“Putin Avropaya qarşı ikinci cəbhə açmağı planlaşdırır...Avropalılar üçün dinc dövr artıq geridə qalıb...”
Vladimir Putinin son çıxışlarına diqqət etdikdə anlaşılır ki, o, nəyin bahasına olursa-olsun öz “ideyalarını” həyata keçirmək niyyətindədir və bundan əl çəkmək fikrindən uzaqdır. O, bu günlərdə “biz məqsdlərimizə nail olmayınca müharibə bitməyəcək”, - deyə bildirib.
Belə görünür ki, Putinin artıq kompromisə getməyə yeri də qalmayıb. Qələbə qazanmaq üçün gərək Rusiyanın insan potensialı qurban verilsin. Nəzəri baxımdan yanaşsaq, əgər müharibə bu templə əlavə iki il də davam edərsə, Ukrayna kritik əsgər çatışmazlığı ilə üzləşəcək. Öz növbəsində Rusiya da böyük itkilər verəcək, lakin onun canlı qüvvəsi daha çox olduğundan mühribədən qalib çıxmaq ehtimalı da daha yüksəkdir.
Təbii ki, belə bir vəziyyət döyüş meydanında kəskin dəyişikliklər baş verməyəcəyi təqdirdə yarana bilər. Ukraynanın məğlubiyyəti isə Avropanın təhlükəsizliyinə ciddi təhdiddir. Elə bu səbəbdən də Avropa Rusiyanın önünü kəsmək üçün Ukraynaya iri həcmli və təxirəsalınmaz yardımlar göstərməlidir.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Obozrevatel.ua” internet portalı “Putin Avropaya qarşı ikinci cəbhə açmağı planlaşdırır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub.
Həmin məqaləni təqdim edirik: ”Rusiya imperiyasının və ya ən azından Sovet İttifaqının bərpası Putinin demək olar ki, bütün prezidentlik müddətinin əsas məqsədi olub. O, İndiki prosesi “Rusiya suverenliyinin bərpası” adlandırır və bu, Rusiya Federasiyasının yaxınlığında yerləşən ölkələrin müstəqilliyinin itirilməsi hesabına baş verməlidir. Putin özünün “finiş xəttində” müharibə üçün nə maliyyə, nə də insan resursları xərcləməkdən çəkinir.
O, Ukraynanın Odessa şəhərini “rus şəhəri” adlandırıb, həmçinin Moldovanı yada salaraq bildirib ki, onun MDB-də iştirakı ciddi dəyər daşımır. Nəzərə alsaq ki, Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır, deməli, Kişinyovun da təhlükə altında olmasını anlamaq çətin deyil. Moldova Avropa İttifaqının və NATO-nun üzvü deyil, həm də ki, onun həll edilməmiş Dnestryanı problemi var. Heç də təsadüfi deyil ki, 2022-ci ilin fevralında Rusiya ordusu qondarma Dnestryanı Respublikasının sərhədlərindən çıxmağa cəhd göstərmişdi.
Gözlənilən qarşıdurmanın miqyası Ukraynadakı döyüş meydanında müəyyənləşir - Putin nə qədər çox revanş əldə edərsə, Avropaya qarşı ikinci cəbhəni bir o qədər tez açar. Bu ilin dekabrın 14-də Putin ikibaşlı eyham vuraraq deyib ki, onun növbəti prezidentlik müddəti total müharibə dövrü olacaq.
Bu mənada Qərb üçün siqnal Rusiya Federasiyası Silahlı Qüvvələrində aparılan iri miqyaslı hərbi islahatlar, həmçinin hərbi büdcənin artırılmasıdır. 2024-cü ildə Rusiyanın müdafiə xərcləri ölkənin Ümumi Daxili Məhsulunun 6%-ni təşkil edəcək. Proqnozlara görə Putinin yenidən seçilməsindən sonra Rusiyada səfərbərlik sürətləndiriləcək. Yuxarıda haqqında danışılan islahat eyni zamanda Rusiya ordusunun şəxsi heyətinin böyüdülməsini nəzərdə tutur.
İlkin məlumatlara əsasən 2027-ci ildə hərbi xidmətdəkilərin sayı 1,5 milyon nəfəri ötəcək. Belə bir say artımı təkcə Ukraynada apralıan müharibə üçün nəzərdə tutulmur. Lakin Ukrayna cəbhəsində uğur qazanmadan Avropa ilə birbaşa qarşıdurmaya getmək mümkünsüzdür. Putin çoxlu sayda rus əsgərinin öldürülməsinə hazırdır, amma buna baxmayaraq o, həmişə öz addımlarını hesablayır.
