Sovetlər dönəmində Azərbaycanda bir sıra camışçılıq təsərrüfatları olsa da get-gedə bu heyvanları saxlayanların sayı kəskin azalıb. Cənubi Qafqaz ölkələrindən əsasən Azərbaycan mühitinə uyğunlaşmış bu heyvanların sayının azalmasını statistik rəqəmlər də təsdiqləyir. Bir neçə il öncə ölkədəki camışların sayı 330 min idisə hazırda bu heyvanların sayı kəskin surətdə azalmaqdadır. Əvvəl bu heyvanın inəklərə nisbəti 50% idisə indi bu nisbət 10%-dən də aşağı düşüb.
Təsərrüfat sahibi olaraq ölkəyə Avropa, Hindistan və ya Pakistandan yeni yüksək məhsuldarlıqlı növlərin gətirilməsində maraqlı olmalıyıq, çünki, ölkəmizdə bu heyvanlar artıq cırlaşmaya doğru gedib. Məlumdur ki, adı çəkilən ölkələrdəki camışların məhsuldarlığı ölkəmizdə bəslənən heyvanların məhsuldarlıq fərqindən 3 dəfədən artıqdır.
Problemin başqa çıxış yolu süni toxumlama olsa da Dövlət Toxum Mərkəzində toxumu alınan camış kəlininin mənşəyinin nə olduğunun bilinməməsidir. Heç olmasa süni toxumun başqa ölkələrdən gətirilməsi də biz təsərrüfatçılar üçün də əlçatmaz olub.
Bir neçə dəfə ölkəyə yeni yüksək məhsuldarlıqlı camış cinslərinin gətirilməsi üçün müraciət etsəm də camışlarda inəklər kimi nəsil uçotunun aparılmasını əsas gətirərək AKİA bu sahəyə 40% subsidiya vermir. Bu da xaricdən gətirilən hər camışa 100% ödəniş etmək deməkdir, belə hal bu sahəyə marağı olan sahibkarlara sərf etmir.
Dövlət inəkləri süni toxumlayıb buzov alan fermerlərə 100 manat dəstək verir, nə hikmətdirsə kəskin sayı azalan camışlara bu təşviq tətbiq edilmir.
Sadaladığım çətinliklər müqabilində insanlaımız həm camış südünün həm də ətinin saymaqla bitməyən faydalarından məhrum olur, bununla da onlar iqtisadi baxımdan daha az gəlir verən sahələrə yönəlirlər.
Kənd təsərrüfatının inkişafını diqqətdə saxlayan dütün inkişaf etmiş dövlətlərdə olduğu kimi qardaş Türkiyədə illərdir bu sahəyə dövlət dəstək verir, aldığımız məlumatlara görə artıq orada camışçılıq inkişaf mərhələsindədir.
Dövlət Gömrük Komitəsinin verdiyi Xarici Ticarətin Vəziyyəti Haqqında arayışda Azərbaycana xaricdən gətirilən ət və ət məhsulları, süd və süd məhsulları siyahısına baxdıqda Azərbaycandan bu məhsullara il ərzində 1 milyard ABŞ dolları xərclədiyi aydın olur, halbuki bizim ölkədə bu sahəni inkişaf etdirmək üçün kifayət qədər imkanımız var. Biz bu sahəni nəzarətdə saxlamaqla nəinki özümüzü təmin edərik, hətta özümüz xarici dövlətlərə bu məhsulları ixrac etməklə ölkəmizə valyuta gətirə bilərik.
Kərim Kərimli
TEREF: Xocanın Blogu