Gözlər “altılı masa” – “Millət ittifaqı” -nda...
Ankarada “altılı masanın” – “Millət ittifaqının” liderlərinin Səadət Partiyasının binasında toplantısı davam edir. Bu toplantı “Millət ittifaqının” prezidentliyə vahid namizədini müəyyənləşdirməlidir.
Böyük ehtimalla prezidentliyə namizəd Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu olacaq. O parlamentdə ana müxalifət partiyasının lideri kimi iddialıdır. Namizədliyini bu dəfə də irəli sürməsə, partiyadaşları arasında və cəmiyyətdə nüfuzunu itirəcək.
Prezidentliyə namizəd kimi adları çəkilən digər iki fiqur – İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və Ankara bələdiyyə başçısı Mənsur Yavaş Kamal Kılıçdaroğlu qədər iddialı deyillər. Bu iki bələdiyyə başçısı “altılı masanın” istənilən qərarını dəstəkləyəcəklər.
“Altılı masada” yer alan liderlərin əksəriyyəti Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə hazırdır, sadəcə İyi Partiyasının lideri Meral Akşener qərar verməkdə çətinlik çəkir.
Meral Akşener qalib gələ biləcək siyasətçinin prezidentliyə namizəd olmasını istəyir. Görünür Akşener hesab edir ki, Əkrəm İmamoğlu və ya Mənsur Yavaş namizəd olarsa müxalifətin hazırki Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üzərində qələbə çalmaq ehitmalı yüksələcək. Ancaq fikirmcə, Meral Akşener sonda Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmək məcburiyyətində qalacaq.
Müxalifətin vaxtı daralır, namizəd məsələsini yubatması əleyhinə işləyəcək. Əgər seçki mayın 14-də keçiriləcəksə, seçki kampaniyası üçün 70 günə yaxın zaman qalacaq. Bu Türkiyənin tamamında seçki kampaniyası aparmaq üçün kifayət etməyə də bilər.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti