Bu ilin avqust ayında apardığımız araşdırma nəticəsində bəlli olmuşdu ki, Naxçıvanda şəhidlərin adını daşıyan bütün məktəblərdə “ad islahatı” aparılıb: Məktəblərdən şəhid adı çıxarılıb və onlar faşist düşərgələrində saxlanılan əsirlər kimi nömrələrlə işarələnib.
Bundan əlavə, Şərurun Şəhid Məmməd kəndinin sakinlərinin şikayətindən anlaşılır ki, onların kəndinin də adı özünü Azərbaycanın akademikbaşısı sayan İsa (el arasında “Pəncov” və ya “Perevod” İsa ünüylə məşhurdur) Həbibbəylinin təkidli tələbləri ilə dəyişdirilib və “Dan yeri” kimi uydurma ad qoyulub. Pəncov İsa bu ad dəyişikliyində maraqlı bir arqumentə istinad edibmiş: “Şəhid Məmməd sürücü olduğundan bir kənd onun adı ilə anıla bilməz”. Görünür, ona-buna “savad” və saxta diplom satmaqla akademik ünvanı qazanan Pəncov İsa öz adını bu kəndə daha layiq görübmüş və arzusu qursağında qaldığından kəndə Dan yeri adını qoymağı məsləhət bilib. Sanki kənd onun ata mülküdür və ona istədiyi adı qoya bilərmiş.
Nəzərə alsaq ki, Vasif Talıbovun ideoloji istinadgahı Pəncov İsa olub, məktəblərdən şəhid adının yığışdırılması kimi absurd hadisənin öz doğma kəndinin sakinlərinin iradəsinə belə acımazsız yanaşan akademikbaşının qeyri-sağlam düşüncəsindən doğduğunu təxmin etmək olar. Mümkündür ki, Naxçıvanın Təhsil naziri Rəhman Məmmədov da Pəncov İsa yolu gedənlərdəndir və o da şəhidlərin ruhuna akademikbaşı sayağı hörmət bəsləyir. Belə olmasaydı, 2019-cu ildə bir gözqırpımı qərarı ilə Naxçıvanın şəhid adını daşıyan bütün məktəblərin adını “şəhidsizləşdirməzdi”.
Naxçıvan MR Təhsil Nazirliyində işləyən və kimliyinin açıqlanmasını istəməyən qaynağımızın məktəb adlarının “şəhidsizləşdirilməsi” siyasəti ilə bağlı sorğumuza verdiyi cavab da belə düşünməyə əsas verir:
“Bizim and yerimiz Şəhidlərimizdir. Şəhidlərimizə edilən hörmətsizlik bu xalqa edilmiş hörmətsizlikdir.
Heydər müəllim, sizin bəhs etdiyiniz məktəb adlarının “şəhidsizləşdirilməsi” 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədovun qərarı ilə baş tutub. Şəhid adına olan məktəblərin adı dəyişdirilib, möhürləri təhvil alınaraq yeni (şəhid adının olmadığı ) möhürlərlə əvəz edilib.
Həmin məktəbin direktorlarına qəti şəkildə tapşırıq verilib ki, bu məsələ hallanmasın.
Sizcə, damarında Türk qanı axan, kimliyində Azərbaycanlı yazılan, vicdanı olan bir insan bunu edərmi? Amma Rəhman Məmmədov etdi, sanki bu etməklə də Azərbaycan dövlətçiliyinə diş qıcadı, gücünü göstərmək istədi.
Hələ də həmin Şəhid ailələri elə bilir ki, məktəblər Şəhidlərimizin adınadır.
Bu məsələ təcili araşdırılmalı, həmin məktəblərin adı bərpa edilməlidir.
Naxçıvan müəllimləri cümlənin ortasında belə "Şəhid" sözünü böyük hərflə yazarkən onlara rəhbərlik edən bir şəxsin bu addımı bizi dərindən üzür”.
Heyder Oguz
Teref