Ardını oxu...
(Proloq əvəzi)

Gecənin bir aləmində Padşah əmr edir:

- Cəllad gəlsin!

Elə həmin dəqiqə Tarif Şurası şahın qarşısında peyda olur...

- Hüzurundayıq, qibleyi-aləm...

***

Televiziyaların efir məkanından qiymət artımına haqq qazandırmağa çalışan samballı, ağzı ballı fuksionerlər və ekspertlər özlərinə kənardan baxsaydılar...

...Görərdilər ki, yüz minlərlə (bəlkə də milyonlarla) tamaşaçı onların həlləm-qəlləm açıqlamalarına cavab olaraq, evlərindəki televizorun ekranına necə tüpürür. Özü də, lombayla!..

Görərdilər ki, camaat, əsasən p...xun yemiş xoruza bənzəyən bu şərhçi-şərçi yaltaqların yeddi arxa dönənini xoruz səsi eşitməmiş hansı söyüşlərlə yad edir!..

Bir şey tam dəqiqdi:

TŞ-nın gecə qərarları belə davam edəcəyi təqdirdə, buna rəvac verənlər küllü-məmləkət əhlinin neştərdən də iti ah-naləsinə, çeşidli qarğışlarına, eləcə də qeyri-normativ "beşmərtəbəli" söyüşlərinə tuş gələcəklər. Gəlirlər də!

Və əlimizdən özgə bir şey, ya bir zad gəlmədiyindən... keçid alaq yazının mübtədasına...

Analoqsuz fədakarlığa diqqət yetirin: bizlər gecələr mışıl-mışıl yatanda Tarif Şurası xalqın və məmləkətin dayanıqlı iqtisadi inkişafı (siz bir, ritorikanın möhtəşəmliyinə baxın!) uğrunda, təmənnasız olaraq əzmlə çalışır, dəridən-qabıqdan çıxır, tər tökür. Odur ki, xalqın əziz və sevimli Tarif Şurasına... nə olsun? Əlbəttə, - bir qucaq eşq olsun! Niyə? Çünki o yeganə novator və kreativ təşkilatdı ki, zaman-zaman öz doğma xalqına cəmi üçcə barmağından ibarət olan ecazkar bir kompozisiya göstərməyi bacarır və heç vaxt, heç kimdən, heç nədən qorxub-hürküb çəkinmir də!.. Qurd ürəyi yeyənin buynuzu olmur ki!..

Amma bütün bunlara rəğmən, mənim balaca bir təklifciyəzim də var: qoy, hörmətli TŞ müəllim öz növbəti - qəfl şillə effekti yaradan gecə iclasında... HÖKUMƏTİMİZİN QİYMƏTİNİ QALDIRSIN.

Yoxsa...dost var, düşmən var: ağız bahəm eləyib deyərlər ki, bu qədər ucuz, bu qədər "deşovıy" hökumət olar?! Hələ üstəlik, qayıdıb ağız da büzərlər ki, qiymətlərin lovğa-lovğa kəllə-çarxa dırmaşdığı bir vaxtda, dəyəri keçi qiymətindən də ucuz hökumətin olması "əyübdü", ya nonsensfason bir şeydi. Daha doğrusu, adımız-sanımız, filanımız var, fontan vuran iqtisadi inkişafımız-zadımız, nöyütümüz-qazımız, ahımız-göz yaşlarımız var...

Qısası, əzizlərim, evinizdəki televizorun ekranına tüpürmək əvəzinə, yaxşı olar ki, bu qəşəng təklifi ikiəlli dəstəkləyəsiniz. Dəstəkləyin və cəmi 10-ca qəpiklik bir "oxxayy", "əhsən", "bravo" ("malades" də keçər) deyibən, oturun öz Kəlmeyi-şəhadətinizi əzbərləməklə məşğul olun!..

***

(Epiloq əvəzi...)

Baxın ha, dünyanın işini bilmək olmaz, birdən fırlanıb ağlınızdan keçər və qayıdıb deyərsiniz ki, "neynək, cücəni payızda sayallar..." Əsla! Bunu birdəfəlik unudun və bilmərrə payız-mayız söhbəti etməyin. Ən yaxşısı, tısbağa təki çəkilin qınınıza, vəssalam! Çünki təklif olunmuş şəraitdə, yəni mövcud reallıqda məmləkətin hər yerində... gecə də, cücə də qaradır və nə yazıq ki, bu zəqqum qaralığın və bu zülmət qaranlığın içində veyil-veyil gəzə-gəzə azıb-itmişik... Belə olan təqdirdə isə, əlbəttə ki, nəyəsə qulp, ya mız qoymaq, kimlərəsə təpinmək, ya etiraz- metiraz eləmək... xeyirdən çox ziyan, hətta bəla gətirər!..

Təəssüf və səd heyif!..

Eldəniz QULİYEV
hurriyyet.az
 
Ardını oxu...
“Mahal” MTK evimizi uçurur. Sumqayıt şəhəri, Nizami küçəsindəki sakinlərin çoxu razılaşsa da, əksəriyyət bunu istəmir. Onların verdiyi kompensasiya ilə buralardan ev almaq mümkün deyil”.

