Dövlət Gömrük Komitəsinin son hesabatına əsasən, cari ilin yanvar ayında Azərbaycandan 1 709 ton nar ixrac olunub ki, bunun da statistik dəyəri 1 milyon 489 min dollar təşkil edib. 2023-cü ilin eyni dövründə isə ixracın həcmi 2 691 ton, dəyəri isə 3 milyon 365 min dollar olub.
Bu da onu göstərir ki, ixracın həcmi 982 ton və ya 36.5%, dəyər ifadəsilə 2,3 dəfə, yəni 1 milyon 876 min dollar və ya 55,75 faiz azalıb.
Azalmaya səbəb nədir?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimov, cari mövsümdə nar yığımının və nar məhsullarının emalının həcminin artdığını bildirib:
“Həm əkində, həm də yığımda ciddi artım var. Qiyməti də öz səviyyəsini qoruyub saxlayır. Üstəlik daxili bazarda da nara tələbat ciddi artıb. Hətta narşərab, şirə və digər nar məhsullarının istehsal həcmində də artım müşahidə olunur”.
Bunu yaxşı hal kimi dəyərləndirən ekspert, ixracın azalmanın əsas səbəblərinə də diqqət çəkib:
“Bu gün əksər kənd təsərrüfatı məhsullarımızın əsas ixrac istiqaməti MDB ölkələridir. Daha çox isə Rusiya, Ukrayna və Belarusdur. Bu gün isə Rusiya və Ukrayna arasında müharibə gedir. Bizim əsas çıxışımız Rusiyanın qərb bölgələrinədir. Ölkənin şərqinə, eləcə də orta vilayətlərinə isə heç bir çıxışımız yoxdur. Bu da ixracın bizə maddi cəhətdən baha başa gəlməsi ilə bağlıdır”.
Onun sözlərinə görə, Rusiya ilə ticarət dövriyyəmiz yaxşı olsa da, gəlirlərimiz dönərli valyuta ilə deyil, rublladır:
“Halbuki, gəlirlərimizi dönərli valyutaların biri ilə əldə etmək daha sərfəlidir. Bundan başqa, son dövrlər adları çəkilən ölkələrin istehlak bazarlarındakı ciddi tələbat azalması baş verməkdədir. Məhz bu iki məsələ ixrac potensialımızın azalmasına gətirib çıxarır”.