“Erməniçiliyin bu aydın görünən niyyətlərinin qarşısını almalıyıq, heç bir provokasiyaya uymadan, səbir və təmkinlə. Beynəlxalq müstəvidə də təbliğat fəaliyyətimizi gücləndirmək şərti ilə...”
Azərbaycan regionda əmin-amanlıq, sabitlik, Qarabağda nizamlı və qanunlar çərçivəsində yaşayış üçün lazım və vacib olan bütün addımları atır. Təbii ki, bu işlər sırasında sərhədlərin möhkəmləndirilməsi, bütün məntəqələrdən keçidin Azərbaycan Konstitusiyasına və beynəlxalq normalara uyğunlaşdırılması üçün – başqa sözlə, təhlükəsizliyin təmini üçün atılan addımlar da var.
Postmüharibə dövründə sülhməramlılar təhlükəsizliklə bağlı öz üzərinə düşən vəzifələri icra etmədiyinə görə, Azərbaycan bu işi də özü icra edir. Xüsusilə Laçın yolundan qanunsuz istifadə ilə bağlı ötən ilin dekabrından bəri vətəndaş cəmiyyəti və dövlətimiz mühüm addımlar atır. Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki qanunsuz daşımalar, ekoterrora son qoyulması üçün fəallar bir neçə ay Xankəndi-Laçın-Gorus yolunda davamlı aksiyalar keçirdilər. Sonda həmin yola nəzarət Azərbaycanın müvafiq qurumlarının nəzarətinə alındı. Ardınca Azərbaycanın Laçın-Gorus arasında sərhəd-keçid məntəqəsi yaradıldı. Məsələnin qısa məğzi budur: Qarabağdakı erməni əhali ilə bağlı məsələlərin həlli, təhlükəsizlik tədbirləri Azərbaycanın daxili işidir, sərhədlərimizi tam nəzarətə almaq də Konstitusiyamızın və beynəlxalq normaların, qaydaların birmənalı tələbidir. Yəni hansısa “Laçın dəhlizi”ndən söhbət gedə bilməz. Azərbaycan-Ermənistan usərhədindən keçən hər kəs və hər bir yük rəsmi şəkildə qeydə alınmalıdır. Bunun alternativi yoxdur və ola bilməz. Ancaq son iki gündə Ermənistan həm Avropadakı, həm də Rusiyadakı fitvaçılarının tələbi ilə Gorus istiqamətindən Laçın yolu vasitəsilə 19 TIR-la humanitar yük adı altında Xankəndiyə yük daşımağa cəhd edir. Təbii bu bir şoudur və təəssüf ki, bir sıra Avropa təsisatları, Avropa dövlətləri də bu şouda iştirak edirlər. Fransanın Azərbaycandakı səfiri isə əndazəni ənənəvi olaraq tam aşaraq, deyib ki, Bakı Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına təminat verməyə borcludur. Bu nadanlıqdan başqa bir şey deyil! Faktiki olaraq Fransa Azərbaycandan sərhədlərini nəzarətsiz buraxmağı tələb edir! Qanuni yol var, Ağdam-Xankəndi yolu, oradan humanitar yüklərin daşınması üçün bütün şərait var. Eyni zamanda Ermənistan qarşısında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya yaratmaqla bağlı 10 Noyabr Bəyanatında götürdüyü öhdəliyə əməl etmək tələbi qoyulmalıdır...
Ermənilərin və havadarlarının TIR şousu ilə bağlı Azərbaycanın mövqeyi qətidir. “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra tviterdəki paylaşımında bildirib. H.Hacıyev qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar: “Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib. Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!”...