Dia-az.İnfo xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciətində Sumqayıt şəhər sakini Ramin Əliyev bildirib.

O, şirkət tərəfindən evlərinin sökülməsindən narazıdır: “Şirkətin rəhbəri məni hədələyir. Deyir razılaşmasan, evdən çıxmasan, sənə başqa cür təzyiq göstərəcəyik. Evimin hazırkı dəyəri çox qalxıb. Onların vediyi kompensasiya maksimum 140 mindir. Halbuki, biz o məbləğə ancaq çox kənardan ev ala bilərik. Onların verdiyi məbləğ 2 il öncə üçün yaxşı idi. Kimsə pul qazanacaq deyə biz özümüzə orada-burada yer axtarmalı olacağıq. Mən özüm paralimpiyaçıyam, proses çətindir, xəstə halımla bu problem mənə lazım deyil. “Mahal” MTK bizi çox incidir”.

Vətəndaş düşünür ki, Sumqayıtda evlərin bahalaşması bu cür söküntü işləri aparan şirkətlər gəldikdən sonra olub.

Məsələ ilə bağlı “Mahal” MTK ilə əlaqə saxladıq. Şirkətdən saytımıza verilən cavab isə bu oldu: “Orada kiməsə təzyiq göstərilməsi əsassızdır. Sakinlər şirkətdən qlobal rəqəmlər tələb edirlər. Mənzillərinə verilən qiymətlərlə razılaşmırlar və adətən məsələyə “fürsət” gözü ilə baxırlar”.

Sakinlərlə MTK-lar arasında yaranmış bu problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan vətındaşların şikayəti ilə bağlı suala belə münasibət bildirilib: “Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə görüş keçirilib, sakinlərin müraciətləri dinlənilib və MTK rəhbərliyinə konkret tapşırılar verilib. Bu tapşırıqlar sakinlərin hüquqlarının qorunmasını və onların razılığının təmin edilməsini nəzərdə tutur”.
Ardını oxu...
İranda Məsud Pezeşkianın prezident seçilməsindən sonra böyük gözləntilər ortaya çıxıb: ölkəyə türk hakimiyyətinin rəhbərlik etməsi, rejimin yumşalması, azərbaycanlıların milli haqlarının tanınması və s;
Azərbaycanlı Pezeşkianın seçki kampaniyasında verdiyi mesajlar da bu gözləntiləri artırır, hərçənd, İranda seçki prosesinin bu yöndə inkişafına rejimin şərait yaratdığı ehtimalı daha çoxdur. Pezeşkianın nüfuzu kifayət qədər idi, rejim sadəcə seçki prosesinə müdaxilə etmədi və görünür, islahatçı azərbaycanlının ölkəyə rəhbərlik etməsi dini liderin mühafizəkar kölgəsinə sığınmış rejimin də marağındadır.
Birincisi, bu seçki İran əhalisi üçün böyük ümidlər yaradıb: seçkiyə böyük müdaxilənin edilməməsi, səslərin sayım prosesinin canlı yayımlanması rejimin imicini müəyyən qədər düzəltməklə yanaşı, əhalinin ötən il Məhsa Əminin ölümündən sonra tavana çıxan “qəzəb barometrinin” şkalasını da müəyyən qədər aşağı endirməyə zəmin yarada bilər;
İkincisi, islahatçı Pezeşkianın pezidentliyi İran rejiminin “hədəfdən yayınma” siyasəti üçün sərfəli ola bilər: son aksiyalardan sonra daxili ictimai rəydə “xilas yolunun rejimin dəyişdirilməsi” fikri güclənmişdi, rejim bu mənzərəni dəyişdirə, yaxud yumşalda biləcək və zamanla mühafizəkarların “imic təzələməsi” üçün Pezeşkianın “günah keçisi” ediləcəyi də istisna edilməməlidir;
Üçüncüsü və İran üçün ən vacib məqam etnik parçalanma perspektivinin qarşısının Pezeşkian üzərindən alınması, yaxud bu prosesdə zaman qazanmaqdır: Pezeşkian bütün etniklər tərəfindən rəğbətlə qarşılanırdı, onun prezident olması da bütün etnik qruplarda “İran hamımızın ölkəsidir” kimi ümidlər yaradır;
İran rejimi üçün mövcud vəziyyətdə azərbaycanlı və islahatçı olan Pezeşkian “xilas yolu” kimi görünür, lakin bu rejimin ümumi mahiyyətinin dəyişməsi demək deyil. Sadəcə olaraq, rejimin qorunub saxlanılması və ağrısız ötürülməsi üçün müəyyən yumşalmalar edilə bilər.
Asif Nerimanli
TEREF
Ardını oxu...
İranda Məsud Pezeşkianın prezident seçilməsi ölkəsi içində və xaricində ondan gözləntiləri artıracaq. Pezeşkian Təbrizin millət vəkili kimi parlamentdə keçmiş hökumətləri tənqid edən fikirlər söyləyib, azərbaycanlıların üzləşdiyi problemlərdən danışıb, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsi vacibliyini vurğulayıb. O bu fikirlərini seçki təbliğatı dövründə bu və ya digər şəkildə səsləndirib. Pezeşkian bu vədləri yerinə yetirə biləcəkmi? Böyük ehtimalla İranın ali dini lideri və onun ətrafı, o cümlədən dövlət içində dövlət olan SEPAH Pezeşkiana əngəllər yaradacaq. Hər halda Qərb ölkələrinin də Pezeşkiandan gözləntiləri olacaq. Ermənistan isə Pezeşkianın seçilməsindən narahatdır. Azərbaycan İranla normal qonşuluq münasibətlərində, o cümlədən ortaq layihələrin reallaşmasında maraqlıdır, bir şərtlə ki, Tehran və Qum daxili işlərimizə qarışmasın.
Elxan Şahinoğlu
TEREF
 
