“Həm teatr rəhbərləri, həm də yaşlı aktyor və aktrisalar mürəkkəb bir dilemma qarşısında qalıblar”
Ölkənin teatral mühitində canlanma var. Yeni tamaşalar hazırlanır, festivallar keçirilir, teatrlarımız xaricdə keçirilən festivallarda iştirak edir. Təbii ki, tamaşaçılara təqdim olunan bütün yeni səhnə əsərləri bədii və estetik cəhətdən mükəmməl alınmır, dövrümüzün tələblərinə uyğun gəlmir. Amma yaxşı tamaşa dərhal seçilir, tamaşaçıların və teatr tənqidçilərinin diqqətini çəkir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə vəsiqə qazanan “Dantenin yubileyi” kimi.

Xalq yazıçısı Anarın məşhur və eyni adlı hekayəsi əsasında hazırlanan tamaşaya Rusiyada çalışan istedadlı həmyerlimiz Ərşad Ələkbərov quruluş verib. Ümumilikdə tamaşanın uğuru, rejissor yozumu, aktyor ansamblının, xüsusilə baş rolun - Feyzulla Kəbirlinski obrazının ifası barədə mətbuatda geniş təhlillər aparılıb, müsbət fikirlər yazılıb.

“Dantenin yubileyi”ndə Kəbirlinski obrazında çıxış edən Xalq artisti, Prezident mükafatçısı, “Qızıl Dərviş” mükafatı laureatı Sabir Məmmədovla söhbətdə tamaşanın qazandığı uğurun sirlərini öyrənməyə çalışdıq.

- Sabir müəllim, premyera və uğurlu ifa münasibəti ilə sizi təbrik edirik. Feyzulla Kəbirlinski ədəbiyyatımızda ən məşhur obrazlardan sayılır, bu rola təyin edilməyiniz gözlənilməz olmadı ki?

- Premyeramıza gəlib yaradıcı heyəti alqışlayan tamaşaçılara, mətbuatda dəyərli fikirlər söyləyən, tənqidi məqamları yazan teatrşünaslara, jurnalistlərə minnətdarlığımı bildirirəm.

Sualınıza gəlincə, Feyzulla Kəbirlinski Azərbaycan ədəbiyyatında həqiqətən də çox maraqlı obrazlardan biridir. Anar müəllim bu hekayəni keçən əsrin 60-cı illərinin sonunda yazıb, amma əsər bu gün də maraqla oxunur. Üstəlik də aktyorların həyatından bəhs etdiyindən sənət adamları üçün cəlbedicidir. Hekayə 80-ci illərdə ekranlaşdırılıb, böyük sənətkarımız Həsən Turabovun ekranda yaratdığı Kəbirlinskiyə hamımız dönə-dönə baxmışıq.

Teatrımızın bu əsərə müraciət edəcəyini və əsərə Ərşad Ələkbərovun quruluş verəcəyini eşidəndə mənim üçün də maraqlı oldu. Ərşad bəy Rusiyanın mədəniyyət paytaxtı Sankt-Peterburqda ali rejissor təhsili alan, orada çalışan və uğur qazanmağı bacaran istedadlı gənclərimizdəndir. Rusiyadan kənarda tamaşalara quruluş vermək üçün vaxtaşırı dəvətlər alır. 2015-ci ildə teatrımızda Erik Şmittin “Müsyö İbrahim və Quran çiçəyi” tamaşasına quruluş verərkən onunla işləmişdim. O zaman Ərşad bəy kollektivi hələ o qədər də yaxşı tanımırdı, məndə olan məlumata görə, aktyorların fotolarına baxıb rol bölgüsü aparmışdı və mənə də həmin tamaşada Ata obrazını vermişdi.

“Dantenin yubileyi” üzərində işləyəndə məni və digər aktyor həmkarlarımı çağırıb söhbət edir, fikir mübadiləsi aparırdı, heç birimizə konkret rol barədə nəsə demirdi. Divarda əmr asılanda bildim ki, Kəbirlinskini mən oynayacam.

