Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
İlham Əliyev görüş zamanı bir neçə məsələlər toxunub. Ən diqqət çəkən məqam isə Ermənistanda revanşist ideyalarla bağlıdır.
Prezident bildirib ki, onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər:
“Biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir”.
Bu gün Ermənistanda keçmiş prezidentlər Sarksyan və Koçaryan da daxil olmaqla revanşizm hissi ilə yaşayan və hakimiyyətə can atan qüvvələr var. Həmin qüvvələr niyyətlərini açıq bəyan edirlər və hakimiyyətə gələrək yenidən müharibəyə başlamaq planları qururlar.
Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, ümumiyyətlə, xalqların davranışına təsir göstərən faktorlar var:
“Onların coğrafi mövqeyi, tarixi, genetikası və sosial münasibətlər sistemindəki yeri kimi nüanslar misaldır. Ermənilər tarix boyu dövlətçiliyə malik olmadıqlarına görə onların davranışlarını nəsildən-nəsilə ötürdükləri miflər və uydurma əsatirlər müəyyənləşdirir. “Böyük Ermənistan” xülyası ilə yaşayıb və sözdə erməni soyqrımı məsələsini şişirdərək bu günə qədər gətirən xalqa daimi şəkildə düşmən lazım olub. Mifoloji düşmən obrazı ilə siyasətini müəyyənləşdirən xalq üçün revanşizm həmişə gərəklidir. Belə xalqında revanşizm hisslərindən istifadə edən insanlar daim olacaq. İndiki halda Ermənistanda müxtəlif yollarla rəhbərliyə gəlmək istəyən şəxslər insanların həssas nöqtələri üzərində siyasət quraraq hakimiyyətə can atırlar. Hazırda Sarkisyan və Köçəryanın hakimiyyətə gəlmək şansı isə çox aşağıdır. Çünki hər iki şəxs korrupsiyaya batmış, öz mənfur maraqlarını güdən insanlar idi. Ona görə də xalq hazırda onlara etimad bəsləmir. Ermənistanda kilsə revanşist toxumların inkişaf etməsi üçün hər cür səy göstərir. Əgər Baqrat Qalstanyan hakimiyyətə gələrsə, Ermənistan siyasəti revanşizmə əsaslanacaq. Azərbaycan da bu baxımdan daimi şəkildə Ermənistandan gələn təhlükələrə hazır olmalıdır. Oliver Kromvelin məşhur “Tanrıya inan ancaq, barıtını da quru saxla” ifadəsi var. Azərbaycan da Ermənistanın vədlərinə inanmalı deyil və təxribatlara hazır olmalıdır. Ermənistanın Yunanıstan, Hindistan və Fransadan intensiv şəkildə silah alması növbəti müharibəyə hazırlıqlar apardığını göstərir”.