“Bayramlardan öncə tələbat çoxaldığına görə qiymətlərin kəskin artımının şahidi oluruq”.
Bu fikirləri Novruz bayramı ərəfəsində ərzaq və digər məhsulların qiymətlərinin artmasına münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, mövcud təcrübə Azərbaycanda bu il də bayramqabağı məhsulların qiymətində artım olacağını göstərir:
“Təcrübə Azərbaycanda bayramqabağı qiymətlərin daha da qalxacağını göstərir. Ona görə ki, ən az gəliri olan, aztəminatlı təbəqə də bayram bazarlığı edir. Satıcılar da bundan maksimum dərəcədə istifadə etməyə çalışır. Düşünürəm ki, bu bahalaşma, əsasən, ərzaq məhsullarında özünü göstərəcək.
Bəzi ənənəvi endirimli reklam kampaniyaları da bazarda hələ ki müşahidə olunmur. Hər il olduğu kimi, bu bayram dönəmində də qiymətlərdə artım baş verir. Əgər həmin məhsulları satan şəxslər inhisarçı deyilsə, fikrimcə, burada qeyri-qanuni heç nə yoxdur. Qiymət artımı ümumi qaydada baş verirsə, bu özünü bütün məhsullarda göstərir. Yəni burada inhisarçılıqdan yox, tələb və təklifdən söhbət gedə bilər”.
Bu barədə Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, artım trendi aprel ayına qədər davam edəcək:
“Azərbaycan reallığını götürsək, ölkəmizdə hər dəfə bayramlar ərəfəsində qiymət artımı müşahidə olunub. Düşünürəm ki, biz yenə də eyni mənzərə ilə qarşılaşacağıq. Bayramlardan öncə tələbat çoxaldığına görə qiymətlərin kəskin artımının şahidi oluruq. Məncə, artım trendi ən azı aprel ayına qədər davam edəcək. Aprel-May aylarında müəyyən səngimə gözlənilsə də, yay aylarında bəzi məhsullarda ucuzlaşma ola bilər”.