- Məşq prosesi necə gedirdi?

- Ərşad bəyin əsərə yanaşması fərqli idi, lirik-psixoloji janrda qələmə alınan hekayəni tragi-fars kimi müəyyən etmişdi. Rejissorun aktyorlarla işi, məşq prosesinin özü də fərqlənirdi, epik janrın tələblərinə uyğun detallar əlavə olunmuşdu, ifaçıdan həm də plastika tələb olunurdu. Tamaşada rol alan həmkarlarım üçün də məncə maraqlı idi.

- “Dantenin yubileyi” tamaşası haqqında mətbuatda yazılar, resenziyalar dərc olunub, sosial şəbəkədə fikirlər səslənib. İstedadlı yazar, tənqidçi Sevda Sultanovanın tamaşa barədə qeydləri diqqət çəkəndir. Müəllifin fikrincə, quruluşçu rejissorun yozumunda və sizin ifanızda Kəbirlinskinin yararsızlığı xüsusi vurğulanmır, ona yazığı gəlmir, mərhəmət də istənilmir. Sadəcə, ona qarşı alicənab, nəcib mövqe sərgilənir. İnsana sevgi tamaşanın ən təsirli xəttidir...

- Sevda xanım tamaşanın yozumunu çox dəqiq anlayıb. Ərşad bəy quruluşçu rejissor kimi qarşıya belə bir məqsəd qoymuşdu, aktyorlardan da bunu tələb edirdi. Feyzulla Kəbirlinski teatrda çalışır, radio verlişlərinə, dublyaja çağrılır, dərnəyə rəhbərlik edir, həvəskar aktyorlarla tamaşa hazırlayır. Amma sənətdə uğur qazana bilmir, üstəlik, şəxsi həyatda problemləri var, ömür-gün yoldaşı Həcərlə uşaqları olmayıb, Eldarı oğulluğa götürüblər, lakin bunu ondan gizlətmək məcburiyyətindədirlər...

Quruluşçu rejissor maraqlı forma tapıb, səhnədə qoyulan avtobusun da rəmzi mənası var-insan gündəlik həyatda yolda, hərəkətdədir. Həm də insan olaraq biz bilmirik axı yolun əvvəlindəyik, yoxsa sonunda...

Ərşad bəy tamaşada irili-xırdalı rol alan hər bir ifaçıdan nə tələb olunduğunu konkret izah eləmişdi, biz də səhnəyə çıxanda nə etməli və necə etməli olduğunu bilirdik.

Dünyanın istənilən teatrında rejissorun aktyor və aktrisadan tələbi nədir? Səhnədə inandırıcı oynamaq. İnandırıcı oynamaq üçün də yandaşın, tərəf-müqabilinlə aranda səmimiyyət olmalıdır. Bu səmimiyyət qurulmasa, anlaşama alınmasa sonda yaxşı nəticə almaq qeyri-mümkündür. Mənim fikrimcə, bu, bizim tamaşada çox yaxşı alınıb, tərəf-müqabillərim, xüsusilə həyat yoldaşım Həcər obrazını ifa edən Əməkdar artist Sənubər İsgəndərli ilə səhnədə bir-birimizi gözəl anlayırıq. Yəqin ki, tamaşamızın uğur qazanmasının, tamaşaçılar tərəfindən maraqla qarşılanmasının əsas səbəblərindən biri də odur ki, ümumi ansabmlıda hamı bir-birini tamamlayır. Fürsətdən istifadə edib bu tamaşada mənimlə bir səhnəni bölüşən bütün həmkarlarıma minnətdarlığımı bildirirəm.

- “Dantenin yubileyi”ndə Kəbirlinskinin teatrdan getməli olduğunu dilə gətirənlər var. Səhnədə Feyzullanın yaşadığı hissləri təəssüf ki, bu gün yaşlı aktyorlar real həyatda yaşamağa məcbur olublar...