Beynəlxalq təşkilatlar, ermənilərə canı yananlar əslində, onları anlatmalıdır ki, Azərbaycan davranışlarında tam haqlıdır. Ancaq 26 və 27 iyulda biz şahidi olduq ki, Aİ missiyası, bəzi qərəzli təşkilatlar və dövlətlər anormal çağırışlar edilər. Bununla da separatçı rejimi təxribatlara sövq edirlər. Məqsəd nədir? Bölgədə sabitliyə imkan verməmək üçün hər cür oyunları quranlar bununla nəyə nail olmaq istəyir? Burada bir məqam da sezilir ki, təxribatların arxasında hazırda aparılan sülh və reinteqrasiya danışıqlarını pozmaq məqsədi dayanır. Brüsseldə verilən bəzi nikbin bəyanatlardan sonra Rusiyada baş tutan XİN başçılarının nəticəsiz görüşündən dərhal sonra TIR şousu təsadüfi deyil və sonda erməniləri silahlı müqavimətə də sövq edə bilərlər.
DİA.AZ-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, TIR şousuna görə Ermənistan qədər onun havadarları da məsuliyyət daşıyır: “Ermənistan rəsmilərinin açıqlamaları da göstərir ki, onlar uzun müddətdir bu şouya hazırlaşırlar. Eyni zamanda Fransanın və bir sıra dövlətlərin bəyanatı göstərir ki, onlar da bölgədə gərginliyin yaranmasında maraqlıdırlar. Hər kəsə məlumdur ki, Qarabağ Azərbaycan ərazisidir. Azərbaycanın razılığı olmadan heç kim bu ərazilərə daxil ola bilməz. Eyni zamanda bu təxribatlar bölgədə heç nəyi dəyişə bilməz”.
Ceyhun Məmmədov əlavə etdi ki, erməni revanşçıları dəstəkləyənlər bölgədə gərginlik yaratmaq əvəzinə sülhün gəlməsinə töhfə verməlidirlər: “Azərbaycanın suveren ərazisinə qarşı ən kiçik təxribatın belə qarşısı qətiyyətlə alınacaq”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov əvvəlki yazılarına və çıxışlarına istinad edərək bir xatırlatmasını bölüşdü: “Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra Azərbaycanla yenidən müharibəyə başlamağın onlar üçün nə dərəcədə ağır nəticə verəcəyini bilir və bu səbəbdən müharibəni ayrı cəbhələrə keçirib. İlk növbədə informasiya müharibəsini bütün cəbhəboyu genişləndirib, ikincisi, Azərbaycana qarşı beynəlxalq hüquq müstəvisində dava açıb. Hər iki istiqamət üzrə fəallaşmaqda davam edirlər”.
S.Məmmədov qeyd etdi ki, son günlər səhnələşdirilən siyasi tamaşa səbəbsiz deyil: “Qarabağdakı cinayətkar və oyuncaq rejimin son günlərdə təşkil etdiyi aksiyalar, o cümlədən guya ermənilər yaşayan ərazilərdə humanitar fəlakətin olması ilə bağlı yaydıqları bəyanatlar, mağazaların guya boş olmasını nümayiş etdirən şəkillər, həmçinin Ermənistanda dəstək aksiyaları və nəhayət, ”TIR aksiyası"nın da məqsədləri aydındır. Birincisi, informasiya müharibəsində üstünlüyü əldə etmək və bütün dünyaya Azərbaycanın “xristian ermənilərə qarşı soyqırım törətməsini” “sübut etmək” və maksimum beynəlxalq həmrəyliyə nail olmaq, ikincisi isə Ermənistanın beynəlxalq hüquq müstəvisində başladığı, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsində başlatdığı məhkəmə çəkişməsində üstünlüyü ələ almaqla iddialarınının ən azı qismən də olsa, təmin olunmasına nail olmaq".
