Millimizin və “Qarabağ” futbol klubunun əsas qapıçısı Şahruddin Məhəmmədəliyev ötən gün “Rakov” klubuna qarşı sərgilədiyi biabırçı oyunla yerli azarkeşlərin əsas tənqid hədəfinə çevrilib.
Təcrübəli qolkiperin Qarabağ üçün tarixi oyunlardan birində adi epizodlarda komandanı çətin vəziyyətdə qoyması, qələbədən etməsi futbolsevərlərin böyük narazılığına səbəb olub. Ş. Məhəmmədəliyevin bu səhvləri birinci dəfə etmədiyi, sistematik hal aldığı, amma buna görə cəzalanmadığı qeyd olunub.
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov da azarkeşlərin tənqidinə tuş gəlib. Onlar uzun illərdir “köhlən atlar”ın sükanı arxasına keçən, bir dönəm milli komandamızı da çalışdıran Qurbanovun israrla bu qapıçını əsas heyyətdə saxlamasına etiraz ediblər.
Tənqidlər öz yerində. Emosiyaların olması, insanların hisslərlə davranmasını başa düşmək olar. Bəs faktiki zərər nədi?
Şahruddin Məhəmmədəliyevin son 2 ildə yol verdiyi kobud, birbaşa nəticəyə təsir edən səhvləri maddi olaraq nə qədər zərərə başa gəlib, klub nə qədər maliyyə itirib?
Teref.az “Rekord.az”-a istinadla bu statistikanı təqdim edir:
1. 25 noyabr 2021-ci il.
“Qarabağ” – “Omoniya” (Kipr) 2:2
Konfrans Liqası(KL). H qrupu.
90-cı dəqiqədə 10 nəfərlə qalan kiprlilərin forvardı Xordi Qomes meydanın mərkəzindən qol vurur. Şahruddinin kobud səhvi var. Etibarlı mənbənin verdiyi məlumata görə, oyundan öncə baş məşqçi “Qomes uzaqdan zərbələr vurur, qabağa çıxma” tapşırığını verib. Amma Şah buna riayət eləməyib. Nəticədə xal itkisi və qrupu 1-ci bitirmək perspektivinin minimuma enməsi.
- KL-də qrupda qələbəyə verilən pul: 500 min avro.
- KL-də qrupda bərabərliyə verilən pul: 166 min avro.
Faktiki itki: 334 min avro.
- KL-də qrup liderliyi üçün mükafat: 650 min avro.
- KL-də qrupda 2-ci olmağa görə mükafat: 325 min avro.
İtki: 325 min avro.
Əlavə olaraq
- Birbaşa 1/16 finala çıxış bonusu: 600 min avro.
- Nokauta (pleyf-off) çıxış bonusu: 300 min avro.
İtki: 300 min avro.
Bir səhvin başa gəldiyi toplam itki: 959 min avro.
2. 23 avqust 2022-ci il.
“Viktoriya” (Çexiya) - "Qarabağ" 2:1.
Çempionlar Liqası. Pley-off.
Şahruddin “məhşur” qabağa çıxışını edir, meydan sahibləri rahat fərqlənərək qələbənin təməlini qoyurlar. Nəticədə “Qarabağ” Çempionlar Liqasının yox, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır.
- Çempionlar Liqasının qrupuna vəsiqə üçün mükafat: 15 milyon 640 min avro.
Ətraflı
- Avropa Liqasnın qrupuna vəsiqə üçün mükafat: 3 milyon 630 min avro.
Faktiki itki: 12 milyon 10 min avro.
3. 27 oktyabr 2022-ci il.
“Nant” (Fransa) – “Qarabağ” 2:1
Avropa Liqası. G qrupu.
Şahruddin səhv ötürməylə topu rəqibə verir və fransızlar qol vuraraq qələbə üçün böyük üstünlük qazanırlar (O qol olmasaydı, oyun bərabərlik bitə bilərdi. Bəli, futboldu, öncədən proqnozlaşdırmaqolmur, amma reala yaxın durum məhz belə idi). Nəticədə “Nant” qrupda 2-ci olaraq Avropa Liqasının pley-offuna, “Qarabağ” isə 3-cü olaraq Konfrans Liqasına vəsiqə qazanır.
Avropa Liqasında qrupda bərabərlik üçün mükafat: 210 min avro.
İtki: 210 min avro.
- Avropa Liqasının qrupunda 2-ci olmaq üçün bonus: 550 min avro.
- Avropa Liqasının pley-offuna (nokaut) çıxış üçün əlavə bonus: 500 min avro.
- Konfrans Liqasının pley-offuna çıxış üçün bonus: 300 min avro.
İtki: 750 min avro.
Toplam itki: 960 min avro.
4. 26 iyul 2023-cü il.
“Rakuv” (Polşa) – “Qarabağ” 3:2.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi.
Kobud səhvlərlə yadda qalan Şah "Qarabağ"ı faktiki qələbədən etdi. Bu səhvlər nəticəsində komanda turu keçə bilməsə 380 min avro itirəcək. Bu günə olan itki ehtimalı: 380 min avro.
Beləliklə, son 2 ildə Şahruddinin kobud səhvləri nəticəsində klub 14 milyon 309 min avro faktiki itki edib. Növbəti mərhələlərdə qazanılacaq qələbələr, daha böyük klublarla oyunlardan əldə edilə biləcək digər mümkün gəlirləri heç saymıram. Adicə ötən il “Barselona”, “Bavariya” və “İnter”li qrupda oynamağın nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Həmçinin Məhəmmədəliyevin digər, səhv etdiyi, amma komandanın müsbə nəticə qazanaraq unutdurduğu oyunları da bura aid edilməyib.
Son nəticə: 14 milyon avro. Təxminən 27 milyon manat.
Çox böyük rəqəmdi. Nəticə çıxarmaq, bu nəticəyə səbəb olanı çıxarmaq lazımdır. Qurbanovun hər dəfə oyunçularının müdafiəsinə qalxmasını müəyyən mənada başa düşmək olar. Çünki nəticə etibarilə Qurbanov məşqçidir və o, oyunçusuna yönələcək tənqidlərin şiddətini bir qədər azaltmaq adına bu cür reaksiya verə bilər.
Qurbanovu bir kənara qoysaq, bəs klubun Prezidenti Tahir Gözəl, İdarə Heyyətində təmsil olunan şəxslər niyə bu məsələdə dözümlülük nümayiş etdirirlər? Niyə bu “toxunulmaz” qapıçı ilə bağlı heç bir cəza tədbiri görülmür? Niyə “Qarabağ” klubuna etibarlı qapşıçı alınmır? Burada hansı maraqlarvar?
Ümid edirik ki, rəhbərlik bu suallara cavab verəcək və peşəkarlıqdan uzaq hərəkətlərə yol verən belə oyunçularla bağlı ölçü götürəcək!