Naxçıvanın Sədərək gömrüyünün "özəl" qanunları yenə işə düşdü...
Naxçıvandan Türkiyəyə quru sərhədlə gediş-gəliş yenidən məhdudlaşdırılıb. Məhdudiyyət, əsasən Türkiyəyə alış-veriş üçün gedənlərə tətbiq olunur. Bu ölkədən Naxçıvana ərzaq və digər məhsul gətirənlər üçün Sədərək Gömrük Məntəqəsi bir aylıq qadağa tətbiq edir. Gömrüyü əliboş keçənlərə isə bu qadağa tətbiq olunmur. Bundan əlavə, gömrükdən avtomobillə keçmək də qadağan olunub. TEREF.AZ yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, qadağa və məhdudiyyət dekabrın 24-dən tətbiq olunur.
Ötən ayın ortalarında DTX Naxçıvanda yoxlamalara başlayandan bəri, Sədərək gömrüyündə bütün qadağalar aradan qaldırılmışdı. Hər bir naxçıvanlı istədiyi vaxt Türkiyəyə keçib, istədiyi qədər ərzaq alıb, gətirə bilirdi.
Şərur rayon sakini Qurban Əliyev deyir ki, onların bu sevinci çox çəkməyib:
"Bir neçə gün öncə Türkiyənin Iğdır vilayətinə gedib qayıtmışdım. Orada xeyli ucuzluq olduğu üçün, ərzaq alıb gətirmişdim. Prezident Naxçıvana səlahiyyətli nümayəndə göndərdiyi günün sabahı bu qadağanı tətbiq etdilər. Həmin gün yenidən Türkiyəyə getmək istəyəndə, Sədərək gömrüyündən buraxmadılar. Dedilər ki, yeni qanun çıxıb, keçən dəfə ərzaq gətirmisən deyə, bir aylıq qadağa tətbiq olunub. DTX yoxlamalara başlayanda, sərhəddə bütün qadağalar götürülmüşdü. Kasıb cammat ərzaq daşıyırdı. Sevinirdik ki, belə də davam edəcək. Sən demə, yağışdan çıxıb, yağmura düşəcəyik. Talıbovun vaxtında yenə 15 gündə bir dəfəyə icazə verirdilər. Yeni gələn rəhbər isə 30 günə qaldırdı. Bunlar deyəsən, Talıbova rəhmət oxuduracaq".
Türkiyəyə işləmək üçün, yəni əliboş gəlib-gedənlərə məhdudiyyət tətbiq olunmasa da, onlar başqa bir problemlə üzləşirlər. Minik avtomobilləri və avtobuslar gömrükdən buraxılmadığından, bu şəxslər Türkiyə tərəfinə çatana kimi, uzun məsafəni piyada getməli olurlar. Naxçıvan şəhər sakini Mahir Musayev deyir ki, qarşı tərəfə çatmaq üçün, təxminən yarım saat piyada getməli olub:
"Gömrükdə möhür vurdurduqdan sonra, Türkiyə ərazisinə keçənə qədər piyada getməli oldum. Çünki, minik avtomobili, taksi, avtobus buraxılmır. Hər iki əlimdə ağır yük yarım saat piyada getməli oldum”
 

Dünyapress TV

Xəbər lenti