 
 
Ardını oxu...
BBC-yə çalışdığım vaxtlar idi.
Bəzən gündə bir neçə material (“dispatch” və müsahibə) sifariş verdikləri olurdu.
3 noyabr 2002-ci tarixində – AKP-nin iqtidara gəldiyi seçkilər günü isə Ankaradan düz 11 xəbər göndərmişdim Londona. O gün BBC-nin “Qafqaz və Orta Asiya” xidmətinin bütün əfasanə “profi” əməkdaşları – Famil Ismailov, Zülfüqar Rüfətoğlu, Elshan Aliyev (Şəhərli), Sevinc Osmanqızı günboyu yüksək peşəkarlıq göstərdilər. Türkiyə format dəyişdirirdi və R.T.Erdoğanın o gün başlayan iqtidara yürüşü həm ölkənin, həm də regionun çöhrəsini dəyişəcəkdi.
Bir müdət sonra London qonorarımı azaltdı, həm də az qala 25 faiz.
Etiraz etmək istəyirdim, ancaq dostum Famil İsmaylov (keçmiş “Zerkalo”çu, hazırda BBC-nin Rus xidmətinin rəhbəri) zəng vuraraq özünə xas təmkinlə “Doroqoy, bir az səbr elə, leyboristlər iqtidara gələndə maaş və qonorarlar yenə əvvəlki kimi olacaq” demişdi.
Ona belə bir cavab verdiyimi xatırlayıram: “Doroqoy, mən leyboristlərə inanmıram, sənə inanıram”. İkimiz də gülüşmüşdük.
Beləcə, yeni ödəmə sistemi ilə çalışdım bir müddət.
Mühafizəkarlar hər zamankı kimi “qaş düzəldən yerdə, göz şıxarırdılar”.
Doğrusu, sonralar maaşların artıq-artmaması barədə heç nə eşitmədim. Çünki 4 ay sonra – 2003-ün mart ayında prezident Heydər Əliyevin fərmanı ilə İstanbula Baş konsül təyin olundum. BBC ilə 6 illik çalışma həyatım sona çatdı…
Bu sabah baxıram ki, İngiltərədə keçirilən parlament seçkilərində 14 ildir iqtidarda olan Mühafizəkarlar partiyası görülməmiş bir nəticə ilə uduzublar.
Leyboristlər partiyası 650 yerlik İcmalar Palatasınnın 410, Mühafizəkarlar isə cəmi 131 yerini aldılar. Bu, Torilər (ing. Tories) üçün iki əsrlik siyasi tarixinin ən biabırçı məğlubiyyətidir.
Bu gün günortaya doğru Baş nazir Rişi Sunak istefa ərizəsini Kral III Çarlza tıqdim etdi. Böyük Britaniya monarxı qalib Leyboristlər partiyasının lideri Kir Stramerə yeni höküməti qurmağı tapşırdı…
Leyboristlər ənənəvi olaraq BBC-yə hər zaman “yaxşı baxıblar”.
61 yaşlı Stramerin yeni höküməti bu dəfə də 1922-ci ildə qurulmuş dünyanın ən köklü yayım quruluşuna yaxşı maliyyə dəstəyi verəcəkmi, bilmirəm. Ancaq bildiyim bəzi şeylər var ki, onları oxucularımla paylaşmaq istərəm (İngilislərin daxildəki vəziyyəti özlərinə qalsın, biz bizə maraqlı olacaq xarici məsələlərə bazaq).
Xarici məsələrədə radikal dəyişikliklər gözlənilmir.
“Avropa və qlobal təhlükəsizliyin təməl daşı” kimi Kir Stramer kabinəsi də NATO-ya sadiq qalacaq;
Birləşmiş Ştatların Londonun əbədi və şəksiz müttəfiqi olaraq qalacağı da təbiidir;
Maraqlı olan Leyboristlərin Ukrayna siyasətidir ki, burada Böyük Britaniya Kiyevə hərbi, maliyyə, diplomatik və siyasi dəstəyi davam etdirməyi planlaşdırır;
Hətta və hətta yeni hökümət Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək və onlardan Ukraynanın ehtiyacları üçün istifadə etmək yolunda da sələfinin siyasətini davam etdirəcək.
Son olaraq onu da qeyd edim ki, kim nə deyir, desin, ancaq biz Qarabağ Zəfərini məhz Mühafizəkarların hakimiyyətində qazanmışıq. Bunu da unutmaq olmaz, məncə…
İbrahim Nebioğlu
TEREF
 
 
 
