Bülbüloğlunun pis mirası – Rusiyadakı yeni səfirdən gözləntilər nədir?
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayevi geri çağıraraq Rusiya Federasiyasına səfir təyin edib. Polad Bülbüloğlunun 18 illik diplomatik karyerasının sona çatması ilə Azərbaycanın Şimal qonşusunda səfiri də dəyişdi.

R.Mustafayev Avropadan qayıtsa da, Rusiya ictimai-siyasi mühitinə yad diplomat deyil. 61 yaşlı səfir 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. Karyerasının 1994–1997-cı illər dövründə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katib işləyib.1997–1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə yenidən Azərbaycanın Rusiyadakı səfiriliyinə qayıdaraq müşavir vəzifəsini tutub.

Rəhman Mustafayevdən həm Azərbaycan cəmiyyətinin, həm Rusiya ictimai-siyasi həyatına qaynayıb-qarışmaq istəyənlərin, həm də bu ölkəyə çörək dalınca üz tutmuş yüzminlərlə azərbaycanlı miqrantın gözləntiləri var.

Rusiya, Azərbaycan dövləti qədər azərbaycanlılar üçün də vacib ölkədir. İttifaq dövründən qalan bağlar, müstəqilliyin ilk illərindəki çətin sosial-iqtisadi şəraitin diqtəsi altında başlayan iqtisadi-ticarət əlaqələri sonrakı dövrlərdə daha da genişlənərək milyonları əhatə edib. Bu ölkəyə əmək miqrantı kimi üz tutan başqa postsovet ölkələrinin vətəndaşları ilə yanaşı azərbaycanlıların da dolanışığı rus bazarlarından çıxıb. Son illərdə Rusiyanın cəlbediciliyi xeyli azalsa da, böyük bazar kimi yenə də əhəmiyyətini qoruyub saxlayır. Bu ölkədən qazanılıb göndərilən yüz milyonlar Azərbaycanla yanaşı digər ölkələrdə sosial-iqtisadi sabitliyin qorunmasında, rifahın təmin olunmasında rol oynayır.

Əlbəttə, Rusiyada yaşayıb, işləyən azərbaycanlılar üçün şərait güllük-gülüstanlıq olmayıb. Rusiya kriminal şəbəkələrin ən geniş yayıldığı ölkələrdən biridir, hətta onu postsovet ölkələrindəki cinayətkar qrupları birləşdirən mərkəz də adlandırmaq olar. On illərdir bu şəbəkələr arasında gedən nüfuz müharibələri minlərlə insanın həyatını itirməsinə səbəb olub. Azərbaycanda az-az kəndlər tapmaq olar ki, onun azı 1 sakini Rusiyada öldürülməsin. Ölkənin hüquq-mühafizə orqanlarının bərbad işi, bir çox hallarda kriminal qruplaşmalarla ortaq hərəkət etməsi miqrantlar üçün ən böyük problemlərdən biri olub. Belə çətin şəraitdə əmək miqrantlarının ümid yeri ölkəsinin Rusiyadakı səfirliyi, konsulluqları olmalıdır. Amma təəssüf ki, Azərbaycan səfirliyi həmvətənlərimizin bu ümidlərini heç vaxt doğrultmayıb. İctimailəşən bəzi insidentlər xaric, başda Polad Bülbüloğlu olmaqla, azərbaycanlı diplomatların vətəndaşların problemləri ilə məşğul olduğunu görən olmayıb. Məsələn, ötən 3 onillikdə minlərlə azərbaycanlı Rusiyada kriminal razborkalarda öldürülsə də, onların qanı batırılıb, çünki hüquq-mühafizə orqanlarından araşdırma tələb edən səfirlik olmayıb…

Yaxud, Azərbaycan səfirliyinin qapıları sənədələri qaydasında olmayan, digər səbəbələrə görə çətinliklərlə üzləşən azərbaycanlıların üzünə bağlı olub. Mediada konsulluq xidmətlərində dəfələrlə rüşvət, korrupsiya, süründürməçilik halları barədə şikayətlər dərc edilsə də, nəticəsiz qalıb.

