Avtobus, avtobus, yenə də avtobus... - İctimai nəqliyyatda xaosdur
“Bayaq işə gələndə 206-nın qapısını camaatla köməkləşib açdıq. O əlavə 10 qəpik daşıyıcı şirkətin gözünə girsin”. Bu, peşəkar jurnalist, TEAS Press Nəşriyyat Evinin baş redaktoru Famil Cəfərlinin şəxsi feysbuk səhifəsindəki paylaşımıdır. “206” - yəni 206 saylı marşrut xətti üzrə işləyən (işləməyə çalışan, səy göstərən, guya ki işləyən – M.R.) avtobus. Famil Cəfərli bir çoxumuzun yarasının qaysağını qoparıb bu paylaşımla.

Statusa yazılan rəylər də bunu sübut edir. Sosial şəbəkə istifadəçiləri “himə” bəndmiş kimi bərbad vəziyyətdə olan ictimai nəqliyyatdan o ki var şikayət ediblər. Neçə-neçə marşrutdan narazılıqlar qeyd edilib. Bu şikayətlərə diqqətlə baxanda görürsən ki, ictimai nəqliyyatdakı problemlər hörümçək toru kimi az qala bütün Bakını əhatə edir. 96, 136, 118, 50, 64, 77, 39... və sair müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslardan sərnişinlər narazıdır. Müntəzəm marşrut xətlərində interval 20 dəqiqəyə, hətta yarım saata çatır. Bunu yay mövsümü, sərnişin sıxlığının azalmasıyla izah edirlər. Amma unudurlar ki, yay mövsümü olsa da, gündəlik işə gedib-gələn insanlar var - “qara fəhlə” sinfi. “Qara”dır deyə, günün altında yarım saat dayanıb avtobus gözləyə-gözləyə daha da qaralmalı və qızmar günün altında nəfəsi kəsilməlidir?
Müntəzəm xətt marşrutlarında istifadə olunan sərnişin avtobuslarının çoxu köhnə, qırıq-sökük, istismara yararsızdır. Amma daşıyıcı şirkətlər onları xətdən çıxarmır, sürücüləri də sükan arxasına əyləşməyə məcbur edirlər. Eyni hal “Neftçilər” metrostansiyası – Günəşli yaşayış massivi istiqamətində hərəkət edən 50 saylı avtobusla bağlı yaşanır. Bu avtobusların hamısı bəlkə də, ötən əsrin 80-ci illərində Cənubi Koreyada istehsal olunmuş “Daewoo” markalı avtobuslardır. Mühərriklər çoxdan xarab olub. Avtobus salonuna dolan tüstü sərnişinləri boğur. Qapıları normal açılıb-bağlanmır. Oturacaqlar iyrənc halda. Tutacaqlar ya qırıq-qırıq, ya da heç yoxdur. Avtobusun döşəməsi yamaq-yamaq... “Podyomu” çıxa bilmir, bu avtobuslar. Gücənir-gücənir, amma bacarmır. Sərnişinləri yarı yolda tökür aşağı... Gediş qiyməti isə 50 qəpik!..

İctimai nəqliyyatda problemlərdən biri də kondisionerlə bağlıdır. Dediyimiz kimi, qırıq-sökük avtobuslarda heç oturacaqlar normal deyil, kondisionerdən danışmağa dəyməz. Sərnişinlər qızmar yay günlərində avtobusda “sauna” effekti yaşayır. Amma bu hələ son deyil. Kondisionerli avtobuslar da sərnişinləri sətəlcəm edir. Məsələn, 77 saylı avtobus komfortludur. Sağ olsun, daşıyıcı şirkət, sərnişinlərin qayğısına qalır. Amma həddindən artıq! Kondisionerlər var gücü ilə işləyir, sərnişin az olduğundan salonda hava çox soyuq olur. Təsəvvür edin, küçədə 35-37 dərəcə istidən birdən-birə soyuq hava mühitə düşür sərnişinlər. Titrəməyə başlayırlar. Dayanacaqda avtobusa endikdə, təkrar isti havanın ortasına atılmış olurlar. Sürücülərsə bəzən sərnişinlərin etirazına cavab olaraq, “kondisioneri söndürə bilmərəm, sonra salonu soyutmaq çətin olur”, deyir. Yəni kondisioneri tənzimləmək mümkün deyil? Daha bunu harası komfort oldu?