Ardını oxu...
44 günlük müharibəyə qədər Azərbaycan balanslı siyasət aparırdı. Məsələ ondadır ki, 2020-ci ilə qədər bunun mümkün olmayacağını dəfələrlə yazılarımda yazıb və izah etmişdim. Nəinki Azərbaycan, bütün ölkələr seçim qarşısında qalacaqdı və qaldı da. Beləcə ölkələr tərəflərini seçmək məcburiyyətində qaldı. Bəli, məcburiyyətində. Çünki bu məsələdə dövlətlərin seçim şansı demək olar ki, yoxdur. Bunun da müxtəlif səbəbləri var: ticarət əlaqələri, təhdidlər, təzyiqlər, şantajlar, hakimiyyətlərin qorunub saxlanılması.
Azərbaycan 44 günlük müharibədən sonra yönünü, konkret olaraq, Şərqə doğru tutub. İlk olaraq Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında, ardınca Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında, dünən isə Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Yeri gəlmişkən, Pakistanla da Azərbaycan arasında bənzər Bəyannamə imzalanıb. Bütün Bəyannamələrdə açıq şəkildə qeyd olunur ki, dövlətlər münasibətlərini məhz bu sənədlə tənizmləyəcək. Yəni balanslaşdırılmış siyasət artıq tarix olub. Yəqin ki, bir də bu ifadəni eşitməyəcəyik. Rəsmi Bakı açıq şəkildə bildirir ki, Qərblə münasibətləri yalnız ticari əlaqələr üzərində qurula bilər. Azərbaycan hərbi, mədəni və digər sahələrdə isə daha çox Şərqə yön tutub.
Digər tərəfdən, Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindədir. Bundan əlavə isə 3+3 formatı da baş tutması real görünə bilər.
Çin və Rusiyanın əsas məqsədlərindən biri isə Türkiyəni NATO-dan çəkib çıxarmaqdır. Bunun o qədər də asan proses olacağını gözləmək doğru deyil. Bunun üçün ən azı böyük bir müharibənin baş verməsi lazımdır.
Azərbaycan Çinlə imzalandığı Bəyannamədə Tayvan məsələsi ilə bağlı ortaya konkret mövqe qoydu – Tayvan Çindir! Artıq ABŞ-nin xoşu gəlsin deyə, bu addımı atım, Çinin xətrinə dəyməsin deyə, “bu cür davranım”, anlayışı tarix oldu.
Şanxay Əməkdaşlıq Təşkilatı hələ ki iqtisadi təşkilat kimi fəaliyyət göstərir. Məsələ ondadır ki, ad fərqli də ola bilər, şərq cəbhəsində yer alan ölkələrin hərbi təşkilat qurmaq ehtimalı da yüksək görünür. Bütün bunların fonunda Türk Dövlətləri Təşkilatı (TDT) böyük əhəmiyyət kəsb edəcək. Bu təşkilat təbii ki, ancaq siyasi, iqtisadi və mədəni təşkilat olaraq qalacaq. Əslində, bu Təşkilatı Şərqlə Qərb arasında bufer zona kimi qiymətləndirmək olar. Azərbaycanda bir çoxları TDT-nin hərbi ittifaq olacağını, hətta Turan ordusunun qurulması yönündə fikirlər səsləndirirlər. Heç bir ölkə eyni vaxtda iki hərbi blokda təmsil oluna bilməz. Bu o deməkdir ki, Türkiyə NATO-dan, KTMT-də olan dövlətlər isə oradan çıxmalıdır. Hesab edək ki, belə bir hərbi təşkilat yarandı. Bunun təsir gücü nə qədər olacaq? Hər şeydən önəmlisi isə bu təşkilatda olanların heç birinin nüvə silahı yoxdur. Arzular, xəyallar, populizm…
Çinlə imzalanan Bəyannamədə açıq şəkildə qeyd edilir ki, milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar. Yəni Çin üçün Azərbaycanın, Azərbaycan üçün isə Çinin maraqları bundan sonra nəzərə alınacaq. Bu maddə Urumçi məsələsinə də aydınlıq gətirir.
Çinlə imzalanan Bəyannamədə diqqət çəkən bir məsələ isə “yeni beynəlxalq münasibətlər sisteminin yaradılması”dır. Görünən odur ki, Çin hazırkı münasibətlər sistemini dəyişmək istəyir və açıqca Azərbaycan da bunu dəstəkləyir.
Çin ABŞ və Rusiyadan (keçmiş imperiyaların hamısından) fərqli olaraq hərbi yolla yox, iqtisadi, maliyyə, sərmayə yatırımları ilə genişlənir, böyüyür. Bu Bəyannamədən sonra Çinin Azərbaycana ciddi sərmayə yatıracağını görəcəyik. Düzdür, tərəflər arasında hərbi sahədə konkret əməkdaşlıq məsələsi qeyd edilməsə də, Çin şirkətləri Bakıda keçiriləcək ADEX beynəlxalq hərbi sərgisində iştirak edəcək.
Digər məsələ isə “Bir kəmər, bir yol” layihəsi ilə bağlıdır. Görünən odur ki, Çin layihənin həyata keçməsi üçün gücünü ortaya qoyacaq. Hətta tərəflər multimodal daşımaların (yüklərin hərəkətini asanlaşdırmaq, yəni daha sürətli və daha səmərəli etmək üçün müxtəlif nəqliyyat vasitələrinin birləşməsidir – S.M.) inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirmək yönündə də anlaşıblar. Yəni Zəngəzur dəhilzinin açılması üçün Çinin əməli addımlar atacağını deyə bilərik.
Cəmiyyətin bir qismi qəbul etməsə də, görünən odur ki, Azərbaycan bilərək, istəyərək, hesablayaraq, üzünü Şərqə tutub. Hətta İranla da bənzər Bəyannamə imzalansa, təəccüb etməyəcəm. Şərq yolunun doğru, yoxsa yanlış olduğunu demək çətindir. Zaman göstərəcək…
Səxavət Məmməd
TEREF
 
