Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir?
Demək, bir məktəb direktorunun rüşvət almasını sübut edən səsyazısı yayılır. Nazir rüşvətxor direktoru işdən çıxarır… aparıb başqa bir məktəbə direktor təyin edir. Kimdisə “alınyazısı” direktor olmaqmış… özü də rüsvay olmuş direktor…

Hansı məktəbdisə cəzası ağır olub…

Və nazir belə deyir, özü də utanmadan xalqın gözünün içinə deyir:
-RÜŞVƏTXOR DİREKTORA ŞANS VERDİK

Yaxşı, zatən, bütün oğrulara şans verib büdcəni talan etdirir, sonra həbsə atırsınız… oğurladıqlarını da mənimsəyirsiniz… bunu bildik, bunda işimiz yox… gücümüz də yox…

Bildiyiniz bütün pislikləri bu xalqa, xüsusilə, onun gələcəyini müəyyən edən təhsilə də edirsiniz…

Bəs o direktor, yəni rüşvət üstdə məktəbdən qovulmuş o adam başqa bir məktəbə necə müdir gedə bilir? Hansı üzlə gedir? Hansı abırla gedir? Hansı mənəviyyatla o məktəbin qapısını aça bilir? Əli o qapıya necə uzanır? Hansı duyğularla o görəvi qəbul edə bilir?

Lütfən, özünüzü məktəbli yerinə qoyun, sizin məktəbə yeni direktor gəlib. Bu gələn direktor-müəllim başqa bir məktəbdən rüşvət üstdə vəzifədən atılıb. O təzə gələnin “kimliyini” birincidən sonuncu sinifə kimi hər kəs bilir… ölkə bilir…
Belə bir məktəbin məktəblisi olmağı təsəvvür edə bilirsinizmi?

Ah! Yazıq məktəblilər!!!

Əlbəttə, o nazir təsadüfi deyil, gerçək bir təhsil adamı olsaydı qətiyyən belə qərar verməzdi. Və bu qərarı ona heç kəs, heç nə verdirə bilməzdi. Təhsilə münasibəti, təhsil əxlaqı, peşəkarlığı, xüsusilə, insanlığı buna yol verməzdi.

Heç insafı da yol verməzdi…
Məktəbin və məktəblinin əxlaqı ilə oynamağı özünə yaraşdırmazdı.

Nazir gerçək bir təhsil adamı olsaydı rüşvət aldığı aləmə car çəkilmiş birini başqa məktəbə müdir göndərməzdi, şans verməzdi. Ən yaxşı halda kəsib atmazdı, tanınmaz bir yerdə müəllimlik etmək üçün bir dəfə şans verərdi. Və bu qədər…
O günahsız məktəbə yazığı gələrdi, ürəyi yanardı. O yazıq məktəbə elə cəza yazmazdı. Ən azı düşünərdi ki belə bir əməl təhsil tərbiyyəsinə və peşəkarlığa ziddir. Məktəb sisteminə və şagird tərbiyəsinə düşmənçilikdir. Xalqın övladının mənəviyyatını ələ salmaqdır. Şagirdlərə haqsızlıqdır…

Bəlli, təhsil naziri təhsilin və məktəbin nə demək olduğunu bilmir. Nazir öz mənəvi ölçüləri ilə rüşvətxoru burdan alıb ora atır… sanki bu fabrikdən o fabrikə, bu rayondan o rayona icra başçısı, rəis… ölçüləri ilə…

Bəs müəllim? Təkrar edirəm: Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir? Hansı üzlə açır? Hansı sifətlə ayağını o məktəb kəndarından içəri ata bilir? Heç utanıb ölmürmü? O, yeni təyin olduğu məktəbin müəllimlərinin, şagirdlərinin üzünə necə baxır? Baş müəllim kreslosunda necə oturur?

Əlbəttə, fəlakətdi… MƏNƏVİ FƏLAKƏT..
Və bu fəlakətin qurbanı məktəblidi. Direktorunun rüşvət üstdə başqa məktəbdən qovulub ona müdir təyin edildiyini bilən, deyən, gülən, danışan, zarafatlaşan, gələcək vətəndaş… MƏKTƏBLİ…

Nazirin belə bir təyinatı şagird mənəviyyatına qarşı açılmış bir savaşdır. Təhsil əxlaqına, insanlığa meydan oxumaqdı…

Ya bilməmək, anlamamaq… ya da qəsd etməkdi…
Mehriban Vəzir
Teref.az
 

Dünyapress TV

Xəbər lenti