STM rəsmisi bildirdi ki, Ermənistan özü təpədən-dırnağa qədər irqçi bir dövlət olsa da, Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət verib: “Ermənistanın və Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi şikayətləri BMT-nin ”İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya" ilə bağlıdır. İddialar həmin Konvensiyanın 22-ci maddəsinə istinad edərək verilib. Bu baxımdan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən veriləcək istənilən qərar tərəflər üçün hüquqi qüvvəyə malik olacaq. İndi də onun üçün “sübutlar” toplamaqla məşğuldur. Bütün bu şouların, aksiyaların arxasında qlobal informasiya məkanında hay-küy salmaq və beynəlxalq hüquq müstəvisində üstünlüyü ələ almaq niyyəti durur. Laçın yolundakı provokasiyalar da buna hesablanır. Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindəki şikayətə mahiyyəti üzrə baxılana qədər artıq müvəqqəti və təxirəsalınmaz tədbirlərlə bağlı vəsatətlər verib və onlardan sonuncusu rədd edilsə də, əvvəlkində Laçın yolundan sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin maneəsiz keçidinə şəraitin yaradılması tələbi qoyulub. Ermənistan bu aksiyaları ilə Azərbaycan tərəfindən BƏM-in qərarının “icra olunmadığı” görünütüsünü yaratmaq istəyir, halbuki yol açıqdır və ermənilər də ordan sərbəst istifadə edə bilir".
S.Məmmədov əlavə etdi ki, həmçinin Azərbaycan dövləti daha əlverişli variantlar təklif edir və bu təklif prinsipcə Brüssel görüşündə bəyənilmişdi: “Amma bu, erməniçiliyi təmin etmir. Onların son məqsədlərindən birini Ermənistan Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi olmuş Alvina Gülümyan yerli erməni mətbuatına açıqlayıb. Hakim qeyd edib ki, ”Hər şey təkcə Azərbaycandan deyil, həm də Ermənistandan asılıdır. Azərbaycan tələbi yerinə yetirməzsə, nəticəsi zədələnmiş beynəlxalq reputasiya ola bilər. Lakin məsələ davamlı olaraq qaldırılmalıdır, əks halda, beynəlxalq ictimaiyyət bunu sadəcə unudacaq. Ancaq bu barədə davamlı olaraq məsələ qaldırsaq, bu, Azərbaycanın beynəlxalq reputasiyasına ciddi zərbə olacaq. İkinci varianta görə, bu qərar daha uzaq məqsəd üçün - “artsax məsələsi”ndə istifadə edilə bilər. Və daha çətin olan üçüncü seçim, məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi və lazımi qətnamənin qəbulu və sanksiyaların tətbiqinə nail olmaqdır. Bu da mümkündür və biz buna nail olmalıyıq". Beləliklə, erməniçiliyin məqsədləri kifayət qədər aydındır. Erməni “həqiqətləri”nin, o cümlədən sonuncu “TIR şousu”nun dünyaya geniş şəkildə təqdim edilməsi üçün Avropa İttifaqının missiyası adlanan qrup lap dəridən-qabıqdan çıxır. Onlar müxtəlif ölkələrdən gətirdikləri muzdlu jurnalistləri və “insan hüquqları müdafiəçilərini” də vizual müşahidə üçün çağırıblar. Bundan əvvəl isə Ermənistan Laçın yolu ilə bağlı bir sıra beynəlxalq təşkilatların o cümlədən Aİ parlamentiniun yalan dolu bəyanatlarını və qətnamələrini əldə edə bilib. İstənilən halda erməniçiliyin məqsədləri aydındır. Amma biz də erməniçiliyin bu aydın görünən niyyətlərinin qarşısını almalıyıq, heç bir provokasiyaya uymadan, səbr və təmkinlə. Beynəlxalq müstəvidə də təbliğat fəaliyyətimizi gücləndirmək şərti ilə..."
Yazı çapa hazırlanarkən Ermənistan və havadarları “TIR şousu”nu davam etdirirdilər. Azərbaycan XİN Fransanın da qərəzli mövqeyinə sərt cavab verib, eyni zamanda Ermənistanın qanunsuz addımları, təxribatları, o cümlədən Laçındakı sərhəd postumuzu atəşə tutması kimi faktları xatırladıb. Amma bütün bunları görməzdən, eşitməzdən gəlir erməni felinə düşənlər.