Ardını oxu...
Günlərdir Rusiyanın Avropadakı "çeçələ barmağı", Macarıstanın baş naziri Viktor Orban Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün elçilik edir.

İlk öncə əvvəlki mövqeyini tam dəyişən Orban Ukrayna ilə bağlı "Bu doğru deyil, amma etiraz da etməyəcəyik" kimi açıqlamaları ilə yadda qalır, daha sonra gözlənilmədən Ukraynaya səfər edir.

Orban elə ilk görüşdə "sülh təklifi" ilə gəldiyini, müharibənin dayandırlmasını deyir.

Hansı ki, bu problemi, Türkiyə, Fransa, Finlandiya, Britaniya, Almaniya, ABŞ kimi böyük dövlətlər bu problemi həll edə bilməyib və Ukrayna-Rusiya arasında onlarla sülh danışıqları aparılıb. Hər dəfəsində də necə deyərlər, oyun pozulub.

Ukrayna haqlı olaraq bildirir ki, Rusiya onun ərazilərini işğal edib, rus qoşunu ərzilərdən çıxmalıdır və bu problem beynəlxaq qaydada, hüquqi müstəvidə həll olunmalıdır. Amma olmur...

Hələlik hər iki tərəf razılaşmır, Rusiya da işğalı davam etdirir. Diğər tərəfdən son günlər Macarıstanın baş naziri Viktor Orbanın özünü "oğlan evi" kimi aparıb ortaya atılması kifayət qədər ciddi məqamları ortaya qoyur və üstünü duman almış dağı bir qədər də görünən edir. Orbanın Ukrayna səfəri və dərhal sülh təklifi ilə çıxışı bu dağı lap aydınlandırır, tam görünən edir.

İllərdir beynılxalq tədbirlərdə Ukraynaya verilən maddi, mənəvi və hərbi dəstəyə qarşı çıxan, Ukraynanın NATO-ya, Avropa Birliyinə yolunu bağlayan dövlətin baş naziri gözlənilmədən Ukraynaya gəlir və sülh istəyir. Aydındır ki, onu Ukraynaya Rusiya göndərib...

Zelenski isə Orbanın təklifinə 3 dəfə cavab verib. İlk iki cavab onun xətrinə dəymədən, yünğül olsa da, Orbanın Ukrayna səfəri ilə bağlı "Ukrayna sülhdən imtina etdi" kimi açıqlaması Zelenskinin sərt cavabına tuş gəlir.

Zelenskinin son cavabı belədir: "Sadəcə atəşkəsdən danışmaq olmaz, plan lazımdır Prinsip etibarı ilə biz Putinə etibar edə bilmərik, çünki bizim üçün o, qatil və təcavüzkardır. Macarıstanın Rusiyanın təcavüzkar olduğunu, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıması vacibdir".

Bununla da Orbana lazımı cavab verilmiş sayılır.

Bəli, sülh təklifi ilə gələn dövlət başçısı ilk növbədə özü Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdır, təcavüzkarı adı ilə çağırmalıdır.
Yoxsa bu böyük oyunda "kiçik peşka" olduğun görünəcək.

Beləliklə, Ukrayna silahlanmaqda davam edir və artıq ABŞ Kiyevə daha uzaq məsafələri vurmaq üçün icazə vermə ərəfəsindədir. Bu o deməkdir ki, hədəf Moskvadır ki, Ukraynanın əlində olan uzaqmənzilli raketlər bu məsafə üçün yetərlidir.

Elə Orbanın gəlişinin də məqsədi təxmini bu qorxu idi. Putin artıq Rusiya paytaxtının vurulması qorxusu ilə üzləşib ki, bu da paytaxtdakı insanların hakimiyyətin üstünə qalxma ehtimalını artırır. Ötən ki, ABŞ Dövlət Departmentinin rəsmini təxmini belə bir cümlə işlətmişdi: "Qərb planlarına sadiqdir və məqsəd Rusiyanın içərlərinə irəliləməkdir".

Beləliklə, daşlar indi yerinə oturur...

P.S

Ötən gün Putinlə Ərdoğan arasında görüş olub. Görüşdə Ərdoğan da müharibənin dayandırılması üçün vasitçi ola biləcəyini təklif edib. Bunun dərhal ardınca Putinin mətbuat katibi Dmitri Peskov Türkiyə liderinin vasitəçi rolunu istisna edib - “Xeyr, bu mümkün deyil”.

