Leyla Əliyeva “Ürəkdən-ürəyə” adlı konsertdə iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin “Ürəkdən-ürəyə” adlı konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib.

ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar.

Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə o, ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.
Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub.

Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının üzvləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nümayiş olunub. Eyni zamanda, vətənpərvərlik mövzusu ilə yanaşı, müxtəlif janrlarda çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib.

Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri boyalarla özünəməxsus formada izləyicilərə çatdırılıb.
 

Dünyapress TV

Xəbər lenti