-Macarıstan əlaqələri 31 il ərzində
diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu
keçib. Bu dövr ərzində Azərbaycan və Macarıstan arasında 50-dən çox
əməkdaşlıq sənədi imzalanıb. Ölkələr isə ikitərəfli müstəvidə və beynəlxalq
təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan bir çox
sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd
təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında
qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir.
Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-
hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli
platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad
Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı
əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri,
səfər çərçivəsində Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban,
həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka
Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşləri
Azərbaycan ilə Macarıstan arasında dostluq, əməkdaşlıq və strateji
tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da
genişləndirilməsinə müsbət təsir edib.
Prezident İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor
Orban ilə görüşü zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin
fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə
daha böyük imkanların olduğu vurğulanıb. Qeyd edilməlidir ki, işğaldan
azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində
iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı
müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş
ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə
olaraq 25.000 avro ianə edib.
İki dost dövlət başçısının görüşündə Azərbaycan ilə Macarıstan
arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla
inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına
çatdırılmasının əhəmiyyəti vurğulanıb. Məhz bu görüşün nəticəsi kimi
Azərbaycandan Macarıstana təbii qazin ixracının artırılması qərara alınıb.
İki ölkə arasında enerji diplomatiyasının mühüm elementləri üzrə də
uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini
dəstəkləyir və bu layihədən yararlanmaq istəyini dəfələrlə izah etmişdir.
Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa olduqca böyük
əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında
Azərbaycanın oynadığı strateji rolu daim təqdir edir.
Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair
Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi
layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin
önəmi qeyd olunmalıdır.
Qeyd edək ki, Azərbaycan tərəfindən Avropanın Cənub-Şərq hissəsi
və Qara Dəniz hövzəsində yerləşən dövlətlərə enerji ehtiyatlarının
çatdırılması siyasətinin bir hissəsi olaraq Macarıstanla da bu sahədə
əməkdaşlığın qurulmasında hər iki tərəfin olduqca böyük potensialı
mövcuddur.
İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində
əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani
təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət
dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon
ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım
deməkdir. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya
qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş
müsbət dinamika qeyd edilməlidir.
Avqustun 20-də Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət
arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran
sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə
malikdir. Ən əsası isə, Prezident İlham Əliyevin bu ölkəyə səfəri
Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin
başlanğıcı olmuşdur. Dövlət başçımızın söylədiyi kimi: "Həqiqətən
Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar".

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
DİA.AZ
 

Dünyapress TV

Xəbər lenti