Xalqımız ürəyiyumşaq, mərhəmətli və humanistdir, istəməz ki, heç kəs türməyə düşsün. Biz hətta zorlama və qətl üstündə tutulanların da türməyə düşməsini istəmirik, istəyirik ki, onları ya hadisə yerindəcə linç eləyib öldürsünlər, ya da məhkəmədə güllələnmə cəzası kəssinlər.
Yerdə qalan bütün cinayətlər üzrə mühahimə edilib həbsxanaya salınanlar üçün dilimizdə əbədi bir alqış var: “Allah qapısını açsın!”
Düzdür, çoxdan sübut olunub ki, uca yaradan həbsxanalarda qapı açıb-örtmək işinə baxmır, amma biz israrla ona bu finksiyanı da yükləməyə çalışırıq.
Cəzaçəkmə müəssisələrində qapı açıb-örtməyə, əfvetməyə və amnistiya verməyə hökumət baxır və hər il N qədər məhkumun qapısını açıb azadlığa buraxır.
O vaxt (2015-də) MTN-in generalı Akif Çovdarov tutulanda on minlərlə adam “ooh, ona əcəb oldu” deyə rahatlıq tapanda bir xeyli adam da dərhal “Allah qapısını açsın” deməyə başlamışdı.
Hətta generala qarşı CM-nin ağır maddələri üzrə ittiham irəli sürüləndə də xalqın bir hissəsi dediyini dedi: “Allah qapısını açsın!” Generalın eloğluları imza toplayır, müdafiə komitəsi yaradır, ölkənin ən yaxşı vəkillərini tuturdular ki, onlar Çovdarovun qapısını açmaq işində Gözəgörünməzə kömək eləsinlər.
Akif müəllimə qarşı irəli sürülən maddələr isə aşağıdakı kimiydi: 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə)...
Müəllimə qarşı verilmiş son ittiham daha sanballıydı: 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddə...
Buradan o məna çıxırdı ki, Çovdarov təkcə təkrar-təkrar rüşvət almayıb, həm də reketlik edib, özünün xüsusi türməsi olub və pullarını qapazlamaq istədiyi adamları aparıb ora salıb, məqsədinə nail olduqdan sonra açıb-buraxıb.
Amma bu faktların üstünün açılması da azadlıqsevər insanları fikirlərindən daşındırmadı, “Allah Akif müəllimin qapısını açsın” deyib durdular. Bəzən o alqışın ardına “yaxşı kişidir” ifadəsi artıranlar da olurdu.
Təsəvvür edin, adam vəzifəsindən öz şəxsi varidatını artırmaq üçün istifadə edir, milyonlar toplayır, insanları kefi istədiyi kimi həbs və azad edir, amma yenə də “yaxşı kişi” olur. Hər adama qismət olan şey deyil.
Görünür, bu alqışların bir faydası oldu ki, 12 illik həbs cəzası almış Çovdarovu həbsinin 5-ci ilində azadlığa buraxdılar. Deyirdilər ki, guya koronavirusa yoluxub, vəziyyəti ağırdır, sayılı günləri qalıb. Amma general həbsdən çıxdığı ilk günlərdə təmtəraqlı bir restoranda dilekates təamlardan nuş edə-edə sayı bilinməz miqdarda viski badəsi qaldırdı və dost-düşmənə göstərdi ki, “yıxılmayıb, ayaqdadır” və səhhəti də normaldır.
Ötən həftə isə o pərəstişkarlarını bir daha sevindirdi, 30 milyonluq əmlakını məhkəmə yoluyla geri qaytardı. İndi o, təkcə təhlükəsizlik general-mayoru deyil, həm də milyonçudur.
Bax, qədirbilən, ürəyiyumşaq, mərhəmətli xalqımız bu haqq-hesabdan xeyli dərəcədə narazıdır. Narazıların içində nəinki müxaliflər və bitərəflər, hətta iqtidarçılar da var. Hamı istəyirmiş ki, Çovdarov türmədə yatmasın, amma onun müsadirə olunmuş əmlakı da özünə qaytarılmasın, kimlərdən qamarlayıbsa, onlara qaytarılsın. Elə olsa, daha ədalətli olardı – camaat belə düşünür.
İndi rəvadırmı ki, MTN generallarının soyub-soyub xəstə və müflis etdiyi milyonçu Neftçalada vaqonda yaşayır, amma özləri villalarda dövran sürür. Düz gəlmir.
Dünən bu xüsusda bir ciddi və təcrübəli həmkarımın sosial şəbəkədə yazdığı qeydləri gördüm, həm gülməlidir, həm də ağlamalı. İndi o qeydləri burada yazacam, ağlamaq-gülmək məsələsini özünüz həll edin.
Qeydlər belədir: “Eldar Mahmudovun və Çovdarovun bir meyitləri var imiş, elektrik kostyumu geyindirib, soyuducuda saxlayırlarmış. Kiminsə pulundan xəbər tutdularmı, aparıb bu müqəvvanı atırmışlar həmin kişinin həyətinə. 1 milyon 500 min almasalar meyit qalırmış sübut kimi”.
Görəsən, bu üsuldan başqa hansı ölkələrdə istifadə olunub? Yəni bu icadın patenti bizim generallara məxsusdurmu? Qürur duya bilərikmi?
Əslində bu, həm də araşdırılmalı mövzudur: Mahmudov vəzifədən götürüləndən, Çovdarov tutulandan sonra yiyəsiz qalan meyit basdırılbmı, yoxsa yeni yiyələri onu hələ də həyət-həyət gəzdirirlər...
Söhbətin bu yerində praqmatik camaatımız xəfifcə gülümsəyir və öz qəti hökmünü verir: “Bacarana baş qurbandır”. Gördüyünüz kimi, çox ciddi və ağır qınaqdır.