Qeyd edək ki, Ərdoğanın vasitəçi iştirakına niyə qarşı çıxdığını Kreml hələ də izah etməyib.

Bizimxeber.az-ın
baş redaktoru Ədil Hüseynov
 
 
 

Ardını oxu...
İrəvan bir daha bəyan edir ki, Ermənistan-Azərbaycan sülh sazişi bir ay ərzində intensiv iş aparılmaqla imzalana bilər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstana rəsmi səfəri zamanı belə deyib.

“Biz inanırıq ki, bu, regionumuzda sabit sülhün qorunması və bərqərar olması üçün tarixi hadisədir. Regionda inkişaf, sabitlik baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini də müzakirə etmək istərdim. Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastrukturun və nəqliyyat kommunikasiyalarının tam blokdan çıxarılmasına sadiqik”, - deyə Mirzoyan gürcü həmkarı Darçiaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, bu, Arart Mirzoyanın son bir həftədə verdiyi növbəti oxşar bəyanatdır.

“Biz sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq və Ermənistan onu bir ay ərzində tamamlamağa və Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”, - deyə iyunun 27-də açıqlama verən Mirzoyan Azərbaycan tərəfini sülh sazişi təklifinə müsbət cavab verməməkdə ittiham etmişdi.

Ermənistanın xarici işlər naziri Estoniyaya rəsmi səfəri zamanı sülh müqaviləsinin mətni üzərində işlərin yekunlaşdırldığını söyləsə də, onun irəli sürdüyü iki şərt əslində, prosesin başa çatmadığını göstərir.

Ermənistan ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması və 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına dair bəndlərin sülh sazişinin mətninə daxil edilməsini istəyir.

Yəni Paşinyan sülh müqaviləsində Ermənistanın ərazisinin 29743 kv.km göstərilməsində israr edir. Rəsmi İrəvanın son ritorikası sülh müqaviləsinə üçüncü əlavə şərtin də irəli sürülməsindən xəbər verir. Paşinyan hakimiyyəti Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan madlərin ləğvi ilə bağlı referendumdan yayınır.

Əvəzində, son günlər rəsmi İrəvan ABŞ-nin vasitəsilə Azərbaycanı kompromis sülh variantına razı salmağa çalışır. Bu plan qeyd edilən üç təklif əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə turur. Əvəzində Ermənistan Azərbaycana Zəngəzur dəhlizinin açılmasını vəd edir.

Ararat Mirzoyanın Ermənistanın Azərbaycanla infrastrukturun və nəqliyyat kommunikasiyalarının tam blokdan çıxarılmasına sadiq olduğunu deməsi də məhz bunu nəzərdə tutur. Lakin Azərbaycanın Ermənistanda Konstitusiya referendumu keçirilməyənə qədər təklif edilən sülh sazişinə razılıq verəcəyi inandırıcı görünmür. Çünki Ermənistanın Konstitusiyası və qanunvericilik bazası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə yaradır.

İkincisi, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası üçün ilk növbədə, işğal altında saxladığı dörd kəndi Azərbaycana qaytarmalıdır. Bundan sonra sərhədlərin hansı xəritələr əsasında müəyyənləşcəyi razılaşdırılmalıdır. Əgər söhbət Sovet dövrünə aid xəritələrdən gedirsə, o zaman 1991-ci il deyil, 1920-ci il və ondan sonrakı müxtəlif dövrlərin sənədləri əsas götürülə bilər.

Yalnız dörd kəndində qaytarılmasından və delimitasiya və demarkasiya işlərinin yekunlaşmasından sonra aparılan geodeziya işləri nəticəsində hər iki ölkənin ərazi vahidi tam məlum olacaq. Bu zaman Azərbaycan və Ermənistan ərazi bütövlüyünün qarşılıq şəkildə tanınmasına dair müqavilə imzalaya bilər.

Müşfiq Abdulla
“Cebhe.info”
Ardını oxu...
İkinci tur həlledici olacaq və ya Fransada sağçıların qalibiyyəti nə vəd edir?

İyunun 30-da Fransada Parlamentin aşağı palatası olan Milli Assambleyaya növbədənkənar seçkilərin birinci turu keçirilib. Avropa Parlamentinə seçkilərdə olduğu kimi, 33,4 faiz səs toplayan Marin Le Penin sağçı Milli Birlik Partiyasının qələbə qazanacağı gözlənilir.

İkinci yerdə 27,98 faizlə sol blok “Yeni Xalq Cəbhəsi” qərarlaşıb. Üçüncü yeri 20,76 faiz səslə Prezident Emmanuel Makronun İntibah Partiyası tutub. Makron partiyasının məğlubiyyətindən sonra vətəndaşlara hansısa müraciəti etməyib.

Lakin Fransada seçki kampaniyasının yekun nəticələrinə yalnız iyulun 7-də, ikinci turdan sonra, deputat mandatlarının əsas hissəsinin bölüşdürüləcəyi vaxt yekunlaşacaq.

Fransa Milli Assambleyasına seçki hələ 2027-ci ildə keçirilməli idi. Bununla belə, iyunun əvvəlində Le Pen və Jordan Bardellin rəhbərlik etdiyi sağçı partiyanın qalib gəldiyi Avropa Parlamentinə seçkilərdən sonra Prezident Makron aşağı palatanın buraxıldığını və növbədənkənar seçkilərin keçiriləcəyini elan etdi.