Rusiyada 2 milyona yaxın azərbaycanlının yaşadığı haqda statistik məlumatlar var: olduqca böyük rəqəmdir, onların 600 minə qədəri bu ölkənin vətəndaşlığını əldə edib. Amma bu rəqəmlərin müqabilində Rusiyadakı Azərbaycan diasporu hansı vəziyyətdədir? Səfirlik azərbaycanlıların təşkilatlanması, rus ictimai-siyasi mühitində aktiv iştirak etməsi ilə bağlı hansı işi aparıb? Azərbaycanlılar seçkili orqanlarda necə təmsil olunurlar, mediada, vətəndaş cəmiyyətində, siyasi partiyalarda və başqa sahələrdə niyə azdırlar?

Bunlar Azərbaycan dövlətinin Rusiyadakı maraqlarından biridir – ictimai-siyasi sferada yetərli səviyyədə təmsil olunmaq, nüfuz qazanmaq, yumşaq güc əldə etmək… Bu işi təşkil etmək ilk növbədə Azərbaycanın bu ölkədəki səfirliyinin üzərinə düşür.

Azərbaycan Respublikasının bütün yüksək dövlət mükafatlarını əldə etmiş Polad Bülbüloğlu 18 illik səfirliyi dövründə dövlət maraqlarını olduqca pis təmsil edib, ictimai çıxışlarında bəzən onu rus məmurlarından fərqləndirmək çətin olub. Burada Rusiya Prezidenti V.Putinin onu xidmətlərinə görə “Aleksandr Nevski ordeni” ilə təltif etməsi o qədər də təəccüblü görünmür. Çünki bir səfir kimi o Rusiya hökumət orqanlarını azərbaycanlıların problemlərinə görə az narahat edib, bəlkə də heç etməyib...

Yeni səfir Rəhman Mustafayevin Rusiyadakı diplomatik fəaliyyətinə sadalanan problemlərin öyrənilməsindən başlaması yaxşı olardı. O, səfirliyi Bülbüloğlunun dünya görüşünə uyğunlaşdırılmış idarəetmədən çıxarıb dövlət maraqlarına, azərbaycanlılara xidmətə qaytarmalıdır. Bu, səfir kimi ondan hamının gözləntisidir./azpolitika.info
 

Bölmənin digər xəbərləri

05 Oktyabr 2024 Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
05 Oktyabr 2024 Bakıda yeni bulvar salınır – VİDEO
05 Oktyabr 2024 Dünyanın ən uzun yaşayan canlısı – Qrenlandiya köpəkbalığı
04 Oktyabr 2024 Tolyattidə qanla boğulan türmə qiyamı – Şelokov Brejnevdən razılıq alıb və qoşun yeridib.
04 Oktyabr 2024 Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı
03 Oktyabr 2024 “NAZİR, HEÇ YÜZ METR ARALIDAKI MƏKTƏBLƏ DƏ MARAQLANMIR...” – “Azərbaycan məktəbi deqradasiyaya uğrayıb”
03 Oktyabr 2024 Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
03 Oktyabr 2024 SSRİ dövrünün ən qalmaqallı şərabçılıq maxinasiyası – Mikoyan erməni və gürcü caniləri güllələnmədən xilas edib.
02 Oktyabr 2024 "Hizbullah" Qəbələ RLS-i buna görə PARTLATMAQ İSTƏYİB - ŞOK DETALLAR
02 Oktyabr 2024 Kürdəmirə getmək üçün Bakıdan yola düşdü, 8 ildir bir xəbər yoxdur – MÜƏMMALI OLAY
02 Oktyabr 2024 "Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
02 Oktyabr 2024 Naməlum dövlətin vətəndaşı aeroport işçilərini ŞOKA SALDI: izi-tozu da yoxdur
01 Oktyabr 2024 Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
01 Oktyabr 2024 Baş prokuror: "Səfirliyimizə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir"
01 Oktyabr 2024 Azərbaycanda yüksək vəzifədə işləyən 70 yaş və yuxarı ən yaşlı İcra başçılarının siyahısı
30 Sentyabr 2024 Sumqayıtda yanğınla nəticələnən partlayış baş verib
30 Sentyabr 2024 İsrail daha bir Hizbullah liderini öldürdü
30 Sentyabr 2024 “Mətanət – A” şirkəti məhkəməyə üz tutdu
29 Sentyabr 2024 Xronika: Elçilikdə "zər bizdə zibil kimidir" sözü ilə Qamışlı kəndinin adı dəyişdi
29 Sentyabr 2024 Göygöldə dəhşət: 2 yaşlı uşaq vəhşicəsinə döyüldü - FOTO

Dünyapress TV

Xəbər lenti