Türkiyənin NATO-nun ən vacib və güclü ikinci ölkəsi olması bizim üçün artıq kiçik "çətir" effekti yaradıb - yaradır - yaradacaq...
Azərbaycan Laçında, ÖZ sərhəddində ÖZ Konstitusitasına və beynəlxalq hüquqa əsaslanaraq sərhəd-keçid məntəqəsi qurmasına bəzi ölkələrdən və təşkilatlardan gələn reaksiyanı öyrəndikcə, oxuduqca aydın olur ki, çox yumşaq notlarla, "xala xətrin qalmasın", yanaşması ilə verilən bəyanatlardır.
Səbəbiləri çoxdur:
1) Əgər indi Qərb, "Qarabağ xalqı öz müqəddəratını təyin edə bilər", desə, "Xankəndinə gedən yola Azərbaycan nəzarət edə bilməz, bu humanitar məsələdir", söyləsə, həmən Kreml onların başına çökərək, "Bəs Donbas xalqı, Krım da öz müqəddəratını təyin edib də, niyə qəbul etmirsiz", deyəcək, "Bəs Krıma gedən yollara Ukrayna niyə etiraz edir, siz niyə o yolları vurursuz, axı bu da humanitar məsələdir", söyləyərək hücuma keçəcək,
2) Qərbdə də "erməni məsələsindən" yorulublar, artıq heç bir divident gətirmir, ancaq başağrısıdır - əvvəl Türkiyəyə və Azərbaycana təzyiq kimi işlək idi, indi gündə 10 dəfə "genosid" deyirlər Ankara vecinə almır, rəsmi Bakı isə Qərbin ən yaxın müttəfiqinə çevrilib, nə istəsələr imtina gəlmir, bizim öz neft-qazımız bir qırağa, hətta Qazaxstan neftinin, Türkmənistan qazının Rusiyadan yan keçirməklə Qərbə nəqlini də Bakı üzərindən həll edirlər,
3) Ukrayna xalqının qəhramanlıq mücadiləsi dünyanı sürətlə "post-Putin" və zəifləmiş Rusiya dönəminə hazırlaşmağa vadar edir. Cənubi Qafqazda və Orta Asiyada Rusiyadan boşalan yeri nə İran, nə da AB və ABŞ-dan ayrı olaraq təkbaşına Fransa tuta bilməz, artıq oturuşmuş əlaqələri və təsir mexanizmləri olan tək ölkə Türkiyədir - NATO üzvü olan Türkiyənin bu boşluğu doldurması Qərb üçün də maraqlıdır (həm də Çin məsələsimə görə),
4) Ermənistan üçün gələcəkdə böyük təhlükəsizlik "çətiri" lazım olacaq - 300 ilə yaxın, hər mənada başlarında tutduqları "rus çətiri" onlara ancaq bəla gətirdi, indi "post-Rusiya" dönəmi üçün yeni "çətir" lazımdır, bu isə ancaq NATO üzvlüyü və qonşularla normal münasibət ola bilər - ümumiyyətlə, Cənubi Qafqazda bütün problemlərin köklü həlli ancaq ÜMUMİ təhlükəsizlik, iqtisadi və büquqi məkanda birləşməkdən keçir. Yəni, Ermənistanın NATO üzvlüyü digər iki Cənubi Qafqaz ölkələrsiz mənasız olacaq, deməli, konsepsiya daha geniş "çətir" yaradılmasına doğru dəyişir.
Ona görə də, xaricdən gələn reaksiyalara bənd olmadan gələcək yeni fraqmental dünyada öz yerimizi daha möhkəm təməllər üzərinə inşa etməliyik, bunun üçün isə sülh, sistem islahatları və böyük "çətir" önəmlidir - zatən Türkiyənin NATO-nun ən vacib və güclü ikinci ölkəsi olması bizim üçün artıq kiçik "çətir" effekti yaradıb - yaradır - yaradacaq...
Natiq Cəfərli
Teref.az

Dünyapress TV

Xəbər lenti