Avropa Parlamentinə seçkilərdən sonra Makron dedi: “Bu, Avropanı müdafiə edən partiyalar üçün yaxşı nəticə deyil. Ona görə də heç nə olmamış kimi davrana bilmirəm. Konstitusiyamızın 12-ci maddəsində tələb olunan məsləhətləşmələri apararaq, mən səsvermə yolu ilə bir daha sizə parlament gələcəyimizin seçimini vermək qərarına gəldim. Ona görə də Milli Assambleyanı buraxdım”.

İlk turda sağçı Milli Birlik Partiyası qalib gəlib. Müttəfiqləri ilə birlikdə o, 33,4 faiz topladı ki, bu da sağ üçün mütləq rekord oldu. Bir neçə il əvvəl, 2022-ci il parlament seçkilərində Le Pen tərəfdarları 19 faiz nəticə ilə yalnız üçüncü yerdə olmuş və 577 yerlik Milli Assambleyada 89 deputatdan ibarət fraksiya təşkil etmişdilər.

Le Pen ilkin nəticələrin dərcindən sonra tərəfdarlarının mitinqində "Demokratiya sözünü dedi", söyləyib. Partiyanın Baş nazirliyə namizədi Jordan Bardella isə fransızların “apellyasiya şikayəti olmadan hökm çıxardığını” vurğuladı.

Birinci turun nəticələrinə görə ikinci yerdə “Yeni Xalq Cəbhəsi” adlı sol qüvvələrin - sosialistlərin, kommunistlərin, yaşılların və sol populistlərin koalisiyası qərarlaşıb. Solçular 27,98 faiz səs toplayıb. Seçicilərin cəmi 20,8 faizi Prezidenti dəstəkləyən mərkəzçi partiyalar blokuna səs verib. Dördüncü yerdə 6,6 faiz nəticə ilə mötədil sağçı respublikaçılar qərarlaşıb.

Makron özü koalisiyasının nəticəsini şəxsən şərh etməyib. Baş nazir Qabriel Attal onun adından prezidentyönlü koalisiyanın tərəfdarları qarşısında çıxış edib. Siyasətçi sağçılara qarşı respublikaçı qüvvələrinin birləşməsinin zəruriliyini bəyan edib.

Prezident isə xalqa yazılı müraciətlə çıxış edərək, yüksək fəallığa diqqət çəkib – fəallıq 67 faiz olub, əvvəlki parlament seçkilərində bu rəqəm 50 faizə belə çatmırdı. Onun fikrincə, bu, Fransanın “siyasi vəziyyətə aydınlıq gətirmək” istəyindən xəbər verir. Bundan əlavə, o, vətəndaşların ifrat sağçıların qələbəsini istəmədiklərini göstərmək üçün fransızları Milli Mbirlik Partiyasına qarşı “geniş, açıq-aydın demokratik və respublika mitinqinə” çağırıb.

Fransanın bir çox şəhərlərində Marin Le Penin partiyasının qələbəsinə qarşı nümayişlər keçirilib. Bəzi etirazlar iğtişaşlara çevrilib. Etirazçılar “Milli Birlik Partiyasının qalib gəlməsinə imkan verməyəcəyik!" və “Paris faşizmə qarşı!” şüarları səsləndirib, dükanların vitrinlərini sındırdılar və Fələstin bayraqlarını dalğalandırdılar. Parisdə polis gözyaşardıcı qazdan istifadə etməli olub.

Fransada parlament seçkiləri iki turda keçirilir və iyulun 7-nə təyin edilmiş ikinci turda seçki kampaniyasının nəticələrinə qərar veriləcək. İkinci tur namizədlərdən heç birinin 50 faiz səs toplaya bilmədiyi dairələrdə keçiriləcək. Birinci turda 12,5 faizdən çox səs toplayan bütün namizədlər vəsiqə qazanacaqlar. Əksər hallarda üç namizəd - Milli Assambleyadan, sol blokdan və prezidentyönlü koalisiyadan mübarizə aparacaq.

Le Pen ikinci turun yüksək əhəmiyyətinə diqqət çəkərək deyib: “Hələ heç nə qazanılmayıb. İkinci tur həlledici olacaq”, - deyə o bildirib.

Müxtəlif sorğulara görə, Le Penin partiyası 295 yer tuta bilər. Bu, hətta mütləq səs çoxluğu əldə etmək hüququnun mümkünlüyünü istisna etmir (bunun üçün 289 mandat lazımdır), lakin belə bir nəticənin olma ehtimalı çox da yüksək deyil.

Amma istənilən halda Milli Birlik Partiyası Milli Assambleyada ən böyük fraksiyaya çevriləcək: solçu qüvvələr yalnız 180-200 yerə, Prezidentin tərəfdarları isə yalnız 60-90 yerə arxalana bilər.

Nəticədə Milli Birlik Partiyasının hazırkı sədri Cordan Bardella ölkənin Baş naziri olacağına deyərək, “hamını dinləyəcəm, müxalifətə hörmətlə yanaşacam, dialoqa açıq olacam və millətin birliyi üçün çalışacam” vədini verib.