- Bu gün Azərbaycan teatrının ən ağrılı məsələlərindən biri də məhz yaş senzi ilə bağlıdır. Həm teatr rəhbərləri, həm də yaşlı aktyor və aktrisalar mürəkkəb bir dilemma qarşısında qalıblar - bir tərəfdə qanun, bir tərəfdə isə reallıq var. Dövlətin rəsmi qanununu pozmaq olmur, istedadı, təcrübəsi, iş qabiliyyəti ilə teatrımıza yenə də töhfə verməyə qadir istedadlı adamdan necə imtina edəsən? Axı onlar səhnəmizə, ümumilikdə mədəniyyətimizə xidmət edə bilən insanlardır. Aktyor və ya aktrisa bəlli bir yaşa çatıb, amma istedadı, təcrübəsi və sağlamlığı ona səhnədə obrazlar yaratmağa imkan verir, lakin ona qapını göstərirlər. Yaradıcı insan üçün bundan böyük faciə ola bilərmi? Sənət adamı səhnənin tozu, tamaşaçı alqışı ilə nəfəs alır, bunları onun əlindən almaq aktyoru həyatdan məhrum etmək kimidir. Teatr rəhbərlərini də qınamaq mümkün deyil, onlar həm də dövlətin qanunlarına əməl etməyə məsuldurlar.

- Akademik Milli Dram Teatrında növbəti rəhbər dəyişikliyini də görmək sizə nəsib oldu...

- Teatr canlı sənət olduğundan dəyişikliyi, yeniliyi, təzə nəfəsi sevir. Amma bu yeniliyin arxasında gərək ciddi iş, düşünülmüş addımlar dayana. Teatrımızın keçmiş rəhbəri Azər Paşa müəllim dünyasını dəyişəndən sonra kadr dəyişikliyi məcburi idi və Mədəniyyət nazirinin əmri ilə bədii rəhbər vəzifəsinə Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə təyin olundu. Mehriban xanımın rejissor kimi bacarığı, savadı, iş prinsipi və prinsipiallığı barədə geniş danışmağa ehtiyac yoxdur, məncə. Əvvəlllər də bizim teatrda uğurlu tamaşalar hazırlayıb, o, kollektivi, biz də onu yaxşı tanıyırıq.

Şəxsən mən öz düşündüklərimə və müşahidələrimə görə deyə bilərəm ki, yeni bədii rəhbər çox ciddi işlərə başlayıb, teatrımızın adına, kollektivin potensialına uyğun layihələri var. Bu gün teatrımızda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun “Gün var əsrə bərbər” əsəri əsasında “Əsrə bərabər gün” tamaşasının məşqləri gedir. Bu əsərə Mehriban xanım özü quruluş verir və mənə də Mühəndis rolunu tapşırıb. Çox monumental bir səhnə əsəri olacaq, inşallah.

Müsahibə boyu söhbət açdığımız “Dantenin yubileyi” tamaşasının uğurunu da Mehriban xanımın gördüyü işlərin adına yazmaq olar, çünki Ərşad Ələkbərovu yenidən bizim teatra o dəvət edib. Hazırda daha bir istedadlı gənc rejissor tamaşa hazırlayır, Nihad Qulamzadə Şıxəli Qurbanovun “Sənsiz” pyesinə quruluş verir, qarşıdakı günlərdə yeni tamaşanın premyerası olacaq.

Kollektivlə ilk görüşündə də Mehriban xanım dedi ki, ayrı-ayrı rejissorlar vaxtaşırı teatrımıza dəvət ediləcək. Şəxsən mən bu fikri alqışlayıram və hətta istərdim ki, başqa ölkələrdən xarici rejissorlar da gəlsin, fərqli düşüncəli, fəqrli mədəniyyətlərə məxsus insanlarla işləmək aktyorun da inkişafına kömək edir. Belə rejissorlara teatrımızda qapıların bağlı saxlandığı dövrləri də görmüşük və teatrın təcriddən aldığı ziyanın nəticələri də məlumdur.

Etibar CƏBRAYILOĞLU
Mənbə: Reyting.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Dünyapress TV

Xəbər lenti