Ermənistanda Aİ missiyasına qarşı Rusiyadan daha bir sərt ittiham - “dağıdıcılıqdır”...
Məhərrəm Zülfüqarlı: “Əslində belə sərsəm açıqlamalar qarşıdurmalara zəmin yaratmağa xidmət edir”
Bu günlərdə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının rəhbəri Markus Ritter səlahiyyətlərini aşacaq bir açıqlama ilə çıxış edib və onun bu fikirləri birmənalı qarşılanmayıb.

M.Ritter iddia edib ki, Azərbaycan yazda Ermənistana hücum etməsə, bu, Aİ-nin monitorinq missiyasının uğur qazanması anlamına gələcək: “Bir çox erməni əmindir ki, yazda Azərbaycan hücuma başlayacaq. Əgər bu baş verməsə, o zaman bizim missiyamız uğurlu olacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyi dərhal buna münasibət bildirərək Aİ təmsilçisinin belə məsulyətsiz açıqlama ilə çıxış etməsini qınadı: “Aİ Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq”.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da M.Rittenin bu yanaşmasını sərt tənqid edib: “Missiyanın rəhbəri Markus Ritterin bəyanatları Aİ-nin regiondakı niyyət və hərəkətlərinin dağıdıcılığını təsdiqləyir. Heç vaxt nizamlanmaya vasitəçilik etməyən, heç vaxt əlavə dəyər gətirməyən, praktiki nəticə əldə etməyənləri eşitmək çox da vacib deyil. Üstəlik, Brüsseldə onlar Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasında və mövqelərin yaxınlaşmasında maraqlı deyillər”.

“Bu baxımdan Rusiyanın da bunu pisləməsi müsbət haldır”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, belə məsuliyyətsiz açıqlamalar regionda sabitliyə xidmət etmir: “Əksinə, yeni qarşıdurmalara şərait yaradır. 1988-ci ildə erməni separatizmi baş qaldırandan sonra Cənubi Qafqazda maraqlı oyunçular çoxdur. Xüsusən də xaricdən olan qüvvələrin timsalında bu özünü daha çox göstərir. Əvvəl biz bunu görmürdüksə, amma 44 günlük Vətən müharibəsindən sonra belə oyunlar özünü daha çöx göstərməyə başladı. Əsasən də Fransanın timsalında. Məlum oldu ki, Fransa bilavasitə erməni separatizminə himayədarlıq edirmiş. İndi Avropa İttifaqında aparıcı olan dövlətlər Almaniya və Fransadır. Fransanın canfəşanlığı özünü biruzə verir və Avroittifaqın rəhbər strukturlarında fransızlar güclü təsirə malikdilər. Əfsuslar olsun ki, onların bu oyunlarına Almaniya da ortaq olur. Məlum olduğu kimi, Aİ-nin Ermənistan sərhədindəki missiyasında almanlar da təmsil olunur. M.Ritten də Almaniyanı təmsil edir. Aİ təmsilçiləri hesab edirlər ki, Rusiya Ukraynada zəifləyir və bu da onlara Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə imkan verir. Ona görə də Aİ-nin Monitorinq Missiyası bu cür sərsəm bəyanatlar verməklə, guya sülhpərvər siyasət yeridir. Əslində belə sərsəm açıqlamalar qarşıdurmalara zəmin yaratmağa xidmət edir. Bu baxımdan Rusiyanın da bunu pisləməsi müsbət haldır. Azərbaycan Ermənistana hücum etmək niyyətində deyil. Azərbaycan regionda sabitliyin yaranmasında maraqlıdır. Ona görə də M.Rittenin səsləndirdiyi sərsəm fikirlərin heç bir əsası yoxdur”.

Vidadi ORDAHALLI

Dünyapress TV

Xəbər lenti