Birinci turdan sonra mərkəzçi və solçu siyasətçilər ikinci raunddan əvvəl ifrat sağçılara qarşı birləşməyin zəruriliyindən danışmağa başladılar. Solçu “Yeni Xalq Cəbhəsi”nin lideri Jan-Luk Melenşon artıq üçüncü yeri tutacaqları təqdirdə ikinci turda koalisiya namizədlərini çıxaracağını vəd edib. Problem ondadır ki, həm solçu, həm də mərkəzçi namizədlər eyni vaxtda bülletendə olarkən, Le Penin rəqiblərinin səsləri onların arasında bölünəcək, lakin heç biri qalib gəlməyə kifayət etməyəcək. Sağdan gələn namizədin yalnız bir rəqibi qalıbsa, o zaman onun solun və mərkəzin bütün səslərini toplayaraq qalib gələ bilmə şansı var.

Oxşar taktikanı prezidentin müttəfiqi, keçmiş Baş nazir Eduard Filip də təklif edib. Hətta hazırkı Baş nazir Qabriel Attal da Emmanuel Makronun tərəfdarlarını “Respublika dəyərlərini müdafiə edənlər”lə birləşdirmək imkanından danışıb. Lakin məsələn, solçuları Milli Birlik Partiyasından heç də az təhlükəli hesab etməyən maliyyə naziri Bruno Le Maire onlarla razılaşmayıb.

Eyni zamanda, Marin Le Penin partiyası özü də prezidentə deyil, ilk növbədə radikal sola hücum etməyə başlayıb. Jordan Bardella “Yeni Xalq Cəbhəsi”ni "millət üçün mövcud təhlükə", polisi tərksilah edəcək və sərhədləri miqrantlara açacaq "mənəvi sərhədləri" olmayan bir partiya adlandırıb.
Müəllif: Turan Abdulla
ayna.az
 
 
 
Ardını oxu...
Milli Məclisdə öz işiylə, vəzifəsi ilə məşğul olmayan çoxlu deputat var. Onlardan 2-si xüsusilə seçiləndir. Biri Jalə Əhmədova digəri isə Vüqar İsgəndərov…

Bu deputatların üzərində xüsusi dayanmağım isə onların fəaliyyətlərində nəzərəçarpan məqamlardır.

Dünyanın güclü, inkişaf etmiş ölkələrində parlament mühüm səlahiyyətlərə malik ali hakimiyyət orqanıdır.

Parlamentin hökumət üzərində nəzarəti həmin dövlətin inkişafı üçün mühüm amil hesab edilir.

Azərbaycanda da parlament var.

Konstitusiyaya görə, Milli Məclis dövlətin əsas məsuliyyətini bölüşən ikinci ali hakimiyyət orqanıdır.

Təəssüf ki, Azərbaycan parlamentində bir neçə nəfər istisna olmaqla, əksər çoxluq üçün vətəndaşların hüquqlarının müdafiəsi prioritet təşkil etmir.

Hökumətin hesabatı, yaxud da büdcə zərfinin müzakirəsinə həsr olunan iclaslarda deputatlarımız hökumətdən tələb, təklif, tənqiddən daha çox, ayrı-ayrı nazirlərə yarınmaq mühiti yaradırlar.

Milli Məclisdə vətəndaşın hüquqları, problemi haqqında danışan 10-12 nəfər istisna olmaqla, əksəriyyət üçün bu anlayış yoxdur.

Sadəcə susurlar.

Ancaq bu deputatlar ictimai status qazanmaq, mövcudluğunu göstərmək də istəyir.

Özləri dərk etməsə də seçdikləri yol onların ictimai əhəmiyyətini ümumiyyətlə, yox edir.

Yuxarıda adlarını qeyd etdiyimi bu iki deputatı götürək.

Harada mənasız tədbir, reket üsulları ilə mükafatlandırma mərasimləri varsa, orada başda otururlar.

Son illər iş adamlarına, deputatlara müxtəlif adlar altında geydirmə mükafatlar verilir.

Sadəcə bu mükafatları gözə soxan onun təqdimat mərasimlərinin bahalı otellərdə təşkilidir.

Həmin mərasimlərin simasına çevrilən Hacı Nuranla şəkil çəkdirmək yarışına duran bu zavallılar Milli Məclis kimi bir orqanın deputatı olduqlarının fərqinə varmırlar.

Axı, sən du-yure on minlərlə sakini olan bir şəhərin, rayonun deputatısan.

Özünü ifadə etməyin üçün çox yol var.

Ölkədə danışılası o qədər mövzu var ki, onunla gündəmə gələ bilərsən.

Tənqidə cəsarətin yoxdursa, təkliflə çıxış elə. Seçicilərindən aldığın palaz-palaz şikayət məktublarını ümumiləşdir, təhlil et və onları təklifə çevir.

Gedib, heç bir ictimai yükü olmayan təbdbirlərdə plaket alıb poz vermək deputatın işi deyil.

İndi seçkiyə gedəcəksiz, seçicinizə verməyə bir hesabatınız varmı?

Pərviz Həşimli
Gununsesi.info
 

Dünyapress TV

Xəbər lenti