Dövlət əmlakının özəlləşdirilməsi zamanı yerli, eləcə də xarici investorlar cəlb edilə bilər. Bu baxımdan, xarici investorlarla təmaslar qurulur, zəruri məlumatlar verilir. Azərbaycan dövləti özəlləşdirmədə xarici investorların iştirakında maraqlıdır.
Modern.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisi Mətin Eynullayev jurnalistlərə açıqlaması zamanı bildirib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və digər iri dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məsələyə toxunan M.Eynullayev qeyd edib ki, Prezident İlham Əliyevin özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib. Həmin sərancamda 8 özəl müəssisəsinin də adları var.
Siyahıda Dövlət Neft Şirkətinin Karbamid zavodu, Etilen-Polietilen zavodu və Metanal zavodu olmaqla 3 iri müəssisənin də olduğunu deyən xidmət sədri vurğulayıb ki, bu sırada “AzerGold” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC və “Azərbaycan Beynəlxalq Bankı” ASC kimi qurumlar da yer alıb: “Bu qurumlar özəl sektora açıqdır. Burada həm də dövlətin payının azaldılmasından söhbət gedir. Bu zaman yerli investorlar da iştirak edə, öz paylarını əldə edə bilərlər”, - deyə M.Eynullayev nəzərə çatdırıb.