Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan iyunun 27-29-da Vaşinqtonda danışıqlar zamanı Yerevan və Bakının razılığa gəlmədiyi məsələləri açıqlayıb.
Onun sözlərinə görə, ABŞ-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin üçgünlük görüşü zamanı tərəflər “Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, qoşunların geri çəkilməsi, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının təminatı üzrə beynəlxalq dialoq mexanizminin yaradılması” ilə bağlı məsələlərdə razılığa gəlməyiblər. Hazırda bu məsələlərlə bağlı mövqelər fərqlidir, – Kostanyan Ermənistan KİV-ə bildirib.
Rəsmi Yerevan və Bakı bütün bəndlər üzrə razılığa gəldikdə sülh müqaviləsi imzalanacaq, diplomat qeyd edib. Hələlik Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin növbəti görüşü ilə dəqiq tarix yoxdur, o əlavə edib.
Qeyd edək ki, Ermənistan hələ də Azərbaycanın 8 kəndini, o cümlədən Qazax rayonunun 7 və Naxçıvan Muxtar Respublikasının 1990-cı illərin əvvəllərində zəbt edilmiş 1 kəndini saxlayır. Bakının nəzarətində Ermənistan SSR-ə məxsus bir kənd var.
Ermənistan həmçinin iddia edir ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş hərbi toqquşmalar zamanı Azərbaycan qoşunları onun ərazisinə “giriblər”. Azərbaycan bildirir ki, bu iddiaları əsassız sayır, çünki sərhəd delimitasiya edilməyib.
Bakı “Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarının təminatı üzrə beynəlxalq dialoq mexanizminin yaradılmasını” qəti şəkildə rədd edir, çünki bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi üzərində suverenliyini məhdudlaşdırır. Azərbaycan Qarabağın erməni əhalisinin reinteqrasiyasını təklif edir, Azərbaycan Konstitusiyasının çərçivəsində onun sakinlərinin hüquq və təhlükəsizliyinə zəmanət verir.(Turan)