"Montsa", "Adana Dəmirspor" və "Breşia"da uğursuz macəralardan sonra İsveçrəyə üz tutan Avropanın ən mübahisəli oyunçularından italiyalı futbolçu Mario Balotelli "Sion"da da qalmaqala səbəb olub.
Məlumatı "Blick" portalı yayıb.
Xəbərə görə, İtaliya millisinin üzvü hələ ötən mövsümöncəsi İspaniyadakı təlim-məşq toplanışı zamanı komandasının məşqini buraxıb. O, vaxtının çoxunu otel otağında təsadüfi qadınları dəvət edərək keçirib. Gecə məclislərinin birindən sonra ertəsi "Ştutqart"la yoldaşlıq görüşünə gedə bilməyib. 32 yaşlı futbolçunu tənqidlərdən xilas etmək istəyən İsveçrə klubu italyan futbolçunun yoxluğunun onun səhhətindəki problemlə bağlı olduğunu bildirib.
Son qalmaqal isə "Sion" klubunun prezidenti və idman direktoru Bartelemi Konstantinin iştirakı ilə baş verib. Klub rəhbəri oyunçusunu karnaval tədbirlərindən birinə aparıb. Bu münasibətlə o, “Pul evi” serialının personajı kimi geyinib. Balotelli restoranda "Pikaçu kostyumu"nda görünüb. Bir anda onu qonaqlardan biri tanıyıb və şəklini çəkməyə çalışıb. Əsəbiləşən oyunçu ona hücum çəkərək yumruqlarını işə salıb. İtalyanın başlatdığı gərginliyi Bartelemi aradan qaldırıb.
Qeyd edək ki, dəfələrlə meydandan kənarda etdiyi davranışla gündəmə gələn 32 yaşlı forvard "Sion"un heyətində 18 oyun keçirib və 6 qol vurub. \\Fanat.Az