Zaman-zaman "DogruXeber.az" informasiya portalında müxtəlif rayonlarda kənd təsərrüfatı təyinatlı örüş sahələrinin müxtəlif şəxslərin müxtəlif yollarla mənimsədiyi barəsində məlumatlar yayımlanıb.
Şamaxı rayon Böyük Xınıslı kəndində 10 hektara yaxın örüş sahəsini keçmiş bələdiyyə sədrinin oğlu Elxan Quliyevin mənimsədiyi, Goranboy rayonunun Qarasüleymanlı kəndində 21 hektar örüş sahəsini Yaşa Namazovun mənimsədiyi və sair barəsində yayımlanan məlumatlara göründüyü qədərilə, istər yerli bələdiyyə, istər yerli İcra Hakimiyyəti, istərsə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müdaxilə etmədi.
Qeyd edək ki, vətəndaş müraciəti əsasında, bu kimi məlumatlara daha birini əlavə etmək məcburiyyətindəyik.
Belə ki, "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramı efirdə olduğu zaman, Mehrab İsrafilov adlı YouTube istifadəçisi kanala müraciət edib.
Vətəndaş müraciətində bildirir ki, "Göyçay rayon Qaraxıdır kəndində bələdiyyə sədri örüş sahəsini mənimsəyib. Bu barədə də hara müraciət etmişiksə, cavabsız qalıb".
P.S: Mehrab İsrafilovun narazılığı ilə bağlı qarşı tərəf olaraq, açıqlama almaq üçün Göyçay rayon Şəkər bələdiyyəsinin sədri Qurban İbrahimov ilə telefon əlaqəsi saxladıq.
Qurban İbrahimov bildirdi ki, "Bu söhbət artıq 5 ildir davam edir. Məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılıb. Sözügedən ərazi bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və hazırda orda Tut bağı salınıb.
Kəndin 40 hektar başqa örüş sahəsi var və sakinlərin tam istifadəsindədir."