Digər problem paytaxt üzrə ictimai nəqliyyatın bütünlüklə kart sisteminə - nağdsız ödənişə keçməməsidir. Məsələn, 136 saylı avtobus nağd ödənişlə işləyir. Bu, sadəcə bir nümunədir. Başqaları da var və deyilənə görə paytaxtda müntəzəm marşrut xəttlərində vatobusalrın 36 faizi nağd ödənişlə işləyir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Xəzər TV-yə bildirilib ki, ümumilikdə paytaxtda 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. Hazırda fəaliyyət göstərən marşrutların 64 faizində nağdsız ödəniş sistemi tətbiq olunur. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Bəzi avtobusların hələ də nağd ödənişlə işləməsi sərnişinlərə əlavə çətinlik yaradır. Avtobuslar bir-bir kart sisteminə keçdikcə, sərnişinlər nağdsız ödəmələrə vərdiş edə bilmirdi, indi isə buna vərdiş etdiyi halda, qarşılarına çıxan nağd ödəmələrlə bağlı çətinlik çəkirlər. Səbəb nədir ki, bəzi avtobuslarda hələ də kart sistemi formalaşdırılmayıb? Avtobus dayanacaqlarında ödəmə terminallarının olmaması da bir ayrı dərddir!.. Bəli, QR kod, mobil yükləmə sistemləri var. Amma bu yenilikləri tətbiq edən dövlət qurumları orta və yaşlı nəsli də düşünməlidir. Hamının əlində smartfon yoxdur. Nə yaşlı insanlardan, nə də ümumiyyətlə, kimsədən onlayn ödəmə tələb etmək düzgün deyil. İnsanlar üçün ictimai nəqliyyatı və ödəmələri, yükləməni də sadə, rahat etmək aidiyyətli qurumların vəzifə borcudur.

Sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında ictimai nəqliyyatda ciddi problemlərin hələ də qaldığını söylədi:

- Taksi fəaliyyətində yeni tənzimləmələrə başlanılarkən demişdik ki, ictimai nəqliyyatda problemləri həll etmədən vətəndaşları fərdi avtomobillərdən imtinaya çağırmaq absurddur. Səhər işə, axşam evinə tələsən insanlar əgər ictimai nəqliyyatdan istifadə edə bilmirsə, avtobuslar tapılmırsa, xidmət sıfır səviyyəsindədirsə, ictimai nəqliyyatdan istifadəyə təşviq cəhdləri əbəsdir. Bəli, paytaxt yollarında həddındən artıq sıxlıq var. Tıxaclar bitmir, azalmır. Amma sual olunmalıdır, niyə insanlar şəxsi avtomobillərə üstünlük verir. Cavab bəllidir: çünki ictimai nəqliyyat yetərli deyil. Sosial şəbəkələrdə yazılanlar həqiqətdir. Kimsə özündən nəsə quraşdırmır. Böhtan atmır, yalan yazmır. Hər kəs gördüyünü yazır, deyir. Və görünür ki, ictimai nəqliyyatdakı problemlər aradan qaldırılmayıb. İnsanların ən böyük problemi avtobus, tıxaclar, taksi çatışmazlığıdır. Paytaxtda çox bərbad bir durum yaranıb. Hələ indi istirahət, məzuniyyətlər mərhələsidir. Yeni tədris ilinə qədər ictimai nəqliyyatdakı problemlər həllini tapmasa, vəziyyət daha da acınacaqlı olacaq. Şərt o deyil, yeni avtobuslar alınsın, elektrik avtobusları gətirilsin. Paytaxt yalnız mərkəzdən ibarət deyil. Ümumiyyətlə, ictimai nəqliyyatda həllini gözləyən ciddi problemlər var.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti