Saatlı rayon Orta Muğan kəndinin sakinləri su qıtlığından şikayətçidirlər.
DİA.AZ-ın Belediyye.net-ə istinadən məlumatına görə, Orta Muğan sakinləri nəinki suvarma suyu, içməli su sarıdan da problem yaşayırlar.
Çıxış yolunu kollektorlarda olan duzlu suyun sahələrə vurulmasında görən sakinlər bu gedişlə sahələri suvarmaq üçün şor su da tapmayacaqlarından narahatdırlar.
Düşünürlər ki, suvarma kanallarının quruması, əkin sahələrinin susuz qalması sakinlərdən başqa heç kimi narahat etmir.
Deyirlər ki, kəndə gələn əsas suvarma kanalı tamamilə quruduğundan həm əkin sahələri, həm də həyətyanı sahələri susuzluq çəkir. Nəticədə məhsul götürmədən əkin sahələri məhv olur.
Müraciət etmədikləri qurum qalmadığını bildirən sakinlər sahələrə vurduqları şor suyun həm məhsulu, həm də torpağın münbitliyini sıradan çıxardığından narahatdırlar.
Kənd sakinləri qeyd edirlər ki, pambıq tarlaları ikinci dəfə suvarılmalı olduğu halda ilk su hələ sahəyə dəyməyib.
Saatlı rayonunda yaranmış su qıtlığı ilə bağlı Belediyye.netin sorğusuna cavab verən Saatlı Suvarma Sistemləri İdarəsindən deyilib ki, “Mövcud vəziyyətin yaranmasının əsas səbəbi rayona daxil olan ümumi suyun azlığı və mövsümi tələbatın artıq olmasıdır. Çaylarda qısamüddətli artım olarsa problem qismən həll oluna bilər. Başlıca səbəb Araz çayında suyun illik normadan aşağı olmasıdır”.
Rəsmi qurumdan bildirilib ki, problem onları da narahat edir.