Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı var idi. Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib.
Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.
Qeyd olundu ki, dördmərtəbəli korpusda sinif, əmək, hərbi, rəsm, həkim, musiqi və müəllimlər otaqları, laboratoriyalar, kitabxana, yeməkxana, idman, aerobika və akt zalları var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.
XalqXeber.Az