PUTİNİN AZƏRBAYCANA “RUS DİLİ MİNNƏTİ” –
"Yalnız işğalçılar, qullar və axmaqlar milli dildə ünsiyyət qurmazlar"

Vladimir Putin ötən gün xarici media agentlikləri rəhbərləri ilə görüşündə Azərbaycanda 300-dən çox rus məktəbinin olmasından məmnunluğunu ərz edib və ölkəmizdə rus dilinin tədrisinin Rusiya üçün çox vacib olduğunu gizlətməyib: “Bu, nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan rəhbərliyi rus dilinin Azərbaycan vətəndaşlarına lazım olacağından çıxış edir. Nə üçün? İkitərəfli əlaqələri inkişaf etdirmək üçün...”

Təbii ki, Azərbaycan rus dili və rus məktəbləri məsələsində olduqca praqmatik və doğru siyasət yürüdür. Çünki rus dili və rus məktəbləri amili hələ ki, xüsusilə də Putin Rusiyasının hazırkı şizofrenik imperiyaçılıq ambisiyalarına xidmət edən xarici siyasəti fonunda önəmli rola malikdir.

Lakin şəxsən Putinin dilindən ikitərəfli münasibətlərdə rus dili və rus məktəblərinin əhəmiyyətinin bu dərəcədə şişirdilməsi təhlükəli tendensiya təsiri bağışlayır. “Rus dili Azərbaycan vətəndaşlarına lazım olacaq” ifadəsinin altında hansı mənaların gizləndiyini anlamaq çətin deyil. Çünki burada söhbət yalnız Rusiyada yaşayan və işləyən azərbaycanlıların rus dili tələbatı nəzərdə tutulmur. Açıq-aşkar Rusiyanın siyasi, iqtisadi, hərbi və s. təsirlərinin bu torpaqlarda hələ uzun illər boyu qalacağına işarə edilir. Rusiya isə bu təsirlərin, xalqların Rusiyadan uzaqlaşmaq istəyinin sonda nəylə nəticələndiyini Ukrayna nümunəsində açıq-aşkar büruzə verdi...

Digər yandan, Putinin dediyi kimi, əgər doğrudan da “ikitərəfli əlaqələrin inkişafı üçün” azərbaycanlıların mütləq rus dilini bilməsi, rus məktəblərində oxuması şərtdirsə, həmin məntiqlə Ruysiyada da Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün ruslar Azərbaycan məktəblərində oxumalı və Azərbaycan dilini bilməlidirlər...

Keçmiş SSRİ məkanında Azərbaycan yeganə ölkədir ki, ərazisində on illər boyu Rusiyanın bəslədiyi separatçı qüvvənin və ərazinin mövcudluğuna rəğmən Rusiya ilə mükəmməl münasibətlər qurmağa, daha sonra isə həm separatizmin kökünü kəsməyə, həm də Rusiya silahlı birləşməsinin ölkə ərazisini tərk etməsinə nail olub. Bu gün də rəsmi Bakı xüsusilə Rusiyaya münasibətdə davam etdirdiyi olduqca bacarıqlı xarici siyasəti sayəsində Kremlin hazırkı aqressiv, işğalçı və təhlükəli xarici siyasətinin Azərbaycana təsirini neytrallaşdıra bilib.

Lakin Kreml nəinki öz təbliğatçıları, hətta şəxsən Putin səviyyəsində öz davranışları və açıqlamaları ilə qətiyyən imperiyaçılıq maraqlarından vaz keçmədiyini və ətraf ölkələri öz iradəsinə tabe etdirmək siyasətini davam edəcəyini nümayiş etdirir. Məhz buna görə Kreml Azərbaycan da daxil olnmaqla, bütün MDB məkanı ilə sözün həm hərfi, həm də məcazi mənasında “RUS DİLİNDƏ” danışmağa çalışır. Lakin “rus dünyası”nın əsas parçası və ətraf ölkələrə qarşı əvvəlcə “yumşaq güc”, son zamanlar isə həm də qaba və hərbi gücün simvolu, nəhayət, işğal üçün bəhanə kimi istifadə olunan bu dil getdikcə sivil dünyada daha çox ikrah hissi ilə qarşılanır.

Bu gün Rusiya, Belarus və hələ ki, bir neçə Orta Asiya ölkəsi istisna olmaqla, bütün dünyada rus dilinə avtoritarizm, geridəqalmışlıq, işğalçılıq, imperiyaçılıq, özbaşınalıq və s. dili kimi baxırlar. Ona görə də rus dilndə təhsil alan azərbaycanlı bu dildən sözügedən ölkələrdən başqa heç yerdə istifadə edə bilməyəcək. Hətta xaricdəki ruslar da öz dillərində danışmamağa, rus olduqlarını gizlətməyə çaslışırlar. Bu dildə yazıb-yaratmış böyük mütəfəkkirləri olan Rusiyanın özünə qətiyyən başucalığı gətirməyən bu eybəcər mənzərənin fonunda, onun yaranmasının əsas baiskarlarından olan Putinin Azərbaycanda rus dilinin öyrənilməsinin əhəmiyyətindən danışması tragikomik təsir bağışlayır.

Lakin bu gün dünyada dağılmayan azsaylı imperiyalardan biri olan Rusiyanın da bir gün digərləri ilə eyni aqibəti yaşayacağı qaçılmazdır. Bu, tarixi zərurətdir və biz məhz həmin günə hazır olmalıyıq. O zaman rus dili də imperiyaçılıq, işğalçılıq simvolundan çıxacaq və adi ünsiyyət vasitəsinə çevriləcək. Ümid edək ki, artıq heç olmasa həmin gün bir çox azərbaycanlılar uşaqlarını rus məktəblərində oxutmaq üçün yaxalarını cırmayacaq, növbələrə durmayacaqlar...

“Rus dünyası”nın simvollarından birinə çevrilmiş “Rusiya - rus dili bitən yerdə bitir” ifadəsi Azərbaycana da aiddir. Bizdəki rus dili və “rus dünyası aşiqləri” də anlamalıdırlar ki, Azərbaycan da Azərbaycan dili bitən yerdə bitir. Rus dili də daxil olmaqla, digər dilləri bilməkdə heç bir qəbahət yoxdur və hətta bu, bəzi hallarda vacibdir. Lakin ilk növbədə öz dövlət dilimiz, milli dilimiz hər dildən başda, ucada durmalıdır. Karl Marksın məşhur ifadəsində deyildiyi kimi: “Yalnız işğalçılar, qullar və axmaqlar milli dildə ünsiyyət qurmazlar".

Cəlal Məmmədov

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti