Bir millət, iki dövlət və bir e-Dövlət.
Son zamanlar Türkiyədə şirkət açıb biznes qurmaq istəyənlər, Türk vətəndaşı ilə evlənənlər, Türkiyədə yaşamaq və ya işləmək üçün miqrasiya etmək istəyənlər, təhsil və digər xidmət almaq istəyənlər xeyli artıb.
Eyni zamanda Türkiyənin, Türkiyə vətəndaşlarının, dövlət qurumlarının və biznesin də Azərbaycanla oxşar əlaqələri, inteqrasiyası xeyli güclənib.
Belə bir şəraitdə isə hər iki dövlətin vətəndaşlarının və biznesin müxtəlif xidmətlərə, ilk növbədə dövlət xidmətlərinə ehtiyacı yaranır.
Bu ehtiyacı daha asan üsulla necə reallaşdırmaq olar ?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-09_1662388787_1.jpg
Türkiyənin Samsun şəhərində keçirilən TEKHNOFEST-də diqqət çəkən maraqlı məqamlardan biri də məhz bununla, iki dövlətin dövlət strukturlarının inteqrasiyası ilə bağlı olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Türkiyə Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç TEKHNOFEST-də açıqlama veriblər ki, Türkiyənin “e-Devlet Kapısı” portalına Azərbaycanın e-gov.az və paralel olaraq my.gov.az şəxsi kabinetinin inteqrasiyası həyata keçirilir.
Bununla da, hər bir Türkiyə vətəndaşı ölkəsini tərk etmədən turkiye.gov.tr üzərindən Azərbaycanda onlar üçün göstərilən elektron xidmətlərə müraciət edə bilər.
Teref.az yazır ki, bunu Azərbaycan İnternet Forumu (AİF) prezidenti Osman Gündüz deyir. Daha sonra Osman bəy
deyir:
Azərbaycan vətəndaşları da elektron hökumət portalına daxil olaraq oradan Türkiyənin elektron dövlət xidmətlərinin göstərildiyi “e-Devlet Kapısı” portalına keçid edib uyğun xidmətlərə müraciət edə bilərlər.
Düşünürəm ki, dövlət sistemlərinin inteqrasiyası ilə ortaq xidmətlər təklif etmək, dövlətlərin əməkdaşlığı sahəsində yeni bir yanaşmadır.
Müvafiq dövlət xidmətlərini ölkəni tərk etmədən əldə etmək imkanı yaratmaq olduqca faydalı və effektiv bir yanaşmadır.
Güman ki , növbəti addımlarda, adı çəkilən qurumlar arasında imzalanan memoranduma əsasən Azərbaycan və Türkiyə dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi ilə vahid bir e-Dövlət modeli də qurulacaq.
Bu isə daha çox sayda xidmətlərə effektiv formada əlçatanlığı təmin edəcək.
Yeri gəlmişkən, xatırlayıram ki, ötən il keçirilən TEKHNOFEST-də nazir Rəşad Nəbiyev də elektron imzanın unifikasiyası ilə bağlı Türkiyə ilə Azərbaycan arasında ilkin razılaşmalar əldə olunduğunu bildirmişdi.
Eyni zamanda, ASAN-a dəxli olmayan ASAN İmzanın əlçatanlığının problemli olduğu bir zamanda RİNN daha effektiv , səmərəli və əlçatan olan SİMA rəqəmsal imzasını yaratmaqla və ASAN loginə inteqrasiya etməklə e-Gov və MyGov-u da vətəndaşlarımız üçün daha da əlçatan edib.
Beləliklə , bütün bu addımlardan sonra gözləmək olar ki, "Bir millət, iki dövlət" deyimi, gələcəkdə "Bir millət, iki dövlət və bir e-Dövlət" olaraq yeni mahiyyət kəsb etmiş olacaq.
Osman Gündüz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti