Ötən il boşanmaların sayında artım olub. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, ailə institutunu qorumaq üçün lazımı işlər görülmür.
O, Demokrat.az-a açıqlamasında deyib ki, cəmiyyətdə baş verən müxtəlif proseslər ailə institutuna təsir edir, amma məsələ tək boşanmaların statistikasında deyil:
“15 ildir bu məsələni qabardıram, amma məsələyə jurnalistlərdən başqa əhəmiyyət verən yoxdur. Məsul qurumlar problemə biganə yanaşır. 2014-cü ildən boşanmaların sayı sürətlə artır. Bu, ailələrdə gərgin münasibətlərin olduğunu deməyə əsas verir. Əgər evlənənlərin 40 faizi boşanırsa, demək gərginliyin davam etdiyi ailələrin sayı bundan da çoxdur. Azərbaycanda ailələrin 80 faizindən çoxunda bu vəziyyət hökm sürür. Bu o deməkdir ki, gələcək nəsil çox gərgin vəziyyətdə böyüyür. Ailələrdəki münasibət azyaşlıların, yeniyetmələrin həm fiziki, həm mənəvi sağlamlığına, psixologiyasına, təhsilinə təsir edir. Yəni, bu gün boşanma problemindən əlavə daha qorxulu bir problemlə üz-üzəyik – gələcək nəslin hansı şərtlər altında böyüməsi. Ona görə də bu məsələyə sadəcə boşanma aktı kimi baxmamalıyıq, yeni nəslin keyfiyyəti məsələsi kimi yanaşmalıyıq”.
Ekspert qeyd edib ki, cəmiyyətdə sorğu aparılmalı və nəticələrə uyğun həll konsepsiyasi qurulmalıdır:
“Bəzən deyirlər ki, Avropada da boşanmalar çoxdur, amma bilməlidirlər ki, Avropa mədəniyyəti başqa prinsiplər əsasında formalaşıb, Azərbaycan mədəniyyəti isə daha çox ailə institutu üzərində. Ailənin dağılması bizim üçün, gələcəyimiz üçün daha böyük problemlər yaradır, nəini avropalılar üçün.
Gəlin, boşananlar arasında ətraflı sorğu keçirək – nə səbəbə boşandınız? Onların valideynləri arasında da sorğu keçirək ki, övladlarının boşanmasına səbəb nə olub. Məhkəmələri də cəlb edək bu sorğuya. Bu zaman aydın olacaq ki, boşanmalara səbəb olan ən çox hansı amillərdir. Belə olan halda biz fəaliyyət planı qura bilərik, qanunvericilikdə hansı dəyişikliklərin labüd olduğunu biləcəyik.
Prezident Administrasiyanın Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsi, Milli Məclisin Əmək və sosial siyasət komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələlərə ciddi əhəmiyyət vermir, halbuki bu qurumlar prolemin həllində müsbət rol oynaya bilər. Bu işlə formal deyil, ciddi məşğul olmaq lazımdır”.