Dünən həbs xəbəri yayılan Gömrük Komitəsinin Aksizli mallar İdarəsin rəisi, general-leytenant Vəzir Həsənov iş başındadır. DİA.AZ bildirir ki, Bakupost.az -ın əməldaşı xəbəri dəqiqləşdirmək üçün generala zəng edib. O, yayılan məlumatın cəfəngiyat olduğunu bildirib: “Hazırda işdəyəm. Bu gün tədbirlərimiz var, peşə bayramımıza hazırlaşırıq”. İki gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi komitənin Şimal ərazi Baş gömrük İdarəsində, Cənub ərazi Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində anti-korrupsiya əməliyyatı keçirib. Baş Prokurorluğun Mətbuat Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Habelə qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.