"Təhsildə islahatların aparılmasına ehtiyac var". Zaman-zaman bu fikri eşidirik. Nazirlər dəyişir, nazirlərə uyğun nazirlik əməkdaşları, direktorlar dəyişdirilir. Hansısa yeni qaydalar tədbiq edilir, məhdudiyyətlər qoyulur və yaxud yeniliklər edilir.
Amma kənardan müşahidələr zamanı ciddi dəyişikliklərin olmadığına şahid oluruq. Bəzən sosial şəbəkələrdə nazirin müəllimlərdə tutduğu iradların müzakirəsinə qədər, təhsildə olan problemlərin müzakirəsinə belə rast gəlirik. Mövzular çox zaman məişət zəminli olur. Məktəbdə süpürgə pulu yığıldı, ayaqyolu yoxdur, director rüşvətxorluqla məşğuldur...
Amma kimsə demir ki, Azərbaycan məktəblərindəki təhsildə hansı nöqsanlar var. Kimsə bu nöqsanların aradan qaldırılması üçün şəffaf təkliflər irəli sürmür. Nə zamana qədər bu davam edəcək?
Ümumiyyətlə, təhsildə islahalar aparılırmı, islahat adı altında nə baş verir?
DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində təhsildə islahatlar 1999-cı ildən başlayıb.
“Təhsil elə bir sistemdir ki, burada daim islahatlara ehtiyac var. Təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində, o cümlədən də təhsili inkişaf etmiş ölkələrdə də bu vacibdir",- deyə ekspert bildirib. Onun sözlərinə görə, hal-hazırki vəziyyətdə Azərbaycanda təhsil islahatlarının lazım olan effekti verməməsi və yaxud lazımi nəticələr əldə edilməməsinin əsas səbəbi islahatların istiqamətləri üzrə araşdırma, monitorinq, diaqnostika aparmadan həyata keçirilməsidir.
Yəni islahatlar sadəcə, hansısa xarici bir ölkədə müsbət nəticə vermiş tendensiyaların eyni formada Azərbaycana tədbiqi deyil. Yerli xüsusiyyətlər öyrənilməklə diaqnostik qiymətləndirmələr, araşdırmalar aparmaqla islahatlar olunmalıdır.
“Bu islahatları aparan şəxslər təhsil sisteminin içindən çıxmış insanlar olmalıdır. Çünki təhsil sistemi çox həssas bir stratejik sahədir və bu sahədə buraxılan səhvlər həmin dəqiqə öz ağır fəsadlarını göstərməyib, illər sonra biruzə verə bilir”,- deyən ekspert bildirib ki, təhsil sahəsi elə bir sahədir ki, bu sahədə səhvlər buraxmaq olmaz.
P.S. Ekspert deyir ki, islahatları aparan şəxslər təhsil sisteminin içindən çıxmış insanlar olmalıdır. Yəni bu o deməkdir ki, təhsil sistemində olan islahatlar da bu sahədə ixtisaslaşmamış şəxslər tərəfindən aparılır.
Yaxşı olardı ki, elə cənab nazir də, vətəndaşlar da, müəllimlər də təhsilin özünə daha çox diqqət yetirəydi. Bəli, tualet, süpürgə pulu və ya rüşvət də vacib məsələdir, eyni zamanda təhsilin, təlim-tərbiyənin göründüyü kimi səviyyəsini aşağı salır.
Amma təhsil güclü olarsa, bu məsələlər zatən həllini tapacaq!