RT-nin baş redaktoru Marqarita Simonyan Ermənistanın baş naziri Nikol Paşinyanı satqın və degenerasiyaya uğramış şəxs adlandırıb.
Publika.az xəbər verir ki, jurnalist bu barədə Teleqram kanalında yazıb. O, Ermənistan ərazisinə girişinin qadağan olunmasına münasibət bildirib.
Məlumat üçün bildirək ki, Paşinyan açıqlamasında qeyd edib ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, media meneceri Marqarita Simonyan və jurnalist Aram Qabrelyanova hakimiyyətin ünvanına hörmətsiz ifadələr işlətdikləri üçün onların Ermənistana girişi qadağan olunub.
"Heç vaxt heç bir dəhlizlə bağlı heç nə deməmişəm, amma şəxsən Paşinyan haqqında demişəm və danışacağam ki, o, tənəzzülə uğrayıb, həm də satqındır, xəyanət edib sata biləcəyi bütün erməni maraqlarını satıb. O, hələ sata bilmədiklərini də satacaq və xəyanət edəcək. O, Rusiyaya nifrət edir və Putini aldadır, o, bütün qəddar satqınlar kimi, şərəfsiz və vicdansızdır”, - Simonyan əlavə edib. Məhz bu sözlərə görə onun girişinə qadağa qoyulub.
O, həyatında cəmi iki dəfə Ermənistanda olduğunu vurğulayıb və özünü əsl erməni adlandırıb. Media meneceri gələcəkdə “Paşinyan rejimi” altında Ermənistana getməyəcəyinə də aydınlıq gətirib. “Nə hörmətsizlik, əfəndi? Hörmətsizliyi qazanmalısan. Sən isə əfəndi, nifrət zonasındasan. Odur ki, ifadənizi düzəldin. “Marqarita Simonyan indiki hakimiyyətdən iyrəndiyi üçün Ermənistana buraxılmayıb”, - jurnalist yekunda vurğulayıb.