Ukraynaya təcavüz ərəfəsində öz gücünü hədsiz yüksək dəyərləndirən Putin artıq bir daha bu cür səhvləri təkrarlamaz və hərbi ehtiyat toplamaq üçün vaxtını əsirgəməz, səbrli davranar. Bəzi Avropa ölkələri Rusiya təhlükəsini ayıq dəyərləndirə bilir. Almaniya Müdafiə naziri Boris Pistorius bəyan edib ki, Bundesver Litvada öz tank və artilleriya batalyonunu yerləşdirəcək. Bu proses 2027-ci ildə bitəcək və Rusiya ordusunun hərbi islahatının sona çatması müddətinə uyğun gələcək. Öz növbəsində Polşada ordunun yenidən silahlandırılması prosesinə başlanılıb və hərbi texnikanın daha müasir nümunələri alınaraq ordunun döyüş cərgəsinə veriləcək.
Rusiyanın aqressiv militarizmi şəraitində NATO-nun şərq cinahındakı ölkələrin müdafiə qabiliyyətləri maksimal şəkildə möhkəmlənməlidir. Rusiyanın təcavüzü zaman məsələsidir, ona görə də müəyyən ölkələrdəki silah anbarları doldurulmalıdır.
Ukraynaya dəstəklə bağlı Avropada gedən indiki müzakirələr Qərb dünyasının gələcək təhlükəsizlik konfiqurasiyasını özündə əks etdirir. Yaranmış vəziyyətdəki paradoks ondan ibarətdir ki, Avropa İttifaqındakı ölkələrin heç də hamısı ən xoşagəlməz ssenaridə belə Rusiyanı Qərb sivilizasiyasının mahiyyətini məhv edə biləcək təhlükə saymırlar.
Rusiya ordusunun arxaik və yöndəmsiz olması və Ukrayna cəbhəsində bir neçə yüz metr irəliləmək üçün minlərlə hərbçi itirməsinə baxmayaraq, bu cür faktorlar Putin üçün əhəmiyyətli hadisə və mühüm göstərici sayılmır. Rusiya böyük resursa malikdir və orada hələ də əli silah tuta biləcək kifayət qədər kişi var.
Həm də ki, Rusiya ordusunun tərkibi “hücum marşı zamanı” həmişə işğala məruz qalmış xalqların nümayəndələri ilə doldurulur. Vaxtilə Çingizxanın qoşunları da bu cür doldurulmuşdu. Digər yandan, Ukrayna Putinə ona görə cəlbedicidir ki, buradakı insan resursunu da səfərbər etmək olar. Rusiya artıq bunu Ukraynanın işğal olunmuş ərazisində həyata keçirir. Qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”ndakı kişilərin əksəriyyəti müharibəyə cəlb ediliblər.
Rusiyaya qarşı səmərəli mübarizə üçün vacib olan üç əsas komponent var. İlk öncə Rusiya Fedrrasiyasının qabağını ala biləcək kollektiv mexanizm işlənib hazırlanmalıdır. Rusiya hərbi gücünün geniş miqyas almasına imkan verməməkdən ötrü kompleks tədbirlər görülməlidir.
Həmçinin, Avropa ölkələri öz hərbi potensiallarını böyütməli, silah istehsalını artırmalıdırlar. Məhz bu, döyüş meydanında Rusiyaya qarşı real mübarizə aparmağa imkan verir. Avropalılar üçün dinc dövr artıq geridə qaldı. 2022-ci ilin 24 fevralında Ukrayna şəhərlərinə yağdırılan ilk raket zərbələrindən sonra avropalıların rahat dövrü tarixə qovuşdu.Ona görə də Ukarynaya Avropa İttifaqına üzvlük və real təhlükəsizliklə bağlı təminat verilməlidir.
Avropada dolaşan ən böyük yanlışlıqlardan biri də Ukraynanın Avropa İttifaqı və Rusiya arasında “körpü” rolu oynaması fikridir. Putin Ukraynanın bufer zona olmasında qətiyyən maraqlı deyil.
Rusiyanın Ukraynaya hücumu Putinin NATO ilə qonşu olmaqdan qorxmadığını təsdiq etdi. Nə qədər ki, Putin Rusiya Federasiyasında prezident olacaq, nə Avropada və nə də ki, postsovet məkanında heç bir ölkə özünü təhlükəsizlikdə hiss etməyəcək.
Avropanın öz tarixi möhtəşəmliyini bərpa etməsi və şərq sərhədlərini gücdləndirməyə hazır olduğunu nümayiş etdirməsi onun Putinə verə biləcəyi ən yaxşı cavabdır. Bu mənada Rusiya işğalçılarının zərbəsini öz üzərinə götürən Ukraynaya vaxtında və tələb olunan səviyyədə yardım etmək lazımdır. Çünki bu, Rusiyanın hücum imkanlarını tükəndirən ən əsas faktordur”.
V.Nəsibov